Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə 2025-ci ilədək dünya üzrə 20 milyondan çox insanda onkoloji xəstəlik qeydə alınacaq. Bunların 80%-i aşağı və orta gəlirli ölkələrin payına düşəcək (Azərbaycan orta gəlirli ölkələr sırasındadır).
Rəsmi statistikaya görə son 10 ildə Azərbaycanda onkoloji xəstələnmə halları 30% artmışdır. Müqayisə üçün deyək ki, həmin periodda ürək qan-damar sistemi xəstəlikləri 5%, ağ ciyər xəstəlikləri 11% artmışdır.
Hal-hazırda
Azərbaycanda onkoloji xəstəliklərin müxtəlif növləri ilə 58 mindən çox xəstə mübarizə aparır. Bu ümumi xəstələnmə hallarının 2,7%-ni təşkil etsə də, ölüm səbəbləri
sırasında ürək qan-damar sistemi xəstəliklərindən sonra ikinci yerdədir və
12,5% təşkil edir.
Son 50 ildə onkoloji xəstəlikdən ölüm hallarının artım dinamikasına nəzər yetirək. 1970-ci ildə ölkə üzrə ümumi ölənlərin sayı 34506 olub. Bunlardan 11320 nəfər ürək qan-damar sistemi xəstəliklərindən, 7480 nəfər tənəffüs sistemi xəstəliklərindən, 3230 nəfər digər səbəblərdən, 4254 nəfər isə onkoloji xəstəliklər səbəbindən dünyasını dəyişmişdir. Növbəti 10 illikdə isə bu rəqəm daha da artaraq 4898 olmuşdur. 90-cı illərdə bu rəqəmlərdə azalma müşahidə edilsə də, 2000-ci ildə və ondan sonrakı illərdə rəqəmlərdə artım müşahidə olunur. 2019-cu ildə onkologiyadan ölənlərin sayı 8819 olub. Bu isə o deməkdir ki, 1970-ci ildə yenitörəmədən ölümə görə əhalinin hər min nəfərinə düşən rəqəm 82,3 idisə, 2019-cu ildə bu rəqəm 89,0 təşkil edib.
Bioloqlardan, həkimlərdən və genetiklərdən ibarət beynəlxalq komanda xərçəng törədicilərinin genomunu tapmağa çalışır. “XXI əsrin vəbası”nın ehtimal olunan əsas səbəbləri hansılardır?
Kanserogen faktorların top-10 sırası bu cürdür (bax: diaqram 1):
- 33% siqaret çəkmə;
- 25% piylənmə və düzgün olmayan qidalanma;
- 23% irsi meyillik və başqa faktorlar;
- 5% hipodinamiya;
- 5% zərərli istehsalat riskləri;
- 3% alkoqol;
- 2% ətraf mühitin çirklənməsi;
- 2% farmasevtik məhsullardan sui istifadə;
- 2% ultrabənövşəyi şüalanma.
Şüurlu olaraq özümüzü və yaxınlarımızı nədən qorumalıyıq ki, ölkəmiz bir neçə onillikdən sonra insansız boşluğa çevrilməsin?
Siqaret çəkmə
Siqaret çəkmə hüceyrənin genetik məlumatını zədələyən və bəd xassəli şişlərin inkişafına təkan verən ən güçlü faktorlardan biridir. Tütün məmulatlarının istehlakı son illər durmadan artaraq rekord rəqəmlərədək yüksəlmişdir. Statistikaya görə Azərbaycanda kişilərin 50%-dən çoxu siqaret çəkir.
Ekspertlərin
hesablamaları göstərir ki, əhali sayına görə adambaşına çəkilən siqaretin
sayına görə dünyada birinci yerdə Rusiyadır. İkinci yerdə Cin və üçlüyü bitirən
isə Cənubi Kotreyadır. Top reytinqə Yaponiya, Türkiyə, Almaniya, İndoneziya,
ABŞ, Filippin və Hindistan daxildir.
Son
zamanlar ölkəmizdə nikotin asılılığına düçar olan qadınların və gənclərin
sayının artması təşviş doğurur, belə ki, bunlar ölkənin genofondudur, onun gələcəyinin
rəhnidir.
Tütün
tüstüsündə 7000-ə yaxın kimyəvi maddənin olduğu elmi cəhətdən sübut edilmişdir.
Bunladan ən azı 250-si ziyanlıdır, 70-i isə birbaşa kanserogen təsitə malikdir.
Təəssüf ki, bəzilərində qəlyan çəkməyin təhlükəsiz olması barədə yanlış təəssürat
formalaşmışdır. Qəlyan çəkərkən yüksək konsentrasiyalı dəm qazı və digər toksik
təsirli qazlar ayrılır ki, bu da ağ ciyər xərçənginin inkişafına səbəb olur. Qəlyan
tüstüsünün tərkbində, hətta filtrdən keçsə belə, çox miqdarda təhlükəli kimyəvi
maddələr var ki, adi siqaret çəkənlərdə olduğu kimi ağır fəsadlara səbəb ola
bilər. Mentol və ya nanə qatqılı aromalı siqaretlər də ziyandır və adi siqaretlər
kimi ağır xəstəliklərin inkişafı və vaxtsız ölum riskini artırır.
Piylənmə və düzgün olmayan qidalanma
Mədə-bağırsaq traktı və digər daxili orqanların onkoloji agentlərindən biri də düzgün olmayan qidalanmadır. Dietoloqların bu barədə rəyi yekdildir: doymuş yağlardan, rafinə edilmiş karbohidratlardan, habelə yüksək dərəcədə emal edilmiş və tərkibində artırılmış şəkər olan qidalardan uzaq durmaq lazımdır.
Hal-hazırda
yenitörəmələrin inkişafını dəstəkləyən bir çox qida faktorları məlumdur.
Bunların bir hissəsinin kanserogen təsiri təsdiq edilmiş, digərləri isə tətqiq
edilir.
Xüsusi
diqqət bizim rasionumuza daxil olan böyük miqdarda ət məhsullarına, əsas
etibarı ilə yağlı və hisə verilmiş məhsullara yönəldilmişdir. Ət məhsullarının
ifrat və (və ya) qeyri rasional istehlakı bir neçə səbəbdən kanserogenezi
stimullaşdıra bilər:
- Kanserogenlər ətin termik emalı prosesində (qızardıldıqda, hisə verildikdə) və məhsula müəyyən dad keyfiyyəti vermək üçün əlavə olunan qatqılardan əmələ gəlir;
- Ət məhsulları kanserogen baxımdan qeyri-əlverişli birləşmələrin mənbəyidir: doymuş yağların (yağlı, piyli ətdə), qida dəmirinin, hüceyrə proliferasiyası faktorlarının (hormonlar);
- Kokanserogen aktivliyə malik azot birləşmələri (fenollar, krezollar, indollar) zülalın qida amin turşularınadək deqradasiyası prosesi nəticəsində əmələ gəlir.
Müəyyən edilmişdir ki, hisə verilmiş ət və balıq məhsullarında kanserogen təsirə malik polisiklik karbohidratlar var. Alimlərin hesablamalarına görə, 50 qr hisə verilmiş kolbasada 1 qutu siqaretin, 1 banka şprotda isə 60 qutu siqaretin tüstüsündə olan qədər benzpiren var. Polisiklik karbohidratların insana kanserogen təsiri sübut edilib. Qızardılmış ət və balıq da müəyyən təhlükə kəsb edir. Ət məhsullarının yağda qızardıldıqdan sonra mutagenliyi həmin məhsulun buxarda və ya qaynadılaraq bişirilməklə müqayisədə 10-50 dəfə artmış olur.
Şişəleyhinə
profilaktik dieta gözləmək istəyənlərə tövsiyələr:
- Yağların ifrat istehlakına yol verməyin. Azad yağların maksimal miqdarı – gündə 1 xörək qaşığı (zeytun yağı arzuolunandır). Digər yağlardan, xüsusən də heyvan mənşəli yağlardan çəkinin;
- Yağların yanmasına imkan verməyin. Qızartmaq və kulinar emal üçün istifadə olunmuş yağdan təkrar istifadə etməyin. Qaçılmazdırsa, bunun üçün kərə və ya zeytun yağı istifadə edin. Yağı yaxşı olar ki, kulinar emal zamanı deyil, hazır olandan sonra əlavə edin. Yağın şəffaf olmayan şüşə və ya bərk metal qutu qablaşmasında olanını alın;
- Qoz və fındıq məhsullarını qabıqlı halda alın. Uzun müddət saxlanılmış təmizlənmiş günəbaxan tumunu yeməyin;
- Qidanı az miqdarda duzla hazırlayın və yeməyə duz əlavə etməyin;
- Şəkəri və digər rafinə edilmiş karbohidratları məhdudlaşdırın;
- Ətin istehlakını məhdudlaşdırın. Əti bitki mənşəli zülallarda (paxlalılar), balıqla (kiçik, suyun dərinliyində üzən sortları), yumurta (həftədə 3 yumurtadan çox olmaz), az yağlı süd məhsulları ilə əvəzləyin. Əti istehlak edərkən “qida dəyəri” şkalası nəzərə alınmalıdır: bu şkalaya görə dəyərin azalmasına doğru istiqamət belədir – ən dəyərli yağsız ağ ət, balıq, krolik, dana əti, toyuq (broyler olmasın), yağsız qırmızı ət, yağlı ət. Kolbasa, sosislər, eləcə də kömürdə qızardılmış, hisə verilmiş ət və balıqdan imtina edin;
- Qidanı buxarda və ya zəif odda az miqdarda su ilə hazırlayın. Yanmış yeməyi yeməyin;
- Ağ çörəyi məhdudlaşdırın, qida lifləri ilə zəngin çörək məmulatlarına üstünlük verin. Tərəvəzin qabığını soymayın, fırça ilə yaxşıca yuyun;
- Bulaq suyundan istifadə edin, suyun çöküntüsünün yatmasını gözləyin və ya digər yolla təmizləyin. Çay əvəzinə ot dəmləmələri, meyvə suyu için. Qazlı və ya süni əlavələri olan suyu içməyin;
- Artıq yeməyin. Aclıq hiss etdiyinizdə yeyin;
- Alkoqoldan sui istifadə etməyin.
Alkoqol
Müxtəlif bədxassəli yenitörəmələrin inkişafında spirtli içkilərin sui istehlakının rolu inandırıcı şəkildə sübut edilmişdir. Qaraciyər xərçənginin inkişafında alkoqolun rolu yaxşı öyrənilmişdir. Qaraciyərin alkoqol patologiyasında kanserogenlərin detoksikasiya prosesləri pozulur; bundan başqa, alkoqolun metaboliti olan asetaldehid kokanserogen xüsusiyyətlərə malikdir. Müntəzəm istehlak zamanı alkoqol qida rasionunun enerji dəyərinin ümumi səviyyəsinə təsir göstərir və digər qida komponentlərinin optimal nisbətini pozur. Ən əsası isə həddən artıq spirtli içki istehlakı ilə fol turşusunun aşağı göstəriciləri arasındakı qarşılıqlı əlaqədir. Belə ki, alkoqol nazik bağırsaqda folatların sorulmasına maneə törədir və fol turşusu defisiti yaranır. Bundan əlavə, alkoqol kanserogenlər üçün həlledici rolunu oynayır və onların sorulmasını artırır. Birbaşa prokanserogen təsirlə yanaşı, alkoqol endokrin və immun sistemlərə depressiv təsir göstərir və orqanizmin təbii şişəleyhinə müqavimət mexanizmlərinin effektivliyini azaldır.
Alkoqol,
oksigenin genotoksik formalarının hasilatını stimullaşdırmaqla, orqanizmdə
oksidləşdirici stressi artırmağa meyillidir. Bu isə, öz növbəsində, ənənəvi
olaraq kişilərdə müşahidə olunan ağız boşluğu, qırtlaq, yemək borusu, qaraciyər
və düz bağırsağın onkologiyası riskini artırır. Kişilər qadınlarla nisbətdə bu
patologiyalardan iki dəfə çox əziyyət çəkirlər. Bu məlumatlar Amerika Xərçəng
Araşdırmaları İnstitutu tərəfindən çoxsaylı araşdırmalar nəticəsində əldə edilmişdir.
Hipodinamiya və mobil vasitələrdən şüalanma
Bu gün vaxtı ilə “yeganə” əyləncə vasitəsi sayılan televiziya qutularının miniatür varisləri – noutbuklar, planşetlər, smartfonlar, oyun tətbiqləri – bizim asudə vaxtımızın və sağlamlığımızın əhəmiyyətli hissəsini zəbt etmişdir.
İnternet
şəbəkələrinin aktiv abonentlərinin sayı durmadan artmaqdadır. Bu gün Azərbaycanda
əhalinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə
internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz
artıb.
Demək
olar ki, günün 24 saatı mobil qadjetlərdən şüalanmaya məruz qalırıq. İnternetdən
asılıların sayı ilə onkoloji xəstəliklərin sayı düz mütənasıbdir desək,
yanılmarıq. “Screen time” (ekranı olan mobil vasitələrdən istifadə müddəti)
göstəricisinin sağlamlığa birbaşa təsiri tam olaraq öyrənilməyib, lakin buna
baxmayaraq bu göstərici hipodinamiyanın (az hərəkətliliyin) və bunun nəticəsi
olaraq çəkinin artmasının (piylənməyədək) səbəblərindən biri olaraq dolayısı
kanserogen faktorlar sırasına daxil edilmişdir.
Xüsusi
narahatlıq doğuran odur ki, ümumdünya İnternet toruna “ilişənlərin” əksəriyyətini
uşaqlar və yeniyetmələr təşkil edir. Çoxları üçün idman və təmiz havada
dostlarla gəzinti smartfonla əvəzlənib. Rəqəmlərə nəzər yetirin: son 2022-ci
ildə Azərbaycanda təxminən 260 milyon manat dəyərində bir milyona yaxın mobil
rabitə avadanlığı alınıb. Şübhəsiz ki, həmvətənlərimiz bu pulu sağlam həyat tərzinə,
düzgün qidalanmaya yönəltmiş olsaydılar, millətin sağlamlığı daha da möhkəmlənərdi.
Qeyri-əlverişli ekoloji şərait
Təbiətə, ekologiyaya qarşı ilbəil artan texnogen intervensiya, “təcavüz” ətraf mühitin qorunması istiqamətində səyləri heçə endirir. Bu gün Azərbaycan yollarında “şütüyən” avtomobillərin sayı 1992-ci illə müqayisədə iki dəfədən çoxdur, bu isə insanın tənəffüs orqanlarına mənfi təsir göstərən mühərrikdən çıxan ziyanlı qazların iki dəfədən çox artması deməkdir. Tənəffüs orqanlarının onkologiyasında son on ildə 6,2% artım olmuşdur. Bütün xərçəng xəstəliklərinin 10%-ni traxeyanın, bronxların və ağ ciyərlərin xərçəngi təşkil edir.
Kənd
təsərrüfatında aqrokimyəvi vasitələrin geniş tətbiqi meyvə və tərəvəzlərdə
nitratların artıq miqdarda toplanmasına səbəb olur ki, bu da insan orqanizmində
nitritə çevrilir. Nitritlər isə, öz növbəsində, mürəkkəb biokimyəvi
reaksiyalara girərək kanserogen nitrobirləşmələrin yaranmasına səbəb ola bilər.
Yenitörəmə
yarada biləcək maddələr içməli suya da qarışa bilər. İçməli suyun
xlorlaşdırılması nəticəsində hallogenləşmiş karbohidratlar əmələ gəlir və suda
mutagen aktivlik yaranır. Borularla hərəkəti zamanı su dəmirlə təmasda olur və
dəmirin artıq miqdarda mənimsənilməsi onkoloji riski artırır.
Ultrabənövşəyi
şüalar ətraf mühitin daha bir kanserogen faktorudur ki, hüceyrə immunitetini zəiflədə
və bədxassəli şişlərin yaranması riskini artıra bilər.
Farmasevtik məhsullardan sui istifadə
Əczaçılıq məhsullarının satışının ilbəil artması, analgetik, hormonal preparatların və antidepresanların nəzarətsiz qəbulu qaraciyər və böyrək xərçəngi üçün risk faktorlarından biridir. Bu orqanların xərçəngi ilə xəstələnmə hallarının son on ildə artım tempi bunu deməyə əsas verir. 2010-ci ildən bəri tibbi məhsulların satışında artım tendensiyası saxlanmaqdadır. Onu da qeyd etmək lazımdır ki, son illərdə ölkəmizə idxal edilən farmasevtik məhsulların (o çümlədən bioloji fəallığa malik qidə əlavələrinin) keyfiyyəti də qənaətbəxş deyil. Lakin bu başqa bir söhbətin mövzusudur.
Orta statistik azərbaycanlı həddindən artıq siqaret çəkir, alkoqollu içkilərdən sui istifadə edir, öz qidalanmasına nəzarət etmir, kontrolsuz (həkim təyinatı olmadan) tabletləri qəbul edir, idmanla dostluq etmir və vaxtının böyük hissəsini hərəkətsiz olaraq smartfon əlində, televizor qarşısında keçirir.
Bəli, artıq necə yaşadığımız, nə yediyimiz, ətrafda nələr baş verdiyi barədə düşünmənin vaxtı gəlmişdir. Özümüzə, sağlamlığımıza qarşı həm bir fərd olaraq və həm də ümumilikdə toplum olaraq diqqətin və məsuliyyətin artırılması labüddür, bu müasir dövrümüzün aktual problemlərindən biridir.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment