1. Mürəkkəb damar şəbəkəsi kompleksi
İnsan bədənində olan damarlarının ümumi uzunluğu təxminən
100 min kilometrdir.
2. Ən təhlükəli xəstəlik
Ateroskleroz ən geniş yayılmış patologiya olmaqla, həm də ən təhlükəli xəstəlikdir. Statistikaya görə ölüm səbəbləri sırasında birinci yerdədir, planetin yetkin əhalisinin yarısı bundan əziyyət çəkir.
3. Tək ürəyi deyil...
Yanlış təəssürata rəğmən, ateroskleroz təkcə hipertoniya və
miokard infarktı ilə səciyyələnmir, bu xəstəlik aortanı, aşağı ətrafların
periferik damarlarını (belə hallarda xəstələr ayaqlarında ağrıdan şikayət edirlər),
beyin arteriyalarını, böyrəkləri və s. zədələyir.
4. Əlçatan diaqnostika
Damarlarda tıxanmanın olmasını müəyyən etmək üçün müxtəlif
diaqnostik tədqiqatlar mövcuddur. Məsələn, ultrasəslə Doppler diaqnostikası. Bu
tədqiqat qanın damarda axınının normada olub-olmamasını və tıxanma dərəcəsini təyin
etməyə imkan verir. Doppleroqrafiya zamanı qan damarlarını görmək və onlarda
qanın normal axıb-axmamasını müəyyən etmək olar. Bu zaman venoz və arterial qan
vizual olaraq fərqlənir (fərqli rəngə malikdir).
Eləcə də qan damarlarında tıxanmaları maqnit-rezonans tomoqrafiyanın (MRT) xüsusi növü olan MRA diaqnostikası vasitəsilə də müəyyən etmək olar.
Yeni 3D damar görüntüləmə
texnologiyası olan VascuViz qan nəqli sistemlərinin arteriyalardan tutmuş
kapilyarlara qədər bütün damarların necə işlədiyini təhlil
etməyə kömək edəcək.
VascuViz, damarlara nüfuz edən və onları 3D formatda görünən edən polimerlərə əsaslanır. Texnologiya müxtəlif skanerlərdən istifadə edərək qan damarlarını vizuallaşdırmağa imkan verir.
Kompüter tomoqrafiyanın (KT) bir növü də kompüter angioqrafiyasıdır. Bu tədqiqat qan damarlarındakı tıxanmaların qeyri-invaziv yolla (qan damarlarına kateter daxil etmədən) diaqnostikasına imkan verir. Prosedur kontrast agentin venadaxili yeridilməsindən və bir neçə KT şəkillərinin çəkilməsindən ibarətdir. Bu tədqiqat orqanizmin müxtəlif nahiyələrində qan dövranı pozğunluqlarını aşkar etməyə imkan verir. Buna virtual kateterizasiya da deyilir.
6. Dolayısı yolla
Damarın tıxanması nəticəsində yaranan qan dövranı
pozğunluqlarının aradan qaldırılması yollarından biri “şuntlama” əməliyyatıdır.
Digər bir metod isə damarı bağlayan aterosklerotik lövhələrin mexaniki olaraq
dağıdılması və qanın damarlarda sərbəst axınının təmin edilməsidir.
7. Xəstəni ayaqları qidalandırır
Şuntlama əməliyyatı zamanı damar "təmizlənmir",
tıxanmış damara alternativ qan axını yolu yaradılır. Bu məqsədlə xəstənin öz
qan damarından istifadə edilir, əsasən – ayaq venaları.
8. Əksinə axın
Ürəkdən qanı daşıyan damarlar (arteriya), qanı ürəyə geri gətirən
damarlardan (venalar) fərqlənir. Vena damarlarının içərisində venoz qapaqlar
olur. Buna görə də, xəstənin venasından arteriya “düzəldərkən”, onların daxili
venoz qapaqlar çıxarılır. Bəzən isə venanın təbii istiqaməti dəyişdirilərək tərsinə
tikilir.
9. İncə materiya
Şuntlama əməliyyatı və qan damarlarının tikilməsi texnikası
fransız cərrahı Aleksis Karrel (Alexis Carrel) tərəfindən işlənib hazırlanmışdır. Əməliyyatın texnikasına, alimin anasının
sevdiyi məşğuliyyət olan incə tikmələr əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
1912-ci ildə Aleksis Karrel bu sahədəki nailiyyətlərinə görə tibb üzrə Nobel
mükafatına layiq görülmüşdür.
10. Tükdən incə
Qan damarının divarının qalınlığı olduqca incədir (təxminən
0,5 mm), buna görə də onu tikmək üçün çox nazik saplardan istifadə olunur. Bu
saplar insan saçından daha nazikdir. Cərrahi iynənin diametri 0,14 mm təşkil
edir. Əməliyyatı edən cərrah mikroskop və ya digər optik alətdən istifadə edir.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment