July 24, 2024

Şikayətiniz nədir, doktor? Niyə həkimlər bu barədə susur.

 


Çoxları elə düşünür ki, həkimlər heç vaxt xəstələnmir, hətta dünyalarını da çox ahıl yaşlarında dəyişirlər. Amma statistika bunun tam əksini deyir. Hələ ötən əsrin sonlarında məşhur amerikalı alim Coel Uollok (Dr. Joel D.Wallach) özünün “Dünyasını dəyişmiş həkimlər yalan deməz” (Dead Doctors Don't Life Dr. Joel D. Wallach) kitabında yazır: “amerikalıların orta ömrü 75,5 ildir, magistr və ya həkimlərinki isə 58 il”.

Rusiya alimlərinin tədqiqatına görə (tədqiqat 26-83 yaş həddində 3000 həkim arasında aparılmışdır) həkimlərin orta ömrü 54 yaşdır. Bu rəqən ümumi göstəricilərdən 15 il azdır. Ən riskli kontingent – cərrahlar, reanimatoloq və anestezioloqlardır. Amma tədqiqatlar göstərir ki, psixoloji gərginliyə məruz qalan tək əməliyyat masasının arxasında duran cərrahlar və xəstəni “o dünyadan qaytaran” reanimatoloqlar deyl, həm də digər müxtəlif ixtisaslı həkimlərdir ki, onların da 63%-dən çoxu “emosional tükənmə sindromundan” əziyyət çəkir.  

İndiyə qədər həkimlərin ömrünün aşağı olmasının əsas səbəbi stress hesab olunurdu. Ancaq daha dərin təhlil göstərdi ki, tibb işçilərinin illərini azaldan təkcə psixi stress deyil.

Tədqiqatçılar əmin idilər ki, həkimlərin ən azı 80%-i sağlam həyat tərzinə riayət edir. Reallıqda isə bu rəqəm yalnız 41% təşkil etdi. Kənd həkimlərinin 6%-i, şəhər həkimlərinin 20%-i və universitetlərin tibb kafedralarının işçilərinin dörddə biri bədən tərbiyəsi ilə məşğul olur. Kənd həkimlərinin 20%-i normal yuxu və istirahət rejiminə riayət edir. Şəhər sakinləri arasında bu rəqəm heç 29%-ə çatmır. Razılaşın, göstəricilər heç də ürəkaçan deyil. 

Tibb aləmində qidalanma ilə də vəziyyət son dərəcə əlverişsizdir. Kənd həkimlərinin 74%-də artıq çəki müşahidə olunur. Üstəlik, bu, təkcə artıq çəkiyə meyllilik deyil, praktiki olaraq piylənmədir. Bu rəqəm şəhər həkimləri arasında 48%, universitet işçilərində isə 46%-dir. Artıq çəki arterial hipertenziya ilə müşayiət olunur. Bununla belə, daim əlinin altında tonometr olsa da, artmış təzyiqin ağır fəsadlarından xəbərdar olsalar da, öz təzyiqlərini kontrolda saxlamağı çox vaxt “unudurlar”. 

Bu gün həkimlər xroniki qeyri-infeksion xəstəliklərin – piylənmə, şəkərli diabet, hipertoniya, ürək-damar və beyin xəstəliklərinin epidemiyasından həyəcanla danışırlar. Bununla belə, hər dörd həkimdən biri öz xolesterin və qanında şəkərin səviyyəsini bilmir. Daha acınacaqlısı isə, şəhər həkimlərinin yarısı stressi alkoqolla “dəf” etdiklərini və demək olar ki, üçdə biri siqaret çəkdiklərini etiraf edir. Kənd həkimləri arasında bu rəqəmlər bir qədər aşağıdır - müvafiq olaraq 36 və 34%.

Bəli, həkimlər də hamı kimi ətraf mühitin ekoloji cəhətdən qeyri-məqbul havası ilə nəfəs alır, eyni suyu içir, eyni qida məhsulları ilə qidalanır, onların da bir çoxu hipodinamiyadan əziyyət çəkir, eyni sosial, psixo-emosional gərginliyə, eyni bakteriya və virusların təsirinə məruz qalır, heç də hamısı sağlam həyat tərzinə riayət etmir, bəzən hətta zərərli vərdişlərdən də sığortalı deyillər. Onlar da hamı kimi mövcud səhiyyə sisteminin xidmətlərindən yararlanır, aptek şəbəkəsinin təklif etdiyi eyni dərman vasitələrindən istifadə edirlər.

Bununla belə, qeyd etmək lazımdır ki, həkimlərin böyük əksəriyyəti səhhətində olan problemlərlə üzləşdikdə rəsmi tibbin xidmətlərindən istifadə etmir, çox vaxt beynəlxalq standartlarla təsdiq edilmiş protokollara uyğun məcburi müayinələrdən keçmir, dispanserizasiyaya qatılmır, daha çox özünümüalicəyə və yaxın həkim dost-tanışlarının məsləhətinə üstünlük verirlər. Bu da, bəzən, latent gedən patoloji proseslərin vaxtında aşkarlanaraq, aradan qaldırılmasına ciddi maneələr törədir.  

Ən acınacaqlısı isə odur ki, xəstələri üçün sağlam həyat tərzini – gündəlik fiziki aktivliyi, düzgün və balanslaşdırılmış qidalanmanı, optimal iş və istirahət rejimini, stres gərginliyindən uzaq olmağı təbliğ etdikləri halda, həkimlərin böyük əksəriyyəti buna əməl etmir.

XX və XXI əsrlərdə bəşəriyyətin inkişafında güclü sıçrayış baş verdi. Elmi-texniki tərəqqi insanların həyatında, yaşam tərzində böyük dəyişikliklərə gətirib çıxardı: sanitariya-gigyena tədbirləri, suyun, insan tullantılarının dezinfeksiyası; penisilin və antibiotiklərin ixtirası və s. Bütün bunlar insanların əksər yoluxucu xəstəliklərdən qurtulmasına, gözlənilən ömrün davamiyyətinin kəskin artmasına səbəb oldu. İntibahdan əvvəl insanların orta ömrü 30 il idisə, indi 58 ilə 80 il arasında dəyişir. Ona görə də orta əsrlərdə insanların böyük əksəriyyətinin sadəcə olaraq yaşamadığı yetkin yaşlarla bağlı xəstəliklər ön plana çıxdı. Bu xəstəliklər əsasən düzgün olmayan qidalanma, az fiziki aktivlik, pis vərdişlər, həyat tərzinə neqativ münasibətdən irəli gəlir.

O zamanlar yoluxucu xəstəliklər, epidemiyalar, pandemiyalar üzərində böyük qələbə qazanmış təbabət, indi, ətalətə uyğun bu xəstəlikləri də (qeyri-məqbul həyat tərzi xəstəliklərini) süni surətdə yaradılmış dərman vasitələrin köməyi ilə köhnə üsullarla müalicə etməyə çalışır. Ancaq təəssüf ki, dərmanlar bu xəstəliklərlə mübarizədə acizdir: dərmanların köməyi ilə xroniki xəstəliklərdən tam sağalmış bir insan tanıyırsızmı? Şəxsən mən belə insanlara rast gəlməmişəm.

Müasir xəstəliklərin əsas risk faktorlarını sadalayaq:

  1. Yediyimiz qidada orqanizmin normal çalışması üçün vacib maddələrin çatışmazlığı;
  2. Arterial qanın qaz tərkibinin pozulması. CO2 (karbon qazı) konsentrasiyasının normadan (6-6,5%) aşağı olması. Bunun səbəbi məhdud fiziki aktivlik, həddən artıq yeməyə və fastfuda, habelə alkoqola aludəçilik, siqaret çəkmə və s. amillərdir;
  3. Orqanizmin meteoroloji dəyişikliklərə (kəskin soyuq və isti iqlimə), habelə ətraf mühitin digər təsirlərinə qarşı hazırlıqlı olmaması;
  4. Stress, əsas etibarı ilə qeyri məqbul həyat tərzi ilə əlaqədar;
  5. Əlverişsiz ekologiya. Nəticədə: zəifləmiş immunitet, maddələr mübadiləsinin pozğunluqları və.s.

Bütün bunların fonunda hipertoniya, xroniki bronxit, bronxial astma, ürəyin işemik xəstəliyi, o çümlədən stenokardiya, miokard infarktı, habelə, aritmiya, beyin qan-dövranının, yaddaşın pozğunluqları, insult, 2-ci tip şəkərli diabet, ateroskleroz, pankreatit, rinit, nevrozlar, mədə və onikibarmaq bağırsaq xoraları, qastrit, qəbizlik, artroz, osteoporoz, piylənmə, impotensiya, iş qabiliyyətinin azalması, baş ağrısı, zəiflik, halsızlıq, xroniki yorğunluq sindromu və s. kimi xəstəlik və pozğunluqlar inkişaf edir. Farmasevtik vasitələrlə aparılan simptomatik müalicə yalnız müvəqqəti yüngülləşməni təmin edir, lakin bəzi hallarda yan təsirləri səbəbi ilə orqanizmin orqan və sistemlərinin pozulması kimi ağırlaşmalara gətirib çıxarır.

Sirr deyil ki, bir çox hallarda həkimlər xəstələri üçün aktiv təşviq etdikləri dərman vasitələrini özləri qəbul etmir, əsasən təbii vasitələrə, dərman birkilərinə üstünlük verirlər. Bəs niyə özlərinə rəva bilmədikləri halda, digərlərinə kimyəvi tərkibli dərman vasitələrini təyin edirlər. Bilmək lazımdır ki, hər bir xəstəlik, nozoloji forma üçün beynəlxalq miqyasda mötəbər tibb təşkilatları tərəfindən tərtib edilmiş xüsusi qaydlaynlar (guideline), hər bir xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq protokollar mövcuddur, həkim də bu qaydaları əsas tutaraq müayinə və müalicə təyin etmək məcburiyyətindədir. Bu qaydalar əsasən onkoloji və kardioloji xəstəliklərə şamil edilir. Digər xəstəliklər üçün də müvafiq protokollar mövcuddur, amma bu zaman həkimin “improvizasiya” etməsi üçün müəyyən imkanları vardır. Bu barədə “Sübutlu təbabət nədir və nəyə görə bizi çox vaxt düzgün müalicə etmirlər?” məqaləsində oxuya bilərsiniz.

Ümumiyyətlə tibb aləmində elmin nailiyyətlərinə əsaslanan sübutlu təbabətlə “ənənəvi” təbabət arasında müəyyən qarşıdurma bu günümüzə qədər davan edir. Bunların arasında bəzi uyğunsuzluqlar həqiqətən də mövcuddur. Məsələn, sübuta əsaslanan tibb köhnə həkimlərinin hələ də fəal şəkildə müalicə etdikləri bəzi diaqnozları tanımır. Bunlara vegetativ-damar distoniyası, osteoxondroz, xroniki tonzillit, disbakterioz və s. daxildir. Bu qəbildən olan uyğunsuzluqlara avitaminozların onlarla adda qida əlavələri ilə, habelə soyuqdəymənin antivirus prepartaları ilə müalicəsi də daxildir.

Bilirdinizmi, hal-hazırda siyahıda göstərilən preparatların istifadəsi “yumşaq” desək faydasızdır. Onların bu və ya digər xəstəliyə qarşı effekti elmi tədqiqatlarla təsdiq olunmayıb:

Effektivliyi sübut olunmamış dərman vasitələrinin SİYAHISI

  • Aktovegin, Serebrolizin, Solkoseril – sübut edilməmiş effektivliyi olan dərmanlardır
  • Arbidol, Kaqosel, Alfaron, Inqaron, Inqavirin və digər immunomodulyatorlar
  • Kokarboksilaza, ATF (adenotrifosfor turşusu), Riboksin (İnozin)
  • Linex, Bifidumbacterin, Bifiform, Xilak Forte, Primadophilus və digər probiotiklər
  • Validol – nanəli konfetdən başqa bir şey deyil
  • VinposetinKavinton
  • Nootropil, Piracetam, Semaks, Tenoten, Fezam, Aminalon, Fenibut, Pantoqam, Pikamilon – plasebo dərmanları
  • Meksidol, Fenotropil, Mildronat – nootrop vasitə kimi qələmə verilən dopinq preparatları, yalnız MDB-də istifadə olunur
  • Timalin, Timogen
  • Bioparoks, Kudesan
  • Vobenzim
  • Qlisin (amin turşusu), Tenaten, Enerion, Dazıotu preparatları, Qrippol, Polioksidonium
  • Qlükozamin, xondroitin – effektivliyi sübut edilməmişdir
  • Korvalol, Valokordin
  • Trombovazim – xroniki venoz çatışmazlığı, kəskin koronar sindrom və miokard infarktının müalicəsində istifadə olunan trombolitikdir
  • Tanakan, Preduktal – kifayət qədər zəif sübut bazası olan dərmanlardır
  • Citoxrom C+adenozin+nikotinamid (oftan kataxrom), azapentacen (kvinaks), taurin (taufon) – göz damcıları
  • Essensiale, Livolin, Essensiale forte N
  • Mezim Forte
  • Novo-passit
  • İnstenon, Sinnarizin
  • Proproten 100

Onu demək lazımdır ki, bəzi həkimlərin bu preparatları yazmaqda davam etməsində müəyyən “merkantil” maraqları var. Lakin bunlar həkim ordusunun çox cüzi bir hissəsidir, qalanları isə köhnə təcrübəsinə dayanaraq ətalətlə yazmağa davam edir, bir çoxlarında isə bu preparatların təsirsiz olduğundan xəbərsiz olmalarından irəli gəlir.

Əlbəttə, dünyada minlərlə adda patentləşdirilməmiş aktiv maddə vardır. Bunlar on minlərlə ticari adda dərman vasitəsi kimi istehsal olunur. Ona görə də həkim və xəstələr üçün bu dərman toplusunda düzgün oriyentir tapmaq, hansı preparatı istifadə etmək olar, hansılar məqsədəuyğun deyil, olduqca çətindir. Hələ 70 il əvvəl belə oriyentirlər yox idi, amma bu gün geniş informasiya bazası mövcuddur və hamıya effektivliyi sübut edilmiş preparatlardan istifadə olunması tövsiyə olunur.

Başqa bir tendensiya, insanların ümumən tibb ictimaiyyətinə, əczaçılıq korporasiyalarına inamsızlığıdır ki, bu onlarda tibb elminin, həkimlərin iri əczaçılıq şirkətləri ilə əlbir olaraq bəşəriyyətə qarşı sui-qəsd cəhdi təəssüratı formalaşdırır: guya “onlar xərçəng və QİÇS-in müalicəsini gizlədir, gizli şəkildə bioloji silahlar hazırlayır və pandemiyaları süni şəkildə şişirdirlər”. Acınacaqlısı da odur ki, bu cür əsassız və yersiz konsepsiyalar peyvəndin effektivliyini inkar edən və ya beynəlxalq tibb ictimaiyyətinin təsirsiz hesab etdiyi (bəzən hətta təhlükəli olan) müalicəni təyin edən bəzi həkimlər tərəfindən dəstəklənir. Belə müalicəyə bəzi antivirus preparatları, nootrop vasitələr (psixi funksiyaya təsir edən dərmanlar) və müxtəlif qida əlavələri də daxildir.

Yeri gəlmişkən, sonuncularla bağlı – qida əlavələrinin keyfiyyətinə nəzarət dərmanlarla müqayisədə əhəmiyyətli dərəcədə zəifdir və nəzərə almaq lazımdır ki, onların qablaşmasında göstərilənlərlə məhsulun tərkibi arasında uyğunsuzluqlar ola bilər. Ona görə də, əgər, məsələn, D vitaminini qida əlavəsi və ya dərman vasitəsi şəklində almaq mümkündürsə, ikincisini seçmək daha məqsədəuyğundur.

Dərman vasitələrinin seçimində də diqqətli olmaq tövsiyə olunur – yalnız FDA (ABŞ Qida və Dərman Agentliyi), EMA (Avropa Tibb Agentliyi) və s. bu kimi tibbi tənzimləyicilər tərəfindən yoxlanılmış və təsdiq edilmiş, habelə GMP (Əla İstehsal Təcrübəsi standartı) sertifikatı olan istehsalçı tərəfindən istehsal edilmiş dərman vasitələrinə üstünlük vermək lazımdır. Bu təşkilatlar istehlakçının effektiv, təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin olunmasında məsuldurlar.

Son illərdə tibb ictimaiyyətinin aktiv müzakirə etdiyi dilemmalardan biri – xəstəliyi, yoxsa xəstəni müalicə etmək lazımdır?

Hələ zamanında Hippokrat deyirdi, həkim “xəstəliyi deyil, xəstəni müalicə etməlidir”, yəni xəstəyə onun şəxsi xüsusiyyətlərini nəzərə alaraq yanaşılmalıdır.

Hippokratın dövründən keçən 2500 il ərzində əsaslı şəkildə nə dəyişdi? Hər şeydən əvvəl fərdi məlumatların toplanması üsulları. Molekulyar biologiyanın, genetikanın, kompüterləşdirmənin inkişafı və toplanmış nəhəng məlumat bazası xəstəliklərin mahiyyətinin anlamını tamamilə başqa səviyyəyə çatdırdı.

2003-cü ilin dekabrında “The Independent” qəzeti redaksiya məqaləsində yazır: "Böyük Britaniyanın ən böyük dərman şirkətinin yüksək səviyyəli rəhbəri etiraf etdi ki, reseptlə yazılan dərmanların əksəriyyəti onları qəbul edən xəstələrin əksəriyyətinə kömək etmir". Nəşr o zaman GSK-da (GlaxoSmithKline) genetika üzrə qlobal vitse-prezident vəzifəsində çalışan amerikalı farmakogenetik Allen Rouzesin (Allen D. Roses, MD) sözlərini məhz belə şərh edir. Rouzes onilliklər boyu elmi ictimaiyyətdə müzakirə edilənləri ictimailəşdirənlərdən biri idi. Onun sözlərinə görə Alzheimer xəstəliyinə qarşı istifadə olunan dərmanlar xəstələrin üçdə birindən azı üçün, xərçəngə qarşı dərmanların isə yalnız dörddə birində təsirli olur. Dr Rouzes migren, osteoporoz və artrit üçün dərmanların xəstələrin təxminən yarısına müsbət təsir göstərdiyini söyləyir.

"Mən demirəm ki, dərmanların çoxu təsirsizdir... Onlar təsir göstərir, sadəcə hər kəsə kömək etmir", - deyə həmin qəzet onun sözlərindən sitat gətirir.

Həkimin əvvəl bir dərmanı (söhbət birinci sıra dərman terapiyasından gedir), effekt olmursa, bir başqasını, sonra isə üçüncü dərmanı təyin etməsinin hamımız şahidiyik. Müxtəlif pasientlərin eyni dərmana fərqli həssaslığı var və son vaxtlara qədər həkimlər bunun səbəbini başa düşmürdülər. Məlum oldu ki, hər şey genetika ilə bağlıdır.

Hətta qədim zamanlardan insan orqanizminin fəaliyyəti və quruluşu barədə bəsit təsəvvürlərə malik təbiblər belə xəstələrinin müalicəsinə differensial yanaşmağı vacib hesab edirdilər. Heç də həmişə uğurlu olmasa da, “təbii harmoniyanı” və ya “bədən şirələrinin tarazlığını” bərpa etmək üçün xəstənin fiziki konstitusiyasını, həyat tərzini, qida rasionunu, hətta yaşayış yerinin xüsusiyyətlərini nəzərə almağa çalışırdılar.

Sonralar klassik təbabətin inkişafı, o cümlədən anatomiya, fiziologiya, biokimya və farmakologiya üzrə elmi biliklərin artması ilə həkimlər əvvəllər ümüdsüz sayılan bir çox xəstəliklərin öhdəsindən gəlməyi bacardılar. Lakin bu zaman real olaraq xəstəlikdən əziyyət çəkən şəxsiyyət təbabət üçün ümumiləşdirilmiş statistik vahidə çevrildi. Yalnız bəzi hallarda (məsələn, qanköçürmə və ya toxuma transplantasiyası zamanı) mütəxəssislər xəstənin xüsusiyyətlərini nəzərə almağa məcbur idilər.

Amma inkişaf, bildiyimiz kimi, həmişə spiralvari gedişə malikdir. Buna görə də təəccüblü deyil ki, ötən əsrin sonlarından başlayaraq “fərdiləşdirilmiş (personalaşdırılmış) tibb” termini yaranmış və ixtisaslaşmış ədəbiyyatda getdikcə daha çox istifadə olunmağa başlamışdır. Söhbət tibbi yardımın təşkilinin yeni modelindən gedir ki, bu da konkret insanın genetik, fizioloji və biokimyəvi xüsusiyyətlərini nəzərə alaraq optimal diaqnostik, terapevtik və profilaktik tədbirlərin düzgün seçiminə imkan verəcəkdir. Əsas məqsəd isə minimal vəsaitlə xəstəliklərin qarşısının alınması və müalicəsinin mümkün qədər təsirli və təhlükəsiz olmasını təmin etməkdir.

Məlumdur ki, bütün insanların DNT-si təxminən 99,9% eynidir. Bununla belə, qalan 0,1% aramızda olan bir çox fərqi - üz cizgilərindən tutmuş xarakter xüsusiyyətlərinə qədər, o cümlədən, xəstəliklərə qarşı həssaslıqda fərdiliyimizi müəyyənləşdirir. Buna görə də, konkret insanda genlərin strukturunun xüsusiyyətləri və onların fəaliyyəti barədə məlumatın əldə edilməsi, xəstəliyin erkən stadiyalarda müəyyən edilməsinə və hətta inkişafının qarşısının alınmasına imkan verir.

Son illər farmakogenetika, farmakogenomika və farmakoproteomika fərdiləşdirilmiş tibbin ən mühüm əsaslarına çevrilmişdir.

Bu sahələr niyə bu qədər vacibdir? Məsələ burasındadır ki, orqanizmin reaksiyasının fərdi xüsusiyyətləri nəzərə alınmadan təyini zamanı xəstələrin 20-75%-i farmakoterapiyaya və ya dərmanın arzuolunmaz yan təsirlərinə qeyri-adekvat reaksiya göstərir. Amerika Tibb Assosiasiyasının məlumatına görə, 2004-cü ildə ABŞ-da bu cür mənfi reaksiyalar 2 milyon adamın hospitalizasiyasına və 100 mindən çoxunun ölümünə səbəb olmuşdur.

Belə halların səbəbi dərmanların müxtəlif insanlarda fərqli şəkildə metabolizə olunmasıdır. Məsələn, onların bədəndən xaric olma sürəti onlarla dəfə fərqlənə bilər! Lakin orqanizmin fərdi xüsusiyyətlərini – genotipini və bütöv orqanizm səviyyəsində genetik məlumatın "paylanması" proseslərini bilməklə medikamentoz müalicəni başlamazdan əvvəl konkret xəstədə onun effektivliyini və mənfi reaksiyaların inkişaf ehtimalını müəyyən etməyə imkan verən proqnozlaşdırıcı testlər aparmaq mümkündür.

Bu gün fərdi (personalaşdırılmış) tibbin elementlərinin praktikada tətbiqində lider onkologiyadır. Hal-hazırda şiş toxumasında əməliyyat və ya biopsiyası zamanı konkret xəstə üçün müalicə strategiyasını müəyyən etmək üçün bir sıra onkomarkerlərin təyini mümkündür. Döş xərçəngi, melanoma, ağciyər xərçənginin bəzi formaları və yoğun bağırsaq xərçəngi üçün xəstəliyin şiddəti və müalicənin proqnozu ilə əlaqəli olan müəyyən genlərin spesifik mutasiyaları artıq aşkar edilmişdir.

Dövrümüzün digər bəlası çoxfaktorlu xəstəliklərə aid olan hipertoniya xəstəliyidir. Hipertoniyanın müalicəsi üçün bir çox farmakoloji preparatlar mövcuddur: diuretiklər, α-adrenoblokatorlar, kalsium kanallarının blokatorları və s. Onlar təsir mexanizminə, effektivliyinə, həmçinin potensial əlavə təsirlərə görə fərqlənirlər. Konkret xəstə üçün effektiv və kifayət qədər təhlükəsiz müalicə kompleksinin seçilməsi çox vaxt həkim üçün asan olmur. Buna görə də, təəccüblü deyil ki, bu günə qədər bütün hipertoniyalı xəstələrin yalnız üçdə birində qan təzyiqi kontrolda saxlanıla bilir.

Bəs həkimlər və onların xəstələri gələcəkdə fərdiləşdirilmiş (personalaşdırılmış) tibbdən nə gözləyə bilərlər?

Yaxın gələcəkdə yeni portativ diaqnostika cihazlarının yaradılması gözlənilir. İnformasiya texnologiyalarının gələcək inkişafı xəstələrə öz tibbi məlumatlarına, o cümlədən genetik profilinə elektron formada çıxış imkanı verəcək.

Müəyyən xəstəliklərə genetik meyilliliyi müəyyən etmək imkanının yaranması sayəsində həkimlər tərəfindən fərdi profilaktik tədbirlər kompleksi hazırlanacaq və xəstəliyin artıq baş verdiyi hallarda xəstənin genetik konstitusiyasına uyğun müalicə, lazım gələrsə, konkret onun üçün xüsusi hazırlanmış dərmanlar təyin ediləcək.

Diqqətinizə görə təşəkkür edirəm,

Çalışın sağlam qalın!





No comments:

Post a Comment

Ən populyar məqalələr