June 01, 2022

"Vuity" göz damcısı. Eynək və kontakt linzalarla vidalaşırıq?



2021-ci ilin oktyabr ayında ABŞ-ın Federal Dərman Agentliyi (FDA) presbiopiya (gözün refraksiya qüsuru - qocalıq görmə pozğunluğu) üçün yeni bir dərman vasitəsini təsdiqlədi və indi satışdadır, lakin ciddi olaraq resept əsasında buraxılır. Bu vasitə "Vuity" adlanır və eynək, kontakt linza və ya göz əməliyyatına ehtiyac olmadan presbiopiyanın mənfi təsirlərini kompensasiya etməyə kömək edir. Bu dərman vasitəsi tətbiq edildikdən sonra 6 saat ərzində görmə itiliyini qaytaran bir göz damcısıdır.

Alimlər presbiopiyanın inkişafında iki əsas amyli qeyd edirlər. Birincisi, gözdəki büllur cisim deqradasiyaya uğrayır, elastikliyi itir, buna görə də göz hər hansı bir obyektə fokuslanmağa çalışdığı zaman linza rolunu oynayan büllur cisim öz formasını dəyişə bilmir. İkincisi, yaşla əlaqədar göz əzələləri zəifləyir və linzanı sıxıb açmağa gücü yetmir. Bu səbəbdən də gözlər işıq şüalarını qəbul edərək tor qişanın dərinliklərindəki optic sinirlərdə cəmləşdirmək qabiliyyətini qismən itirir.

Vuity 19-cu əsrin sonlarından müxtəlif göz xəstəliklərinin müalicəsində istifadə edilən pilocarpine maddəsinə əsaslanır. Vuity göz bəbəyini, sanki gözümüzü qıyaraq obyektə yaxından baxmağa çalışırıq kimi, daraldaraq, linzanın formasının məcburi dəyişməsinə səbəb olur. Bu yaxşı işıqda heç bir problem yaratmır, lakin yarı qaranlıqda orientasiyanı çətinləşdirə bilər.

Təəssüf ki, Vuity-nin gözlərin qızarması və baş ağrısı da daxil olmaqla bir çox yan təsirləri var, buna görə də gündə bir dəfədən çox istifadə edilməsi tövsiyə olunmur. Bir şüşənin qiyməti 86 dollardır, bir aylıq gündəlik istifadəyə kifayət edir.

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D

No comments:

Post a Comment

Ən populyar məqalələr