August 31, 2020

VIRUSLAR: haqqında bilmədiyimiz vacib faktlar

 


Virusun nə olduğunu bilirsinizmi? Onun neçə növü planetimizdə mövcuddur və kimlər virusa yoluxur? Virusdan necə qorunmalı, peyvənd nədir və bu kimi digər vacib məlumat qısa şəkildə geniş oxucu kütləsinin nəzərinə təqdim olunur.

Qısa tarixçə

Martin Beyerik öz labora-
toriyasında. 1921-ci il
D.İvanovski
İnsanlar hələ çox qədim zamanlardan viruslarla çiyin-çiyinə yaşayır, amma onun həqiqətən mövcudluğunu təqribən 130 il bundan 
öncə bilmişlər. 1892-ci ildə rus botanik və mikrobioloq Dmitri İvanovski (Дмитрий Иосифович Ивановский) “tütün şəbəkəsi” virusunu kəşf etdi. 

“Virus” anlayışını isə 6 il sonra Hollandiyalı mikrobioloq Martin Beyerink (Martinus Willem Beijerinck) gündəmə gətirmişdir. “Virus” latın dilindən tərcümədə “zəhər” və yaxud “çirkli maye” deməkdir ki, bu məvhum da o zaman üçün onun törətdiyi fəsadların məntiqinə tam uyğun idi. Yeri gəlmişkən “tütün şəbəkəsi” – insan virusu deyil, bitki virusudur. O tütün yarpaqlarını zədələyərək keyfiyyətli tütün məhsullarının istehsalını əngəlləyir.

Virus nə deməkdir?

Viruslar – hüceyrədaxili parazitlərdir. Onlar heyvanlarda, bitkilərdə, sadə orqanizmlərdə, göbələklərdə, yosunlarda və hətta bakteriyalarda geniş yayılmışdır. Viruslarda maddələr mübadiləsi yoxdur, enerjini yalnız yerləşdiyi sahibinin maddələr mübadiləsi hesabına alırlar. Özünün çox xırda ölçülərinə baxmayaraq (20-400 nm2), viruslar tammənalı orqanizm hesab edilirlər. Onlar irsi olaraq özünə bənzərini törətmək və dəyişkənlik qabiliyyətinə malikdirlər, habelə təkamül zamanı təbii seçməyə məruz qalırlar.

Neçə virus var?

XX əsrin birinci yarısı kəskin febril xəstəliklərin törədiciləri olan virusların yaxından öyrənilməsinə həsr edilmişdi. Kəşflər ard-arda düzülmüşdü.

2019-cu ildə COVİD-19

1898-ci il – dabaq virusu kəşf edildi; 

1901-ci il – sarı qızdırma virusu;

1907-ci il – təbii çiçək;

1909-cu il – poliomielit və ağcaqanad qızdırması (pappataçi qızdırması)

Bu günə 2000-dən çox insan və heyvan virusu, 300-dən çox bitki, həşərat və bakteriya virusu məlumdur. Lakin alimlərin hələ kəşf olunmamış viruslar barədə qənaəti daha da şaşırdıcıdır. Tanınmış alman tədqiqatçısı və virusoloqu, Zürix universitetində tibbi virusologiya institutunun direktoru olmuş Karin Mellinq (Karin Moelling) deyir ki, virusların ümumi sayı 10 üzəri 33 dərəcə mislində qiymətləndirilməlidir. Bu göydə ulduz sayından da qat-qat çoxdur. 


Viruslar insan orqanizminə necə təsir göstərir?

                     
Virusun hücumu
Sadə dillə desək, orqanizmə daxil olduqdan sonra virus parazit kimi hüceyrəyə yapışaraq, bütün mübadilə proseslərini durdurur və bunun əvəzinə virus DNT-ыштшт və virus zülallarının sintezini işə salır. Bundan sonra da aydın məsələdir ki, yeni yetişkin virusların aktiv hasilatı başlayır, insanın donor hüceyrəsi dağılır və yeni virus orqanizmləri digər hüceyrələrə yayılır.


Nəyə görə virusların heç də hamısı xəstəlik törətmir?

Adenoidlər

1952-ci ilin qışında bir qrup amerika virusoloquna uşaq xəstəxanasından zahirən sağlam uşaqlardan cərrahi yolla kəsilib götürülmuş adenoid və badamcıqları təqdim olunur. Onlar bioloji toxumanı xırdalayıb insanın bədən hərarətinə uyğun 37oC temperatur şəraitində qida mühiti olan sınaq şüşəsinə yerləşdirirlər. Sınaq şüşələrində hüceyrələrin artması müşahidə olunur, hər gün artım davam edir. Qida mühitini müntəzəm yeniləyirlər. Lakin bir neçə gündən sonra onların dağılması, degenerasiyası başlayır: hüceyrələr qaralır, daha sonra büzüşərək dağılırdılar. Prosesi dayandırmaq mümkün olmur. Bu zaman qida mühitini bakterial filtrdən – məsamələri ən kiçik bakteriyanı belə saxlamaq iqtidarında olan xüsusi çini (farfor) təbəqələrdən ibarət qurğudan keçirirlər. Belə filtlərlə hər hansı məhlulda bakteriyaları asanlıqla viruslardan ayırmaq mümkündür. Amma bakteriyalardan təmizlənmiş canlı hüceyrələrin məhvi davam edir. Deməli bunun səbəbi viruslardır. Bu virusları adenoviruslar adlandırırlar. Bu viruslar sağlam uşaqlardan götürülmüş toxuma fraqmentlərində də aşkar edilir. Bəs necə olur ki, öncədən uşaq orqanizmində bunlar aktivlik göstərə bilmir, yalnız kəsilib qida mühitinə yerləşdirildikdən bir neçə gün sonra təsir göstərirlər? Alimlər bunun cavabını tapmaq üçün həmən kəsilmiş badamcıqları üsulluca xırdalayıb qumla əzir və mikroskop altında baxırlar, - və adenoviruslara qarşı antitelləri aşkar edirlər. Elə bu antitellər virusun fəaliyyətini məhdudlaşdırırmış. Toxuma kəsiklərinin kultivasiyası zamanı hər dəfə qida mühiti dəyişdiriləndə antitellər tədricən yuyulub gedirdi. Beləliklə virus onların təsirindən azad olaraq aktivləşir, artmağa başlayır və toxumanı məhv edirdi.  

Virusa qarşı antitellər haradan alınır?

Faqositoz

Xəstə orqanizmi virusa qarşı heç də laqeyd qalmır. İlk saatlardan o törədici ilə mübarizəyə qoşulur və bunun üçün bütün mühafizə qüvvələrini – immunitetin müxtəlif mexanizmlərini səfərbər edir. İlk növbədə virusa qarşı mübarizəyə leykositlərin bəzi formaları (faqositlər) qoşulur. Onlar virusu udaraq içərilərində həll edirlər. Bu zaman həll edilmiş virusların bir qismi, tam dağılmadan T- və B-limfositlərə – virusa qarşı antitel hasilatını təmin edən leykositlərin xüsusi qruplarına verilir. Belə antitellər virus hissəcikləri ilə birləşərək, onları bir-birinə yapışdırır və onların aktivliyini neytrallaşdırır. Orqanizm güclü və sağlamdırsa, mübarizə aparmaq üçün kifayət qədər lazım olan leykosit və limfositlərə malikdirsə, o zaman immun sistem özü virusa qalib gəlir.  

Bəs niyə xəstənin temperaturu kəskin artır?

Hərarət

Bədən temperaturunun artması da virusun məhvinə yönəlmiş orqanizmin müdafiə reaksiyasıdır. Nəhayətdə yoluxmuş orqanizmdə toplanmış virusların böyük əksəriyyəti sidiklə daim xaric olunur. Buna görədir ki, həkimlər belə yoluxmalar zamanı çoxlu maye qəbulunu tövsiyə edirlər. Bununla belə qeyd etmək lazımdır ki, bir çox viruslar məhv olunmadan insan orqanizmində həmişəlik qalır, lakin aktivliyini itirirlər. Nəzərdə saxlamaq lazımdır ki, immun sistemi zəiflədikdə (müxtəlif xəstəlik və patoloji hallarda) bu virusların aktivləşməsi ehtimalı var.

İnsan orqanizmində neçə virus yaşaya bilər?

Adenoviruslardan başqa zahirən sağlam adamların orqanizmində qızılca, məxmərək, herpes, klassik quş qripi, sitomeqalovirus, su çiçəyi, gənə ensefaliti, poliomielit və bir çox başqa viruslar da aşkarlanmışdır. Onların orqanizmdə aktivliyini müvafiq antitellər məhdudlaşdırır. Məsələn, uşaq yaşlarında qızılça keçirmiş adam uzun illər virusun daşıyıcısı ola bilər və virusu limfa vəzilərində və dalaqda saxlaya bilərlər.

Heyvanlardan virusa yoluxma ola bilərmi?

Heyvanlar da virus daşıyıcısıdır

Hətta tam sağlam heyvan, insan kimi, orqanizmlərində kifayət qədər virus daşıya bilər. Gəmiricilər illərlə özlərində limfositar xoriomeningit, Lassa qızdırması, quduzluq, çiçək və s. kimi virusları daşıya bilər. Quduzluq virusunun gizli daşıyıcısı kimi yarasaları, xüsusilə də Braziliya, Meksika və Argentinada mövcud olan qaniçən vampirlər adlandırılan növünü göstərmək olar. Heyvanın dişləməsi və yaxud qida ilə yeyilməsi insanın yoluxmasına gətirib çıxara bilər. Ancaq bütün heyvan virusları insan üçün təhlükə daşımır.  Məsələn, dabaq virusuna yoluxmuş donuzları tətqiq edən adamların burnundan tamponla yaxma götürülür. Təsvvür edin ki, bu yaxmalarda kifayət qədər konsentrasiyada dabaq virusu aşkarlanır. Bu insanlar xəstələnmir və donuzlar və inəklər arasında virusun daşıyıcılarına çevrilmirlər.

Virusa yoluxmadan necə qorunmaq olar?

Sağlam qida və sağlam həyat tərzi

Hər hansı virusa yoluxmamaq mümkün deyil. Lakin orqanizmi buna qarşı layiqli müqavimət göstərməsi üçün hazırlamaq mümkündür. İmmuniteti dəstəkləmək üçün sağlam qidalanma və sağlam həyat tərzi. Hüceyrələrin interferonla – xəstəliyin ilk başlanğıc dövründə virusun artmasının və yayılmasının qarşısını alan zülal təbiətli xüsusi maddə ilə, təmin olunması üçün orqanizmə kömək etmək lazımdır. Hər bir yoluxmuş hüceyrədə interferon hasil edilir. İnterferon preparatının və ya onun orqanizmdə hasilatını təmin edən maddələrin virus infeksiyasının ilk əlamətləri zamanı qəbul edilməsi tövsiyə olunur.  Əlbəttə, ən effektli vasitə - peyvənd yolu ilə təhlükəli infeksiyalara qarşı antitellərin orqanizm tərəfindən hasilatının təmin edilməsidir.

Peyvəndlər necə meydana gəlib və onların təhlükəsizliyi nə dərəcədədi?

Hələ 3500 il bundan qabaq Qədim Çində yüngül çiçək xəstəliyi (bu virus infeksiyasıdır) keçirmiş adamlar sonralar heç vaxt bu xəstəliyə yoluxmurdular. Bu xəstəliyin ağır fəsadlarlarından qorxaraq, belə ki, yoluxanların yarısından çoxu həyatlarını itirir, bir çoxlarının isə xəstəlikdən sifətlərində dərin izlər qalırdı, insanlar öz uşaqlarını qəsdən xəstəliyin yüngül formasına yoluxdururdular. Bunun üçün körpələrə yüngül çiçək xəstəliyi keçirmiş adamların köynəyini geyindirir və burunlarına həmin xəstələrin dəriüstü qabığının qudulmuç tozunu üfürürdülər. Amma bu metod Avropada öz geniş vüsətini tapa bilmədi. Yoluxma materialının dəqiq dozalanmasının imkansızlığı çiçək xəstəliyinin ağır formasına yoluxma təhlükəsindən qorumurdu. 

Edvard Cenner (Edward Anthony Jenner)
Yalnız XVIII əsrin sonlarında ingilis alimi Edvard Cenner (Edward Anthony Jenner) müəyyən etdi ki, yüngül xəstəlik olan inək çiçəyi virusuna (Spontaneous Cowpox) yoluxmuş sağıcılarda bu xəstəlik müşahidə olunmur. O zamanlar inək çiçəyinə “vacca” (yunan dilindən tərcümədə - “inək”) da deyirmişlər. 1796-cı ildə həkim çox riskli təcrübəyə cəhd göstərir. O inək çiçəyinə yoluxmuş sağıcı qadının dərisi üzərindəki suluqdan götürülmüş möhtəviyyatı hamının gözü qarşısında tam sağlam 8-yaşlı Cems Foppsun çiyninin dərisinə yeridir. Peyvənd yerində yalnız bir neçə suluq əmələ gəlir. 1,5 aydan sonra o Fippsə təbii çiçək xəstəsinin irinli suluğundan götürülmüş möhtəviyyatı yeridir. Uşaq xəstələnmir!

1798 ildə Cenner öz əsərlərini çap etdirir və ilk dəfə peyvənd yolu ilə çiçək xəstəliyinə yoluxmanın qarşısının alınmasının mümkünlüyünü isbat edir. Çiçək əleyhinə peyvənd virus əleyhinə ilk peyvənd sayılır və əslində kəskin surətdə xəstəliktörədici qabiliyyəti zəiflədilmiş canlı virusdur. 

Lui Paster (Louis Pasteur)

Təqribən 100 il sonra Parisdə Lui Paster (Louis Pasteur) quduzluq əleyhinə peyvəndi hazırladı və uğurla təcrübədən keçirdi.  Amma ən əsası odur ki, o qoruyucu peyvəndlər barədə elmin əsasını qoydu, bu da o zamanlardan bu günümüzədək virus xəstəliklərinin epidemiyasının qarşısının alınmasında əvəzsiz rol oynadı. Bunun nəticəsi olaraq vaxtı ilə milyonlarla insanın həyatına son qoyan xəstəliklərə qarşı mübarizədə uğur qazanılıb. Məsələn, təbii çiçəyə son yoluxma 1977-ci ildə Somalidə olmuşdur.

Tam olaraq ideal olan, hamını qoruya biləcək və tamamilə təhlükəsiz peyvənd yoxdur. Peyvənddən sonrakı reaksiyalar adətən inyeksiya yerində ağrı, qızartı və ya şişkimliklə məhdudlaşır. Belə hallarda yüngül hərarətsalıcı, ağrıkəsici dərman və çoxlu maye qəbulu tövsiyə olunur. Orqanizm yeridilmiş virusun zəiflədilmiş forması ilə özünün adi vasitələri ilə mübarizə aparır. Peyvəndlərin ciddi, sağlamlıq üçün təhlükəli ağırlaşmaları da müşahidə oluna bilər. Amma belə hallar peyvənd edilməmişlər arasında təbii virusla yoluxmadan sonra letal nəticələrlə müqayisə oluna bilməz dərəcədə azlıq təşkil edir. ÜST-nın sənədlərinə görə peyvənddən sonrakı fəsadlaşmalar son dərəcə nadir hallarda baş verir. Bu göstərici yeridilmiş milyon dozadan yalnız birini təşkil edir.

KORONAVİRUS (COVİD-19)

Koronavirus - əsas etibarı ilə tənəffüs sistemi və mədə-bağırsaq sisteminin zədələnməsi ilə xarakterizə olunan kəskin virus xəstəliyidir. Mənşəyinə görə zoonoz infeksiyası sayılır.

İnsan üçün təhlükə kəsb edən respirator və bağırsaq koronaviruslarıdır. Əsasən respirator növü üstünlük təşkil edir ki, buna adətən kəskin respirator virus infeksiyası deyilir.

Bu viruslar ətraf mühitdə sabitliyini qoruya bilmir. 56oC-dən yuxarı temperatur şəraitində dərhal təsirlərini itirirlər, xloroform, formalin, etil spirti və efirin təsirindən dağılırlar. Koronavirus donmaya davamlıdır.

Koronavirusun səbəbləri mutasiyalardır ki, bunun nəticəsində yeni tip virus meydana gəlir. Koronavirus infeksiyasına yoluxmanın mənbəyi, adətən xəstə insandır. Bu zaman kontagiozluq dövrü qeyri-müəyyən dərəcədə uzun olur.

Koronavirusa yoluxmanın mənbəyi bəzi heyvanlar da ola bilər (meymunlar, quşlar, ilanlar və s.). Yeni tip törədicinin (2019-nCov) yoluxma mənbəyi kimi yarasalar göstərilir. Lakin indiyədək ev heyvanlarının (itlər, pişiklər) koronavirus 2019-nCov daşıyıcıları olması barədə məlumat yoxdur.

Törədici əllərin gigiyenası və ərzaqın kulinar emalı qaydalarına riayət olunduğu təqdirdə müxtəlif əşyalardan, qapı dəstəyindən, bağlamalardan, qida məhsullarından birbaşa ötürülə bilməz. Çirkli əllərlə və əşyalarla üzə, buruna, ağıza, gözlərə toxunmaq olmaz. Ona görə də əlləri tez-tez və yaxşı-yaxşı sabunla yumaq və yaxud dezinfeksiyaedici vasitələrlə emal etmək tövsiyə olunur.

Virus hava-damcı, hava-toz, fekal-oral yolla ötürülür. Ötürülmə faktorlarına udlaq seliyi, qusuntu, quşların, heyvanların və xəstə insanın fekal məhsulları aiddir.

İnsanlarda koronavirusa qarşı həssaslıq çox yüksəkdir, xəstəlik bütün yaş qruplarında müşahidə edilir. Virusların antigen müxtəlifliyi törədicinin digər seroloji tipləri ilə təkrar yoluxma hallarının əhəmiyyətli dərəcədə qabarıqlığını səciyyələndirir.  

Bu gunədək koronavirus infeksiyasının inkişafının patogenetik mexanizmləri kifayət qədər öyrənilməyib. İnfeksiya üçün giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. 2019-nCov törədicisi ilə yoluxduqda infeksiya dərhal bronxlara və ağ ciyərə siraət edir.

Fekal-oral mexanizmi ilə yoluxma zamanı xəstəlik mədə-bağırsaq traktının zədələnməsi ilə təzahür edir.

Xəstəlik antitellərin sintezi ilə müşayiət olunur, amma bu antitellər təkrar yoluxmadan qorunmaya zəmanət vermir.

Koronavirus infeksiyalarının əksəriyyətinin inkubasiya dövrü 2-3 sutka ilə məhdudlaşır. Lakin 2019-nCov koronavirusu üçün bu period 1-14 gün təşkil edə bilər (ortalama – 10 gün). Bütün bu period ərzində insan digərlərini yoluxdura bilər.

Xəstəlik əksər hallarda adi qrip, paraqrip və yaxud hər hansı başqa kəskin respirator infeksiya kimi, bütün bu sadalananlara xas olan əlamətlərlə müşayiət olunur.

Respirator koronavirusun xarakter simptomları:

  • Udqunan zaman, asqırdıqda ağrı;
  • Rinit;
  • Baş ağrıları;
  • Öskürək;
  • Hipoksiya əlamətləri;
  • Hərarətin yüksəlməsi;
  • Üşütmə;
  • Əzələ ağrıları

İlk etapda yeni tip koronavirusa yoluxmuşlarda xəstəliyin əlamətləri adı soyuqlama əlamətləri ilə üst-üstə düşür: quru öskürək, halsızlıq, bədən hərarətinin yüksəlməsi. Bəzi xəstələrdə gözün zədələnməsi (konyuktivit) və diareya qeyd edilir. Xəstəlik yüngül formada davam edərsə, ağ ciyər iltihabı inkişaf etmir və patoloji proses az qabarıq simptomlarla məhdudlaşır. Belə hallarda bədən hərarəti cüzi dərəcədə arta bilər, və yaxud normada qala bilər.

Xəstəliyin ağır formalarında xəstənin vəziyyəti tez bir zamanda pisləşir, bədən hərarəti yüksəlir, qeyri produktiv israrlı öskürək əmələ gəlir, tənəffüs çatışmazlığı inkişaf edir. Yanaşı gedən xəstəliyi olanlarda xəstənin vəziyyəti daha da ağırlaşır.

Adi koronavirus infeksiyası zamanı 5-7 gündən sonra tam sağalma qeydə alınır. Mers и sars cov virusları, bir qayda olaraq, fəsadlaşma vermir və proqnozu məqbuldur.

Xəstəliyin daha ağır gedişli formasında tam sağalmayadək iki həftə və daha artıq zaman tələb oluna bilər. Belə gediş olduqda proqnoz qeyri-məqbuldur.

Yalnız klinik təzahürlər əsasında koronavirusun diaqnostikasını aparmaq düzgün deyil, çünki simptomlar digər respirator xəstəliklərlə identikdir. Koronavirusun olmasının təcili müəyyən edilməsi xüsusi test-sistemlə mümkündür.

Koronavirusun yüngül və ya orta ağır formasının müalicəsi simptomatik müalicədən ibarət olur – hərarətin salınması, öskürəkəleyhinə vasitələr, zökəmə qarşı preparatlar və s.

Ağır formaların müalicəsinin əsasında medikamentoz müalicə dayanır:

  • virusəleyhinə preparatlar;
  • spesifik immmunoqlobulinlər;
  • kortikosteroidlər;

Kortikosteroidlər klinik təzahürlərin proqressiv pisləşməsi zamanı, davamiyyətli limfopeniya, qanın oksigenlə doymasının azalması zamanı təyin edilir.

Ağır fəsadların inkişafı zamanı antibiotiklərin tətbiqi, ağ ciyərlərin süni tənəffüs cihazına qoşulması göstərişdir.

Ağır xəstələrə atipik pnevmoniya keçirmiş xəstələrin qanının plazmasının köçürülməsi yaxşı nəticələr vermişdir.

Bu günə koronavirusa qarşı spesifik profilaktik tədbir yoxdur – peyvənd hələki tərtib edilməyib.

Azacıq simptomların təzahür etdiyi andan evdə qalmaq tövsiyə olunur:

epidemiya zamanı ətraf çevrə ilə kontakları maksimal dərəcədə məhdudlaşdırmaq, insanların sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır;
  • koronavirus infeksiyasının yayıldığı regionları ziyarət etməkdən çəkinmək;
  • individual qorunma vasitələrindən (maska) istifadə etmək;
  • əlləri müntəzəm yumaq;
  • yaxın məsafədə kontakları məhdudlaşdırmaq;
  • açıq havada, parklarda, bağçalarda, insanlardan uzaq yerlərdə daha çox olmaq;
  • yerli immuniteti artırmaq (daxili məkanlarda temperatur rejimini tənzimləmək – 18-20oC, lazımi rütubəti saxlamaq – 40-60%);
  • yaşayış yerinin tez-tez havasını dəyişmək;
  • yuxarı tənəffüs yollarının selikli qişasını duz məhlulu ilə islatmaq

Fəxrəddin Əfəndiyev MD/Ph.D

No comments:

Post a Comment

Ən populyar məqalələr