February 05, 2023

ŞƏKƏR: miflər və həqiqət...


“Konfet yeməyin, dişləriniz tökülər”, “şirniyyat yeməyin, kökələrsiniz”, “şirin çay – diabetə yol açır”, “şəkər bəyaz ölümdür” və s. kimi dəhşətli sözləri uşaqlıqdan eşidirik. Lakin bu qorxuducu ifadələr nə dərəcədə həqiqətə uyğundur? Bəlkə bunların böyük bir qismi sadəcə mifdir?

Mif № 1. Şirniyyat artıq çəkinin əsas səbəbidir

Şəkərdən imtina bir çox pəhrizlərin əsasını təşkil edir, ona görə də düşünülür ki, yeyilən bir paxlava, konfet və ya içilən bir fincan şirin çay mütləq piy qatının yaranmasına və əlavə çəkiyə səbəb olacaq. Lakin tədqiqtlar göstərir ki, çəki artımının səbəbi şəkər və onun əsasında hazırlanmış qidalar deyil, orqanizmə lazım olan gündəlik normadan artıq kalorinin daxil olmasıdır. Düzdür, şirin qida daha çox kaloriyə malikdir, amma piylənmənin bilavasitə səbəbi şəkər deyil. 

Mif № 2. Şirin qida dişləri dağıdır

Dişlərdə kariesi tək şəkər deyil, hər hansı diş dibində qalıcı qida yarada bilər. Karies həzmi ağızda başlayan mürəkkəb karbohidratların təsirindən yaranır. Ona görə də hər qida qəbulundan sonra ağızı yaxalamaq və müntəzəm olaraq dişləri yumaq lazımdır.

Mif № 3. Şəkər diabetin əsas səbəbidir

Alimlər müəyyən etmişlər ki, diabetin əsas səbəbi həyat üçün vacib orqanların ətrafında toplanan piyin miqdarının artması, kifayət qədər fiziki aktivliyin olmaması və genetik meyillilikdir. Şəkər orqanizmdə piyin toplanmasına səbəb olur, lakin bu heç də digər karbohidratların – ağ un, bir çox souslar, alkoqol və hətta banan, üzüm və qarpızın təşviqindən çox deyil.

Mif № 4. Şəkər xərçəng şişinin inkişafını dəstəkləyir

Orqanizmə daxil olduqda şəkər enerjiyə çevrilir, böyük miqdarda enerji və şəkər xərçəng toxumasının inkişafını dəstəkləyir. Lakin şəkərdən imtina xərçəngin inkişafını ləngidə bilməz: xərçəng hər bir halda qlükozaya yetişəcəkdir. 

Mif № 5. Şəkər narkotik kimi asılılıq yaradır

Aparılan elmi tədqiqatlar insan orqanizminin hər hansı qida məhsulundan asılılığını təsdiq etmir. Şəkər və saxaroza insanda fiziki asılılıq yaratmır və narkotik kimi təsir göstərmir.

Mif № 6. Şəkər əvəzediciləri şəkərin özündən faydalıdır

Şəkər əvəzediciləri tibbi göstərişlərə görə şəkər tövsiyə olunmadığı halda istifadə edilir. Amma bir çox sağlam adamlar düşünür ki, şəkərin süni əlavələrlə və şirinləşdiricilərlə əvəz olunması daha faydalıdır. Həqiqətdə isə süni şəkər əvəzedicilərinin sağlamlığa neqativ təsiri təsdiq edilmişdir: onlar qlükozanın qanda səviyyəsini artırmır, lakin çəki artımına səbəb olur. Təbii komponentlər əsasında şəkər əvəzediciləri isə kalori baxımından şəkərdən praktik olaraq seçilmir.

Mif № 7. Şirniyyatı günün birinci yarısında yemək məsləhətdir

Belə bir teoriya var ki, tərkibində şəkər olan qidaları səhər vaxtı yemək lazımdır, günün ikinci yarıslnda karbohodratlar qanda şəkərin səviyyəsini artırır və bunu tənzimləmək üçün orqanizmə daha artıq zaman tələb olunur. Həqiqətdə isə hər bir qida qanda şəkərin səviyyəsini artırır, amma karbohidratların günün müəyyən hissəsində aktivliyinin artması barədə heç bir isbat yoxdur.

Mif № 8. Şirniyyat uşaq psixikasına təsir edir

Şəkərin uşaqları hiperaktiv etməsi barədə mif bəzi valideyinlərin beynində dərin iz buraxmışdır. Amma bir çox tədqiqatların nəticələrinə görə şəkərin uşaqların davranışına və onların aktivliyinə hər hansı təsiri aşkar edilməmişdir.

Mif № 9. Şirniyyatdakı şəkər meyvə və tərəvəzdəki şəkərdən fərqlidir

Şirin meyvə və tərəvəzdəki şəkərin tərkibi rafinə edilmiş şəkərdəki ilə eynidir. Düzdür, meyvədə onun konsentrasiyası azdır və tez mənimsənilir, habelə meyvə yeyərkən səkərlə birlikdə orqanizmə vacib minerallar və vitaminlər də daxil olur. Ona görə də şirniyyat əvəzinə meyvə yemək daha məqsədəuyğundur.

Mif № 10. Şəkərin çox hissəsi orqanizmə şirniyyatla daxil olur

Şəkər istifadəsini azaltmaq üçün sadəcə olaraq şirin şeylərdən imtina etmək kifayət deyil. Şəkər praktik olaraq hər yerdə var, o qida məhsullarının əksəriyyətinin tərkib hissəsidir: çörək, konservlər, pendirlər, kolbasalar, tərəvəzlər, meyvələr, souslar, şirələr, yoqurtlar, alkoqol.

Mif № 11. Şəkərdən tam imtina sağlamlığın rəhnidir

Şəkər enerji hasil etmək üçün orqanizmə lazım olan qlükozanın əsas mənbəyidir. Şəkərdən imtina etdikdə fiziki zəiflik və zehin aktivliyinin azalmasının qarşısını almaq üçün onu karbohidrat tərkibli digər qidalarla əvəz etmək lazımdır. Lakin ən ciddi pəhriz zamanı da həkimlər qida rasionundan şəkərin tam olaraq çıxarılmasını tövsiyə etmirlər. Şəkərin sutkalıq norması ümumi karbohidrat miqdarının 15%-i miqdarında (təqribən 50-60 q) olmalıdır.


Şirin sevənlərə yaxşı xəbər – şəkər özü-özlüyündə təhlükəli deyil, bir lövhə şokolad, bir az tort və yaxud bir-iki fincan şirin kapuçino sağlamlığınızda “fatal dönüş” yarada bilməz. Amma həqiqətən də az - bir parça tort və ya şokolad olması şərtilə. Həddini bildiyinizdə çəkinmədən həyatınızı “şirinləşdirə” bilərsiniz.

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D



No comments:

Post a Comment

Ən populyar məqalələr