Razılaşın ki, mənzil seçərkən, düşündüyümüz ən son şey hansı mərtəbənin sağlamlığımız üçün daha əlverişli olmasıdır. Yaxşı halda rahatlığımız, pəncərəsindən açılan gözəl mənzərə, prestijli olması ön plana çəkilir.
Halbuki, mənzilin yerləşdiyi hündürlük,
bu və ya digər dərəcədə yaşam keyfiyyatınə və əlbəttə ki, insan sağlamlığına
təsir göstərir. Həm aşağı, həm də yuxarı mərtəbələrin öz çatışmazlıqları var.
Onlardan hansı daha zərərlidir və
ümumiyyətlə zərərlidirmi - daha ətraflı nəzərdən keçirək.
Bəziləri aşağı mərtəbələrdə yaşamağı tərcih
edir: pəncərədən küçə aydın görünür və heç yerə qalxmaq lazım deyil, fövqəladə
hallarda evi rahatlıqla tərk etmək imkanı var. Hündür mərtəbələrə üstünlük
verənlər isə açılan gözəl mənzərəyə, yad adamların pəncərənizə baxmaq və ya
mənzilinizə daxil olmaq imkanının məhdud olmasına dəyər verir.
Bəs hansı variant sağlamlığımız üçün
əlverişlidir?
Aşağı mərtəbələrdə yaşayanlar tez-tez tənəffüs sistemi xəstəliklərindən və enmiş immunitetdən əziyyət çəkirlər. Yuxarı mərtəbələrdə yaşamağı üstün tutanlar isə daha çox baş ağrılarından, əsəb gərginliyindən, qeyri-stabil arterial təzyiqdən şikayətlənirlər.
Mütəxəssislərin fikrincə, birinci və ya
ikinci mərtəbədə yaşamaq rütubətli, çox vaxt kif göbələkləri ilə zəngin zirzəmiyə
yaxın olmasına görə təhlükəlidir. Bundan başqa, yaxınlıqda olan maqıstraldan
keçən və yaxud evin yaxınlığında parklanmış avtomobillərin mühərrik qazları, ilin
isti günlərində asfaltdan qalxan toz və buxar da sağlamlığa mənfi təsir
göstərir. Bu aqressiv maddələrə qarşı orqanizmimiz, əsas etibarı ilə, xroniki xəstəliyi
olan və ahıl yaşlı adamlar müqavimət göstərə bilmir. Nəticədə aşağı mərtəbədə
yaşayan adamin orqanizmində karbon oksidi, aldehidlər, kükürd, ağır metallar
toplanır. Bu, yaxın və ya uzaq perspektivdə ağ ciyər sisteminin, LOR orqanlarının
xroniki xəstəliklərinə, vazomotor rinit, hətta bronxial astmanın inkişafına yol
açır.
Habelə, aşağı mərtəbədə yaşayış immuniteti
zəiflədir, bunun nəticəsi olaraq insan tez-tez və davamiyyətli respirator xəstəliklərdən
və ümumi zəiflikdən əziyyət çəkir.
Evin ətrafında çoxlu tikililər varsa, çox zaman bu belə də olur,
havanın sirkulyasiyası zəifləyir. Nəticədə toz və adı çəkilən mühərrik qazları
uçub getmir, uzun müddət eyni yerdə qalır. Tədricən onların konsentrasiyası,
eləcə də, havanın tərkibində zərərli maddələrin faiz nisbəti
artır. Zəif respirator aparata malik, allergiyaya
meyilli və digər xroniki xəstəlikləri olan adamlar üçün bu heç də yaxşı bir şey
vəd etmir.
Bundan başqa, aşağı mərtəbələrdə, yaxınlıqda olan ağac və tikililər səbəbi ilə qaranlıq olur. Günəş şüalarının belə mənzillərdə məhdudluğu, orada yaşayanların tək fiziki vəziyyətinə deyil, həm də psixoloji vəziyyətinə neqativ təsir göstərir.
Aparılan tədqiqatlarla
müəyyən edilmişdir ki, birinci mərtəbədə yaşayanlarda xəstələnmə riski səkkizinci
mərtəbədə yaşayanlara nisbətən 22 faiz yüksəkdir. Belə ki, onlarda respirator xəstəlikdən
ölüm riski 40 faiz, ağ ciyər xərçəngindən – 22 faiz, ürək-damar xəstəliklərindən
ölüm riski isə 35 faiz çoxdur.
Yuxarı mərtəbələr də o qədər təhlükəsiz deyil. 7-ci mərtəbədən yuxarı mərtəbələr sənaye dumanına məruz qaldığına görə təhlükəli ola bilər. Ekstremal yüksək mərtəbələr – iyirminci mərtəbədən yuxarı – havanın kondensə edilməsi sisteminin xüsusiyyətinə görə sağlamlıq üçün çox da əlverişli sayılmır. Belə mənzillərdə, adətən, daha quru hava olur. Yüksək mərtəbələrdə, həm də, atmosfer təzyiqi dəyişkənliyi müşahidə olunur.
Bütün bu faktorlar sağlamlıqla əlaqəli
bir çox problemlərə təkan verə bilər: panik həmlələr, yuxusuzluq, həyəcan, baş
ağrıları, LOR orqanların xəstəlikləri və s. İlk növbədə mərkəzi sinir sistemi
pozğunluqları ön plana çəkilir. Bunlar müxtəlif yuxu pozğunluqları, artmış
oyanıqlıq, əsəb gərginliyi, qıcıqlanma, depressiya, yaddaş problemləri, süstlük
və ümumi zəifliklə biruzə verir. Bundan başqa yuxarı mərtəbələrdə yaşayış iri
damarların və ürəyin tonusunun pozğunluqlarına, arterial təzyiqlə bağlı
problemlərə və qarın nahiyəsində ağrılara səbəb ola bilər.
Təbii ki, yuxarı mərtəbələrdə yaşayışla
bağlı bütün bu sağlamlıq üçün təhlükələr bir anda biruzə vermir. Belə əlverişsiz
şəraitdə uzun müddət qalmaq şərtdir, həm də insanların hamısı eyni dərəcədə
həssas deyil: adamlar var ki, illərlə göydələnin ən yuksək mərtəbəsində kifayət
qədər komfortlu yaşayırlar.
Akrofobiya, yəni yüksəklikdən qorxu hissi,
və yuxarı mərtəbədə yaşayış – uyuşmaz anlayışlardır. Yerdən ayağının üzülməsi zamanı
qorxu hissi keçirən adam yüksək mərtəbələrdə daim stress keçirəcək. Təbii ki,
bir müddət sonra bu bir sıra ciddi fizioloji problemlərə gətirib çıxaracaq.
Hətta yüksəkliyə normal reaksiyası olan
adamlar belə, vaxtaşırı diskomfort hissi keçirə bilər. Belə ki, insan üçün
yüksəklikdə yaşamaq təbii hal deyil, və bu orqanizmdə bu və ya digər formada
neqativ reaksiyalarla biruzə verəcək.
Bəs hansı mərtəbələr ən təhlükəsizdir?
Optimal variant – 3-7-ci mərtəbələr
sayılır.
Çalışın sağlam qalın!