March 29, 2025

Yaşamaq üçün hansı mərtəbə ən təhlükəsizdir?

Razılaşın ki, mənzil seçərkən, düşündüyümüz ən son şey hansı mərtəbənin sağlamlığımız üçün daha əlverişli olmasıdır. Yaxşı halda rahatlığımız, pəncərəsindən açılan gözəl mənzərə, prestijli olması ön plana çəkilir.

Halbuki, mənzilin yerləşdiyi hündürlük, bu və ya digər dərəcədə yaşam keyfiyyatınə və əlbəttə ki, insan sağlamlığına təsir göstərir. Həm aşağı, həm də yuxarı mərtəbələrin öz çatışmazlıqları var.

Onlardan hansı daha zərərlidir və ümumiyyətlə zərərlidirmi - daha ətraflı nəzərdən keçirək.

Bəziləri aşağı mərtəbələrdə yaşamağı tərcih edir: pəncərədən küçə aydın görünür və heç yerə qalxmaq lazım deyil, fövqəladə hallarda evi rahatlıqla tərk etmək imkanı var. Hündür mərtəbələrə üstünlük verənlər isə açılan gözəl mənzərəyə, yad adamların pəncərənizə baxmaq və ya mənzilinizə daxil olmaq imkanının məhdud olmasına dəyər verir.

Bəs hansı variant sağlamlığımız üçün əlverişlidir?

Aşağı mərtəbələrdə yaşayanlar tez-tez tənəffüs sistemi xəstəliklərindən və enmiş immunitetdən əziyyət çəkirlər. Yuxarı mərtəbələrdə yaşamağı üstün tutanlar isə daha çox baş ağrılarından, əsəb gərginliyindən, qeyri-stabil arterial təzyiqdən şikayətlənirlər.  

Mütəxəssislərin fikrincə, birinci və ya ikinci mərtəbədə yaşamaq rütubətli, çox vaxt kif göbələkləri ilə zəngin zirzəmiyə yaxın olmasına görə təhlükəlidir. Bundan başqa, yaxınlıqda olan maqıstraldan keçən və yaxud evin yaxınlığında parklanmış avtomobillərin mühərrik qazları, ilin isti günlərində asfaltdan qalxan toz və buxar da sağlamlığa mənfi təsir göstərir. Bu aqressiv maddələrə qarşı orqanizmimiz, əsas etibarı ilə, xroniki xəstəliyi olan və ahıl yaşlı adamlar müqavimət göstərə bilmir. Nəticədə aşağı mərtəbədə yaşayan adamin orqanizmində karbon oksidi, aldehidlər, kükürd, ağır metallar toplanır. Bu, yaxın və ya uzaq perspektivdə ağ ciyər sisteminin, LOR orqanlarının xroniki xəstəliklərinə, vazomotor rinit, hətta bronxial astmanın inkişafına yol açır.

Habelə, aşağı mərtəbədə yaşayış immuniteti zəiflədir, bunun nəticəsi olaraq insan tez-tez və davamiyyətli respirator xəstəliklərdən və ümumi zəiflikdən əziyyət çəkir.      

Evin ətrafında çoxlu tikililər varsa, çox zaman bu belə də olur, havanın sirkulyasiyası zəifləyir. Nəticədə toz və adı çəkilən mühərrik qazları uçub getmir, uzun müddət eyni yerdə qalır. Tədricən onların konsentrasiyası, eləcə də, havanın tərkibində zərərli maddələrin faiz nisbəti artır. Zəif respirator aparata malik, allergiyaya meyilli və digər xroniki xəstəlikləri olan adamlar üçün bu heç də yaxşı bir şey vəd etmir.


Bundan başqa, aşağı mərtəbələrdə, yaxınlıqda olan ağac və tikililər səbəbi ilə qaranlıq olur. Günəş şüalarının belə mənzillərdə məhdudluğu, orada yaşayanların tək fiziki vəziyyətinə deyil, həm də psixoloji vəziyyətinə neqativ təsir göstərir.  

Aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, birinci mərtəbədə yaşayanlarda xəstələnmə riski səkkizinci mərtəbədə yaşayanlara nisbətən 22 faiz yüksəkdir. Belə ki, onlarda respirator xəstəlikdən ölüm riski 40 faiz, ağ ciyər xərçəngindən – 22 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 35 faiz çoxdur.  

Yuxarı mərtəbələr də o qədər təhlükəsiz deyil. 7-ci mərtəbədən yuxarı mərtəbələr sənaye dumanına məruz qaldığına görə təhlükəli ola bilər. Ekstremal yüksək mərtəbələr – iyirminci mərtəbədən yuxarı – havanın kondensə edilməsi sisteminin xüsusiyyətinə görə sağlamlıq üçün çox da əlverişli sayılmır. Belə mənzillərdə, adətən, daha quru hava olur. Yüksək mərtəbələrdə, həm də, atmosfer təzyiqi dəyişkənliyi müşahidə olunur.

Bütün bu faktorlar sağlamlıqla əlaqəli bir çox problemlərə təkan verə bilər: panik həmlələr, yuxusuzluq, həyəcan, baş ağrıları, LOR orqanların xəstəlikləri və s. İlk növbədə mərkəzi sinir sistemi pozğunluqları ön plana çəkilir. Bunlar müxtəlif yuxu pozğunluqları, artmış oyanıqlıq, əsəb gərginliyi, qıcıqlanma, depressiya, yaddaş problemləri, süstlük və ümumi zəifliklə biruzə verir. Bundan başqa yuxarı mərtəbələrdə yaşayış iri damarların və ürəyin tonusunun pozğunluqlarına, arterial təzyiqlə bağlı problemlərə və qarın nahiyəsində ağrılara səbəb ola bilər.

Təbii ki, yuxarı mərtəbələrdə yaşayışla bağlı bütün bu sağlamlıq üçün təhlükələr bir anda biruzə vermir. Belə əlverişsiz şəraitdə uzun müddət qalmaq şərtdir, həm də insanların hamısı eyni dərəcədə həssas deyil: adamlar var ki, illərlə göydələnin ən yuksək mərtəbəsində kifayət qədər komfortlu yaşayırlar.  

Akrofobiya, yəni yüksəklikdən qorxu hissi, və yuxarı mərtəbədə yaşayış – uyuşmaz anlayışlardır. Yerdən ayağının üzülməsi zamanı qorxu hissi keçirən adam yüksək mərtəbələrdə daim stress keçirəcək. Təbii ki, bir müddət sonra bu bir sıra ciddi fizioloji problemlərə gətirib çıxaracaq.    

Hətta yüksəkliyə normal reaksiyası olan adamlar belə, vaxtaşırı diskomfort hissi keçirə bilər. Belə ki, insan üçün yüksəklikdə yaşamaq təbii hal deyil, və bu orqanizmdə bu və ya digər formada neqativ reaksiyalarla biruzə verəcək.  

Bəs hansı mərtəbələr ən təhlükəsizdir?

Optimal variant – 3-7-ci mərtəbələr sayılır.

Çalışın sağlam qalın!

Unutmayın ki, sağlamlığınız öz əlinizdədir!

Fəxrəddin Əfəndiyev, MD/PhD



No comments:

Post a Comment

Ən populyar məqalələr