March 22, 2025

Ehtiyatlı olun: bioloji aktiv qida məhsulları!

Qloballaşma erasında neqativ tendensiyalardan biri də qlobal marketinqin hər birimizin həyatına, fəaliyyətinə sirayət etməsidir.     

Qlobal marketinqin sadə istehlakçı üzərində getdikcə artan təzyiqi günümüzün acı həqiqətinə çevrilmişdir. İri transmilli konqlomeratların marağını qoruyan, onların gəlirlərinin birə-on artmasına hədəflənən marketing artıq bir elmə çevrilmişdir. Özünün elmi araşdırmaları, tədqiqatları və həlləri ilə, marketing hər birimizin beyninə girməyin yollarını tapır, özünün maraqlarını hər vəchlə yeritməyə, həyata keçirməyə çalışır və sonda, əksər hallarda buna nail olur. Tələb və təklif, məqsədli auditoriya, sosial şəbəkələrdə kontent marketinq, Pareto prinsipi, rəqib analizi – bütün bunların qarşısında sadə istehlakçı sözün əsl mənasında, acizdir.

Qlobal brendlərin gündəlik həyatımızda yerini hər birimiz görürük. Müxtəlif “Procter & Gamble”lər, “Xerox”lar, “Apple”lər, “Ariel”lər, “Pampers”lər, “Coca-cola”lar və yüzlərlə digərləri qlobal marketinqin səylərinin nəticələsidir.

İstehlak bazarındakı vəziyyət çoxlarını qane etməsə də, mövcud durumla qatlaşmaq məcburiyyətindəyik. Ən azından seçim öz əlimizdədir, bu və ya digər məhsulu alıb almamağa özümüz qərar veririk.

Lakin qlobal marketinqin sağlamlıq sahəsinə getdikcə artmaqda olan təzyiqləri, əlbəttə ki, narahatlıq doğurur. Qlobal farmmarketinqin son illərdə müşahidə olunan həmlələri aptek rəflərini dolduran, cəzbedici dizayna malik müxtəlif bioloji aktiv qida məhsulları və tibbi vasitələrin az qala bütün dərdlərin dərmanı kimi reklam olunaraq, istehlakçıya təqdim olunması ilə kifayətlənmir, bu fəaliyyətinə bəzi həkimləri və farmakoloq-provizorları da cəlb edir.

Son illərdə bioloji aktiv qida məhsullarının (BAQM) qəbulu insanlar arasında çox populyarlaşıb. Bir çox insanlar bu məhsulları arıqlamaq, enerjili olmaq, saç və dəri vəziyyətini yaxşılaşdırmaq, immun sistemini gücləndirmək, vitamin çatışmazlığını doldurmaq və s. ümidi ilə qəbul edirlər. Çoxları bioloji aktiv qida məhsullarını dərmanlarla bir sıraya qoyur, lakin bu heç də belə deyil. Bioloji aktiv qida məhsulları nədir və həkimlərin onlara münasibəti necədir? Gəlin bu məsələni anlamağa çalışaq.

Bioloji aktiv qida məhsulları nədir?

Bioloji aktiv qida məhsulları orqanizm üçün müxtəlif faydalı maddələrin, məsələn, amin turşularının, vitaminlərin, mikroelementlərin və digərlərinin əlavə mənbəyi olan bioloji aktiv qida əlavələridir. Bioloji aktiv qida məhsullarının istehsalı üçün ciddi standartlar yoxdur. Keyfiyyətinə nəzarət onların qida məhsulları kimi təhlükəsizliyi baxımından həyata keçirilir.

Hansı bioloji aktiv qida məhsulları olur?

Qidaya bioloji aktiv əlavələr bunlar ola bilər:

  • Bitki və ya heyvan mənşəli təbii maddələr (məsələn, ginkgo, spirulina, exinasea, mərsin, lesitin, lutein, kollagen və s.);
  • Probiotiklər – normal bağırsaq mikroflorasını ehtiva edən qida əlavələridir (adətən bunlar canlı mikroorqanizmlər laktobakteriyalar, bifidobakteriyalardır);
  • Prebiotiklər – normal bağırsaq florasının artmasını və bioloji fəaliyyətini stimullaşdıran maddələrdir (əksər hallarda bunlar insan orqanizmində həzm olunmayan, lakin bağırsaq mikroorqanizmləri üçün vacib olan qida lifləridir);
  • Amin turşuları – orqanizm üçün zəruri olan zülalların sintez olunduğu üzvi birləşmələrdir;
  • Vitaminlər və minerallar – müxtəlif biokimyəvi fermentlərin (orqanizmdə mühüm biokimyəvi reaksiyalarda iştirak edən zülal birləşmələrinin) qurulması üçün zəruri olan mikroelementlərdir;
  • Müxtəlif maddələri ehtiva edən bioloji aktiv qida məhsulları (adaptogenlər, immunomodulyatorlar, fermentlər, əvəzolunmaz yağ turşuları və s.).

Bioloji aktiv qida məhsulları ilə dərman vasitələri arasında fərq nədir?

  1. Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyildir. Bu məlumat məhsulun qutusunun üzərində göstərilməlidir. Dərman vasitəsinin istifadəsinə dair təlimatda onun beynəlxalq patentləşdirilməmiş adı və ATS kodu göstərilir.
  2. Bioloji aktiv qida məhsullarının effektivliyini və təhlükəsizliyini sübut etmək üçün klinik sınaqlara ehtiyac yoxdur. Əksinə, dərman vasitələri klinik sınaqlardan keçməlidir.
  3. Dərman vasitəsinin istifadəsinə dair təlimatda yan təsirləri mütləq qeyd olunur, lakin bioloji aktiv qida məhsulları üçün bu vacib deyil.
  4. Bioloji aktiv qida məhsulları üçün resept və ya həkim tövsiyəsi tələb olunmur. Buna görə də, bir çoxları həkimə müraciət etmədən bu məhsulları alır özü üçün müalicə təyin edir. Bəzən bu, xəstəliyin əlamətlərini azalda bilər, lakin müalicə edə bilməz. Belə hal xəstəliyin irəliləməsinə və ağırlaşmaların inkişafına səbəb ola bilər.
  5. Bioloji aktiv qida məhsulunun tərkibində orqanizm üçün gözlənilməz və arzuolunmaz təsirə malik qatqılar ola bilər, məsələn, qaraciyərə toksik təsirə malik komponentlər ola bilər ki, bunlar da qaraciyər fermentləri olan ALT və AST-nin artımına səbəb ola bilər. Və yaxud qida əlavəsinin tərkibinə daxil olan aktiv və köməkçi maddələrə qarşı allergik reaksiya ola bilər.

Bundan başqa, bioloji aktiv qida məhsulunun qəbulu vitaminlərin və mikroelementlərin orqanizmdə artıqlığına səbəb ola bilər ki, bu da orqanizmdə toplanmaq xüsusiyyətinə malik qida əlavələrinə, əsas etibari ilə, yağda həll olunan A, E və D vitaminlərinə aiddir.   

Misal üçün, A vitamininin həddindən artıq dozası kəllədaxili təzyiqin artmasına, baş ağrılarına, görmə sinirinin ödeminə və görmənin pozğunluğuna səbəb olur. E vitamininin həddindən artıq toplanması halında baş ağrısı, başgicəllənmə, tromboza meyllilik, ishal, ümumi zəiflik müşahidə olunur. Belə misalları sonsuzadək sadalamaq olar.

Bir çox bioloji aktiv qida məhsulları tərkibinə görə qeydiyyata alınmış dərman vasitələrinə bənzəyir. Bəzilərində dərman vasitələrinin tərkibinə daxil olan vitamin kompleksləri və ya bitki komponentləri var. Ancaq bu, onların ciddi xəstəliklərin müalicəsində istifadə edilə biləcəyi demək deyil. Çox vaxt bioloji aktiv əlavələrinin reklamı və onların asan əldə olunması bir çoxlarını çaşdırır və onlar müxtəlif simptomlara qarşı özbaşına qida əlavələri qəbul etməyə başlayırlar.

Yalnız ixtisaslı həkim simptomları düzgün qiymətləndirə, diaqnozu müəyyənləşdirə və effektiv müalicə təyin edə bilər. Yalnız təcrübəli həkim klinik sınaqlardan keçmiş, istifadəsi təsdiqlənmiş və hər bir konkret xəstəlik üçün effektivliyi barədə sübut bazasına malik dərman vasitələri ilə müalicəni təyin edə bilər. Başqa sözlə, sübutlu, dəlil əsaslı təbabətin prinsiplərinə uyğun müalicə təyin edə bilər.

Bioloji aktiv qida məhsulları klinik tədqiqatların təsdiqlənmiş nəticələrinə əsaslanan sübutlu, dəlil əsaslı təbabətin prinsiplərinə uyğun deyil. Onlar müasir klinik tövsiyyələr siyahısına, protokollara daxil deyil.  

Hələ çox da uzaq olmayan keçmişdə nənə-babalarımız bizi öskürdüyümüz zaman şüyüd suyu, termopsis, balla qara turp, ağ ciyərləri möhkəmləndirmək üçün aloe, böyrək problemlərində itburnu çiçəyi, soyuqdəymə zamanı gülxətmi dəmləməsi və s. Ilə müalicə edirdilər. Bunların hər biri indi də apteklərdə var, özü də qəpiklə ölçülən qiymətə. Ona görə də qlobal marketinqin maraq dairəsində deyil, lakin, güman edirəm ki, bizim, sadə istehlakçıların maraq dairəsindədir.

Bu qəpiklik, lakin bu günümüzədək öz aktuallığını, şəfa gücünü itirməmiş təbii vasitələr, xalq təbabəti nümunələri barədə növbəti yazılarımızda bəhs ediləcək.

Çalışın sağlam qalın!

Unutmayın ki, sağlamlığınız öz əlinizdədir!

Buradan izləyin,







No comments:

Post a Comment

Ən populyar məqalələr