Sağlamlıq bədənin
tam fiziki sağlamlığı, sosial rifah, eləcə də həyatın tam mənalı təzahür
formalarının olması ilə səciyyələnən məvhundur. Belə ki, sağlamlıq təkcə xəstəliyin
və ya fiziki qüsurun olmaması baxımından deyil, həm də tam fiziki, mənəvi və
sosial rifahın olması baxımından dəyərləndirilməlidir.
Insan sağlamlığına təsir edən bir çox faktorlar mövcuddur.
Çoxfaktorlu təbii və sosial mühitdə normal
fiziki formanı
saxlamaq və psixo-emosional cəhətdən sabitliyi qorumaq üçün həyat keyfiyyətinə
diqqət yetirmək vacibdir.
İnsan sağlamlığına təsir
edə biləcək müxtəlif amillər var: genetika, təbabət, ekologiya (iqlim, flora, landşaft), insanın özünün həyat tərzi, fiziki, bioloji, kimyəvi təsirlər. Bu amilləri belə təsnif etmək olar: sosial və iqtisadi; ətraf
mühit; genetik
– irsi yolla ötürülən xəstəliklərin,
bədən quruluşu anomaliyaların
olması; tibbi – əhaliyə yardımın göstərilməsi, müayinələrin tezliyi və keyfiyyəti,
xəstəliklərin profilaktikası. Bunlar insanın
əhval-ruhiyyəsinə
birbaşa təsir
göstərir. Habelə yaş
göstəricilərini, daimi yaşayış
yerinin
iqlim şəraitini, fərdi göstəriciləri də nəzərə almaq lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, insan sağlamlığının ən azı
50%-i həyat tərzindən asılıdır; 20% irsiyyətlə bağlıdır; 20% - ətraf mühitin təsiri; 10% - səhiyyə sistemi ilə əlaqəli
amillərdir.
Həyat tərzinin insan sağlamlığına təsirinin göstəricisi aparıcı əhəmiyyətə malikdir və bütün digər amillərin yarısını – 50% təşkil edir. Digər yarısı isə ümumilikdə irsiyyət faktorları, ətraf mühitin təsiri, səhiyyədir.
Sağlamlıq mədəniyyətini formalaşdırmaq, özünüqiymətləndirmənin informativ metodlarını və effektiv bərpa üsullarını geniş şəkildə tətbiq etmək lazımdır. Hər bir fərddə və bütövlükdə cəmiyyətdə siqaretsiz, alkoqolsuz, kifayət qədər fiziki fəaliyyətlə, fizioloji ehtiyacların təmini şəraitində, tam balanslaşdırılmış qidalanma ilə yaşaması barədə yeni düşüncənin formalaşması bir insanın subyektiv istəyi deyil. Şəxsin və cəmiyyətin dəyər oriyentasiyalarının ardıcıl sisteminin yaradılması bu günün aktual məsələlərindəndir. Sağlam həyat tərzi insanın həyat fəaliyyətinin bütün əsas formalarında – əmək, sosial, ailə və məişət, asudə vaxtın təşkili ilə bağlı tədbirlər kompleksinin həyata keçirilməsidir. Sağlam həyat tərzi statusunun zəruriliyi və danılmaz faydaları haqqında məlumatların çoxluğuna baxmayaraq, heç də müasirlərimizin hamısı bu prinsiplərə əməl etməyə meylli deyil. Bir çoxları düşünür ki, niyə özümüzü belə xoş anlardan məhrum etməliyik? Niyə daha yağlı və doyumlu (ələlxüsus, axşama doğru) yeməyək; daha çox yatmayaq, fasiləsiz qoşulmuş televizor və müxtəlif qadjetlər qarşısında divan həyat tərzi keçirməyək? Niyə piyada gəzməklə özümüzü narahat edək, axı avtomobildən düşüb, ofis kreslosuna oturmaq daha xoş və rahatdır. Niyə alkoqol və siqaretdən həzz almayaq, tünd qəhvə, kremli tort və ya şokoladla sinir sistemimizi "rahatlaşdırmaq" üçün hər fürsətdən istifadə etməyək? Çoxları bunu sadə dünyəvi ləzzətlər hesab edir, ondan imtina etməyin mənasız olduğunu düşünür – axı biz bir dəfə yaşayırıq. Qoy başqaları səhərlər qaçsın, içki içməsin, siqaret çəkməsin.
Həyat tərzinin insan sağlamlığına təsiri hədsizdir! Sağlam həyat tərzinə riayət edən insan özünü enerji ilə dolu hiss edir, həkimlərə daha az müraciət edir və sağlamlığına məhəl qoymayan və pis vərdişləri olanlardan daha çox üstünlüklərə malikdir.
Adətən, sağlam həyat tərzinin tərəfdarları övladlarını da erkən yaşlarından eyni prinsiplər əsasında tərbiyə edirlər. Çox vaxt bunlar bütöv sülalələr, bir çox nəsillərdir – nənə və babadan körpələrədək. Sağlamlığın, uzunömürlülüyün, uğurun və firavanlığın əsl fədailəri məhz bu insanlardır.
Təəssüf ki, hətta
sağlam həyat tərzinin tərəfdarları arasında belə hər gün bütün əsas prinsiplərə
və qaydalara tam əməl edə bilənləri tapmaq çətindir. Konsepsiyaya dəqiq əməl
etmək heç də həmişə mümkün olmur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri
var:
- müasir həyatın gərgin tempi;
- məişətimiz və ümumilikdə həyatımızın rahatlığını əhəmiyyətli dərəcədə artıran müxtəlif texnoloji ixtiraların və texnikaların istifadəsi;
- iş yerində müəyyən tələblərə riayət etmək zərurəti. Məsələn, konveyerdə gərgin diqqət, ofisdə oturaq iş, təhlükəli istehsal şəraiti və s. Həyat rejiminə, qidalanma tərzinə mənfi təsir göstərən, tez-tez və uzunmüddətli işgüzar səfərlərlə əlaqəli fəaliyyətlər;
- subyektiv xarakterli mənfi amillərə eyni zamanda hər yerdə vaxtında olmaq, özünü müxtəlif, bəzən tamamilə lazımsız şeylərlə maksimal yükləmək istəyidir. Sürətli iş ritmi, təhsil, müxtəlif kurs və təlimlərdə iştirak, konservləşdirilmiş yeməklər və "fastfood", ani təsir spektri dərmanlarla müalicə və s.
Sağlam həyat tərzi həm də psixoloji tarazlıqdır. Müasir həyatda bir çox insanın sadəcə olaraq bir anlıq dayanıb, sağlamlığına diqqət yetirməsi üçün vaxtı yoxdur.
Hər kəs
özünün xoşbəxt, mənalı, xoş emosiyalarla dolu və daxili tarazlıqlı həyatını
uzada bilər. Sağlam həyat tərzinin prinsipləri bu gün xüsusilə aktualdır, hər
birimiz onlara əməl edə bilərik. Sağlam həyat tərzi üçün tövsiyələr sadə və istifadə
üçün əlçatandır, təcrübə və bacarıq tələb etmir:
- Düzgün balanslaşdırılmış qidalanma menyusunun hazırlanması: orqanizmin bütün sistemlərinin və orqanların normal fəaliyyətini təmin edən maddələrlə zəngin yalnız sağlam qidaların istifadəsi. Kompleks pəhrizin əsasını qidanın müxtəlifliyi, dəqiq sutkalıq kalorinin gözlənilməsi, güclü aclıq hissinin yaranmasını gözləmədən gündə beş dəfə yemək təşkil edir.Yeməyi yavaş-yavaş, yaxşı çeynəyərək (20-40 dəfə), dadının həzzini alaraq yemək lazımdır. Sağlam rasion həzm sisteminin səmərəli işini təmin etməsi üçün ilk olaraq mayeli həlimlərin, şorbaların istifadəsini ehtiva edir. Həmçinin vitamin və mikroelementlərlə zəngin meyvə və tərəvəzləri daxil etmək, gündə təxminən 1,5 litr təmiz su içmək, zülalla zəngin az yağlı qıcqırdılmış süd məhsulları istehlak etmək də vacibdir. Ən yaxşısı təzə yeməklər yeməkdir – həm dadlıdır, həm də sağlamdır.
- İdman və səmərəli tənzim olunan fiziki fəaliyyət: bədən qaydasında, əzələlər isə tonusda olmalıdır. İndiki zamanda buna hər cür şərait var: hovuzlar, idman zalları, müxtəlif idman növləri üzrə qrup dərsləri, rəqslər. Hətta 15 dəqiqəlik səhər idmanı bütün gün ərzində gümrahlıq verəcək. Bu, xəstəliklərin profilaktikası üçün də vacibdir.
- Sağlam yuxu və şəxsi gigiyenaya riayət etmək. Orqanizmin tələbinə uyğun yuxu, bu təqribən sutkada 8 saat təşkil edir, orqanizmi enerji ilə doldurur və daxili qüvvələrin dolğunluğunu təmin edir. Gigiyena isə iltihablı və yoluxucu xəstəliklərə yol açan bakteriya və parazitlərldən qurtulmanın yeganə və ən doğru yoludur.
- Vacib faktor bədənin möhkəmləndirilməsidir. Bu orqanizmin qoruyucu funksiyalarını artırır. Əlçatan prosedurlar hava və günəş vannaları, ayaqyalın gəzməkdir. Uşaqlara da, böyüklərə də uyğun olan populyar su prosedurları – yaş dəsmalla silinmək, soyuq su ilə yuyunmaq, kontrast duş qəbul etməkdir. Buzlu suya girmək kardinal üsul hesab olunur, bunu yalnız həkim nəzarəti altında və müvafiq müayinədən keçdikdən sonra etmək olar.
- Siqaretin, spirtli içkilərin, narkotiklərin zərərini bu gün heç kim danmır və şübhə altına almır. Sağlamlığını qorumaq istəyən hər kəsin bu vərdişlərə aludəçiliyi olmayıb, ya da bu pis vərdişlərdən vaxtında yaxa qurtara bilib. Digərlərinə də israrla tövsiyə edirik.Hər bir insana ömrünün sonunadək sağlamlığını möhkəmləndirmək, əmək qabiliyyətini, fiziki fəaliyyətini, bədəninin və ruhunun gücünü qorumaq imkanı verilir. Bundan ağılla, səmərəli istifadə etmək lazımdır. Hər şey yalnız həyat tərzindən asılıdır!
Özünü dəyiş –
ətrafında dünya dəyişəcək!
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment