Yayın istisində ürəyə təhlükə yaradan nədir?
Yay bizi günəşli
günləri və isti havası ilə sevindirir. Bununla belə, məhz günəş və həddindən
artıq isti iqlim ürəyi zəif olan adamlar üçün təhlükə mənbəyidir. Yüksək
temperatur havada oksigenin azalmasına səbəb olur. Oksigen qıtlığını aradan
qaldırmaq üçün ürək artmış rejimdə çalışır.
Daha bir təhlükə
– orqanizmin susuzlaşmasıdır. İsti hava şəraitində, bədəni soyutmaq üçün aktiv
tərləmə olur. Nəticədə orqanizm çoxlu maye itirir, qan qatılaşır və tromb
yaranması riski artır.
Uzun müddət günəş altında olmaq və fiziki əmək ürək qan-damar sisteminin gərgin işləməsinə səbəb olur. Bu arterial təzyiqin rəqəmlərinin oynamasına, huşun itməsinə, başgicəllənməyə və digər ürək-damar sistemi xəstəliklərinin simptomlarının yaranmasına, hətta qəfil insult və ya infarktın yaranmasına səbəb ola bilər. Çoxları yay aylarında əhvalın pozulmasını qan təzyiqinin artması ilə əlaqələndirir və özbaşına təzyiq salıcı preparatlar qəbul edirlər ki, bu da vəziyyəti daha da pisləşdirir. Yadda saxlamaq lazımdır ki, belə hal qan təzyiqinin düşməsi ilə də bağlı ola bilər, ona görə də dərman qəbul etməzdən qabaq tonometrlə qan təzyiqini ölçmək lazımdır.
Qan təzyiqinin
artmasına uzun müddət günəş altında olmaq, isti havada fiziki işlə məşqul olmaq,
spirtli və energetik içkilərin qəbulu səbəb ola bilər. Qan təzyiqi yüksək
olanlar, ürəyin işemik xəstəliyindən (ÜİX) və ürək qan-damar sisteminin digər
patologilarından əziyyət çəkənlər üçün bu olduqca təhlükəlidir. Yüksək arterial
təzyiq hipertonik krizin, beyin qan dövranının kəskin pozğunluğunun, infarktın
və insultun inkişafını təşviq edə bilər.
Digər bir təhlükə havanın temperaturunun kəskin dəyişməsidir. Küçədə həddindən artıq istidən sərin kondisionerli otağa daxil olmaq nə qədər xoş olsa da, tək soyuqdəymə ilə deyil, ürək spazmı ilə də nəticələnə bilər.
Ürəyimizi necə qoruya bilərik?
Ürək-damar xəstəlikləri olan, eləcə də 60 yaşdan yuxarı şəxslərə yayın qızmarında açıq günəş altında olmaq və başı açıq çölə çıxmaq tövsiyə olunmur. Gəzinti üçün ən yaxşı vaxt havanın nisbətən sərin olduğu səhər və axşam saatlarıdır. Fiziki fəaliyyət, məsələn, bağda-bağçada görüləcək işlər də daha sərin vaxtlaradək təxirə salınmalıdır. Günəş altına çıxarkən baş örtülməlidir.
Orqanizmin susuzluğunun və qanın qatılaşmasının qarşısını almaq üçün su içmə rejiminə riayət etmək lazımdır. Gün ərzində çoxlu qazsız su içmək tövsiyə olunur, amma az-az və tez-tez.
Bunlardan əlavə, yay aylarında qanda
kalium və maqneziumun səviyyəsinə diqqət yetirmək lazımdır, belə ki, orqanizm tərlə
bu maddələrin bir qismini itirir. Onların orqanizmdə səviyyəsi azalmışsa,
həkimlə məsləhətləşərək onların defisitini aradan qaldırmaq üçün əlavə
preparatlar qəbul edilməlidir.
Kondisionerdən
istifadə zamanı ürək-damar spazmlarının qarşısını almaq üçün temperatur fərqinə
diqqət yetirmək lazımdır. Çölün havası ilə otaq temperaturunun fərqi 7-10 dərəcədən
artıq olmamalıdır.
Bəs məzuniyyət?
Yay səyahətini planlayarkən ürək problemləri olan adamlar həkimlə məsləhətləşməlidirlər. Məzuniyyət ilk növbədə uzun yoldur. Xroniki xəstələrə təyyarədə uçmaq olar, amma kəskin vəziyyətlərdə, əlbəttə ki, olmaz. Damar xəstəliyi olanlar təyyarədə uçarkən kompression corablardan istifadə etməlidirlər.
Avtomobillə səyahət zamanı hər iki saatdan bir maşını saxlayıb bir qədər gəzinmək lazımdır. Avtomobildə gedərkən kiçik döşəkcələrdən istifadə edərək, onları bel altına, boyun altına yerləşdimək, oturacaqda yerləşmə vəziyyətini vaxtaşırı dəyişmək məsləhətdir.Dəniz kənarında istirahət zamanı və dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Günəş altında olma vaxtı məhdud olmalı və yalnız səhər və axşam saatlarında dənizə getmək tövsiyə olunur. Günəş aktivliyinin pik saatları 12-dən 16-dəkdir, bu saatlarda yaxşı olar ki, evdə və yaxud parkda, ağacların kölgəliyində istirahət edəsiniz.
Dənizdə üzmə
ürək üçün artıq gərginlik yaradır, ona görə də ehtiyatlı olmaq lazımdır. Temperaturun
kəskin dəyişməsinin qarşısını almaq üçün dənizə tədricən girmək tövsiyə olunur.
Bu zaman dəniz suyunun hərarəti 20 dərəcədən az olmamalıdır.
Əgər özünüzü
pis hiss edirsinizsə, sərinlərin, payızın gəlməsini gözləməyin, dərhal həkimə
müraciət edin. Yalnız həkim müalicəni müəyyən edə və mümkün fəsadların
qarşısını ala bilər!⠀
Xoş istirahətlər!
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment