August 08, 2022

Son 30 il ərzində dünyada hipertoniklərin sayı ikiqat artmışdır. Bunlardan yarısı öz diaqnozlarını bilmirlər.

 

Artmış arterial təzyiqdən əziyyət çəkənlərin sayı son 30 ildə ikiqat artmışdır və hal-hazırda ümumilikdə 1,3 milyard təşkil edir. Bunlardan yarıdan çoxu lazımi müalicə almır və demək olar ki, hər ikisindən birinin heç öz xəstəliyi barədə məlumatı yoxdur.

Əvvəla, hipertoniyanın, ev şəraitində belə, asanlıqla aşkar edilməsinin mümkünlüyünə, ikincisi, təzyiqin normada saxlanılmasının, hətta inkişaf etməkdə olan ölkələrdə belə nisbətən uçuz başa gəlməsinə və nəhayət hipertoniyanın tipik ağırlaşmaları olan insult, infarkt, ürək və böyrək çatışmazlığının ən yayılmış ölüm səbəbləri sırasında olmasına və hər il 18 milyon insanın ömrünü almasına baxmayaraq, insanlar arasında bu problemə səthi yanaşmalar mövcuddur.

Belə qənaətə, bu sahədə aparılan və 2021-ci ildə Lancet jurnalınada dərc olunmuş ən miqyaslı tədqiqatın əldə etdiyi nəticələr əsasında gəlmək olar. Müəlliflər həddən artıq həcmdə məlumat toplamış və etmişlər. Bu məlumatlar 1990-2019-cu illəri əhatə edir və bütün dünya üzrə pasientlərin arterial təzyiqinin ölçülməsinin nəticələrindən ibarətdir.

Statistika göstərir ki, özündə hipertoniyanın olmasından xəbəri olmayan kişilər qadınlara nisbətən nəzərə çarpacaq dərəcədə çoxdur (müvafiq olaraq 51% və 41%), bununla belə kişilər həkimə daha az müraciət edirlər. Tədqiqatın nəticələrinə görə artmış arterial təzyiqi olan kişilərin 2/3-si (62%) heç bir müalicə almır.

Ən acınaqlı vəziyyət yüksək xəstələnmə göstəriciləri olan 10 ölkədən 7-sinin yerləşdiyi Şərqi Avropadadır. Macarıstanda, Polşada, Litvada, Rumıniyada, Belarusda, Xorvatiyada və Serbiyada artmış arterial təzyiqdən 30-79 yaşlarda kişilərin təqribən yarısı əziyyət çəkir.  

Şərqi Avropa ölkələrində arterial hipertoniya problemi (onun geniş yayılması) ənənəvi olaraq ABŞ və Böyük Britaniyada olduğundan daha kəskin şəkildə biruzə verir. Hipertoniklərin dünya üzrə kəskin artmasının səbəbi əhalınin tədricən qocalmasıdır: yaşlandıqca arterial hipertoniyanın tezliyi artır, yaşlı adamların sayının artması isə səhiyyə sisteminin artıq yüklənməsinə gətirib çıxarır.

Yığılmış məlumatlar əsasında demək olar ki, əvvəla, müalicə almayanların əksəriyyəti öz xəstəlikləri barədə heç nə bilmir – bunlar isə əsas etibarı ilə kifayət qədər təhsili olmayan kişilərdir. İkincisi, hipertoniyanı “sakit qatil” adlandırırlar, ona görə ki, çox vaxt heç bir simptomu biruzə vermir (əsasən də ilkin stadiyalarda). Üçüncüsü isə bu insanlar arasında həddən artıq alkoqol qəbul edənlər əksəriyyət təşkil edir.

İnsanlar arasında problem barədə məlumatsızlıq hökm sürür. Məsələn, normal bədən hərarəti rəqəmlərini praktik olaraq hər bir kəs bilir. Bəs arterial təzyiqin normal göstəricilərini hamı bilirmi?

Bu göstəricilər müxtəlif ölkələrdə müxtəlif səviyyələrdə qəbul edilmişdir, amma Avropa kardioloqlar cəmiyyətinin qəbul etdiyi standarta görə arterial təzyiqin 140/90 mm c.s. həddindən artıq göstəriciləri hipertoniyanın başlanması kimi qiymətləndirilir. Bu elə bir göstəricidir ki, bundan yüksək rəqmlər arzuolunmaz nəticələrlə sonlana bilər.

“Duz qabını masa üzərindən götürmək”

Britaniya həkimləri problemin məğzini pasientlərə izah edərkən onu boylerdə suyun qaynaması ilə tədricən ərpin yaranması (bu isə öz növbəsində suyun təzyiqini artırır) və yaxud avtomobilin təkərinə artıq hava vurulduqda, partlama şansının daha çox olması kimi misallarla izah edirlər.

Ona görə də, xəstəliyin başlanğıcını ötürməmək üçün və orqanizmə geri dönüşü olmayan ziyan vurmamaq üçün insanların əksəriyyətinə bu təhlükə barədə məlumatlı olmaq və mütəmadi arterial təzyiqlərini ölçmələri tövsiyə olunur. Axı hər hansı bir xəstəliyin qarşısının alınması erkən stadiyalarda daha asandır – hipertoniya zamanı isə, çox vaxt heç bir dərmansız, müalicəsiz, pasientin özünün səyləri kifayətdir.

Burada məşhur bir ifadəni yada salmaq yerinə düşərdi – “risk faktorları ağrımır”. Az fiziki aktivlik, stress, qeyri-rasional iş və istirahət rejimi, zərərli vərdişlər, qida rasionunun düzgün seçilməməsi, meyvə-tərəvəzdən kifayət qədər istifadə edilməməsi, duzun ifrat qəbulu – budur hipertoniyanın risk faktorlarının tam olmayan siyahısı. Vacib məqam ondan ibarətdir ki, bunlar “modifikasiya oluna bilən” faktorlardır, yəni bu faktorları hər bir kəs öz həyatından asanlıqla silə bilər.  

Duz hipertonikin əsas düşmənidir, belə ki, gündəlik qida ilə qəbul edilən duzun miqdarı ilə xəstəliyin inkişafı arasında sıx əlaqə çoxdan sübut edilmişdir. ÜST-nın tövsiyələrinə görə duzun gündəlik miqdarı 1 çay qaşığı (5 qram) həddini keçməməlidir. Reallıqda isə dünya üzrə orta rəqəm bu göstəricidən ikiqat çoxdur.

Şərq atalar sözünə görə “min addımlıq yol birinci addımdan başlayır”, bizim halda, ürək damar sistemi böhranının qarşısının alınması yolunda birinci addımnız bu olsun – sadəcə olaraq duz qabını masanızın üzərindən götürün.


Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D


No comments:

Post a Comment

Ən populyar məqalələr