Azərbaycanda ölüm hallarının təxminən 70%-ini ürək
qan-damar sistemi xəstəlikləri, ilk növbədə, ürəyin işemik xəstəliyi
(stenokardiya, miokard infarktı), ateroskleroz təşkil edir. Azərbaycan dünyada
bu göstəriciyə görə ikinci yeri tutur (birinci yerdə Tacikistandır). 183 ölkə
arasında reytingi 388,41-dir.
Rusiya bu siyahıda 27-ci yerdə (204,5 reytinglə),
Ukrayna 4-cü yerdə, Gürcüstan – 24, Ermənistan isə 28-ci yerdədir. Türkiyə az
riskli ölkələr sirasındadır və reytingə görə 127-ci yeri tutur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünya üzrə hər il ürək qan-damar sistemi xəstəliklərindən 17,9 milyon insan dünyasını dəyişir. Bu, rəsmi qeydiyyata alınmış bütün ölün səbəblərinin 30%-ini təşkil edir. Azərbaycanda bu rəqəm dünya üzrə orta göstəricidən iki dəfədən çox, inkişaf etmiş ölkələrlə müqayisədə isə üç dəfədən çox yüksəkdir. Bundan əlavə, infarktdan sonra normal həyata qayıdan xəstələrin sayı, təəssüf ki, bizdə, bu ölkələrlə müqayisədə xeyli azdır. Ölkəmizdə ürək xəstəliklərinin qarşısının alınmasına, onların vaxtında aşkarlanaraq müalicəsinə diqqətin artırılması aktual məsələlərdən biridir. Problemin bu qədər ciddi olması barədə insanlar məlumatsızdır. Buna görədir ki, xəstə nəhayət həkimə müraciət etdiyində, bir çox hallarda təbabət artıq gücsüz olur.
Daha bir səbəb – bizim insanlar düşməni "üzdən"
tanımırlar. Belə ki, bu barədə minimal informasiya belə, uzun ömür sürmək üçün
əlavə bir şansdır.
Miokard infarktı
nədir
Miokard infarktı ürək əzələ toxumasının bir
hissəsinin nekrozu (məhvi) nəticəsində yaranan kəskin bir vəziyyətdir. Bu
zaman nə fəsadlar ola bilər:
- ürəyin dayanması və ya yırtılması
(tamlığının pozulması);
- ürək mədəciklərinin fibrilyasiyası (yəni
onların qeyri-sabit yığılması. Bu da həmişə qan axınının, hətta böyük
arteriyalarda belə pozulmasına səbəb olur);
- kəskin ürək çatışmazlığı və ya həyati
təhlükə yaradan digər vəziyyətlər.
Bu niyə baş verir
Xəstəliyin əsas səbəbi aterosklerozdur. Əgər
qanda müəyyən yağların (xolesterin və digər lipidlər) miqdarı artıq olarsa,
onlar aterosklerotik lövhələr şəklində böyük damarların divarına yapışır. Bu
da o deməkdir ki, ən gözlənilməz anda bu lövhə qopa bilər və ürək arteriyasının
daxili qişası yırtıla bilər. Bu zaman həmin yerdə qan laxtalanır, damarın mənfəzini
bağlayır. Qan axını dayanır, ürək hüceyrələrinin ölümü başlayır və miokard
infarktı inkişaf edir.
Tıxanmış ürək arteriyası (bunlara koronar, tac
arteriya deyilir) nə qədər böyük olarsa, miokard hüceyrələri bir o qədər çox zədələnir,
infarkt bir o qədər geniş sahəni əhatə edir.
Aterosklerotik lövhənin bütövlüyü stress, ağır
fiziki və ya emosional gərginlik səbəbindən ürək döyüntüsünün tezləşməsi və qan
təzyiqinin artması ilə pozula bilər. Lakin miokard infarktı heç bir səbəb
olmadan, bəzən hətta yuxuda belə baş verə bilər. Onun “sevimli” vaxtı
səhər sübh çağıdır.
Risk faktorları
- kişi
cinsinə aid olmaq (40 yaşdan yuxarı və hətta daha gənc kişilər ən həssas
qrupdur);
- qadınlarda
postmenopoza dövrü;
- irsiyyət – yaxın qohumlarda erkən infarktların
olması;
- qanda xolesterinin yüksək olması (5 mmol / l-dən çox və ya 200 mq /
dl-dən çox);
- siqaret (ən
əhəmiyyətli risk faktorlarından biri!);
- artıq çəki,
qeyri-rasional qidalanma və oturaq həyat tərzi;
- həddindən
artıq emosional gərginlik;
- qan təzyiqinin yüksək olması (yaşdan asılı olmayaraq, 140/90 mm c.s. göstəricisindən çox);
- şəkərli diabet.
Hətta
bu amillərdən birinin belə olması, miokard infarktı ilə
"tanışlıq" üçün kifayət edə bilər. Amillər daha çoxdursa, kardioloqun ziyarət olunması müntəzəm olmalıdır. Evinizdəki ilk tibbi-yardım dəstində
(“apteçka”)
nitroqliserinin və valokordinin olması şərtdir.
Müjdəçilər
Preinfarkt vəziyyəti – bu termin hamıya məlumdur.
Bu zaman ürək ağrıları ilə yanaşı insanda narahatlıq, depressiya müşahidə oluna
bilər. Ancaq bəzən heç bir erkən əlamətlər olmadan infarkt ən kəskin
dövrdən dərhal inkişaf edir.
Diqqət! İnfarktın
olmasına cüzi şübhə
varsa,
dərhal təcili yardım çağırın – burada vaxt faktoru həlledicidir. Bu
həyatda qalmaq üçün bir şansdır.
Xəstəliyin simptomları aşağıdakılardır
- Ürək infarktının əsas əlaməti döş sümüyünün arxasında (sinənin ortasında) şiddətli ağrının olmasıdır. Ürəyin sıxılması, ürək nahiyəsində yanqı hissi;
- Ağrı çənəyə, boyuna, qola, çiyinə, kürəyə verə bilər. Oxşar ağrı stenokardiya zamanı da baş verir, lakin fiziki gərginlikdən sonra. Infarktda isə ağrı daha güclü olur və çox vaxt sükut vəziyyətində başlayır və dərman qəbul etdikdən sonra belə keçmir;
- Güclü zəiflik, süstlük, narahatlıq hissi, nəfəs darlığı. Təngnəfəslik başlayır, qan təzyiqində atlamalar qeyd olunur. Xəstə soyuq tərlə örtülmüş, dərisinin rəngi solğun olur;
- Bəzən ağrı ürək nahiyəsindən kənarda baş verir. Ağrı qarın və ya bud nahiyəsinə yayıldıqda, qusma və ya hıçqırma ola bilər. Belə hallarda infarktı çox zaman qida zəhərlənməsi və ya qarın orqanlarının xəstəlikləri ilə qarışdırırlar;
- Bəzən miokard infarktı səbəbsiz olaraq temperaturun 38,5 dərəcəyə qədər artması ilə müşayiət oluna bilər. Titrətmə, təngnəfəslik və döş qəfəsində ağrılar soyuqdəyməni xatırladır. Xəstədə başgicəllənmə ola bilər, xəstə hətta huşunu itirə bilər.
Xəstədə
bu simptomlardan ən azı biri varsa, şübhəsiz ki, təcili yardım çağırmaq lazımdır. Yerindəcə EKQ çəkilməli və diaqnoz aydınlaşdırılmalıdır. Qeyd
olunmalıdır ki, miokard infarktında ürək nahiyəsində dözülməz ağrının olması
mütləq deyil.
Profilaktika
- Bir vaxtlar
"infarktdan qaçmaq" dəbdə idi, indi mütəxəssislər təmiz havada gündə
ən azı 5-6 kilometr gəzməyə üstünlük
verirlər;
- Qan təzyiqinin
normada olmasını təmin edin;
- Qanda şəkərin səviyyəsini normada
saxlayın;
- Siqareti atın! Bu, infarktın qarşısının alınmasının ən etibarlı yollarından biridir;
- Artıq çəkidən qurtulmağa çalışın. Qida minimum heyvan yağları
və xolesterin tərkibli
olmalıdır. Daha çox tərəvəz və meyvə yeyin. Qırmızı ətin əvəzinə ağ
quş əti, kərə yağı əvəzinə bitki yağı, daha məsləhətlisi – zeytun yağı, quyruq
əvəzinə balıq yemək məslətdir.
Həkim gəlməmişdən
əvvəl
Məsləhətdir ki, ilk
yardım dəstində (“apteçka”)
təzyiqi azaltmaq üçün dərmanlar, nitroqliserin və tonometr mütləq olsun. Mütəxəssis
gəlməmişdən əvvəl xəstəyə ilk tibbi yardımın
göstərilməsi vacibdir:
- Ağrı 4-5 dəqiqə ərzində keçmirsə, dilin
altına nitroqliserin tableti qoyun və tam həll
olunmasını gözləyin. Unutmayın ki, nitroqliserin
qan təzyiqini kəskin şəkildə aşağı sala bilər;
- İlk tablet kömək etmədikdə, əlavə bir tablet
də ala bilərsiniz. Ancaq bir saat ərzində beşdən çox tablet qəbul
etməyin. Eyni zamanda yarım tablet adi aspirini çeynəmək olar.
Təcili
yardım çağırmağı gecikdirməyin. Belə hallarda
hər dəqiqənin, saniyənin də öz hökmü var.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment