Görünməz xəstəliklərə misal olaraq mialgiyalı ensefalomiyeliti (xroniki yorğunluq sindromu kimi də tanınır), qırmızı qurdeşənəyinı, fibromialgiyanı, Kron xəstəliyini və s. göstərmək olar. Bir çox autoimmun xəstəliklər də bu qəbildəndir ki, indiyədək etiologiyası məlum deyil və çox vaxt bu xəstələrə yanlış diaqnozlar qoyulur.
Bu hallar
insana hərtərəfli və səmərəli həyat sürməsinə mane olur. Xroniki ağrı adətən
görünməz xəstəliklər və daimi yorğunluqla əlaqədardır.
Belə
xəstələr zahirən sağlam görünürlər, ona görə də ətrafdakı ailə üzvləri,
dostları, hətta müayinə edən həkimlər onların xəstə olub olmamasına şübhə ilə
yanaşırlar.
Diaqnoz
Belə
xəstəliklər çox zaman adi qan analizi və ya digər standart müayinə metodları vasitəsilə
aşkar oluna bilmir. Bunun üçün digər xəstəliklərin istisna edilməsi və xəstədən ətraflı məlumatın toplanması vacibdir.
Diaqnozun
müəyyən edilməsinə illər tələb oluna bilər. Bir çox xəstələr həkimə müraciət
etməkdən təngə gəlirlər, hər dəfə diaqnozun təyini ot tayasında iynə axtarmağa
bənzəyir.
Amma
yaxşı tərəfi budur ki, son illərdə həkimlər arasında görünməz xəstəliklər barədə
müəyyən anlayışlar formalaşmışdır və əvvəlkindən daha tez bir zamanda diaqnoz
təsdiq edilir.
Buna
baxmayaraq, səbəbi anlaşılmayan xroniki ağrı və yorğunluq sindromu olduqda əvvəlki
kimi ikinci, üçüncü həkim rəyinə ehtiyac vardır.
Rəsmi klassifikasiyada "görünməz
xəstəlik" kimi qəbul edilmiş tibbi anlayış olmasa da, bu hal kimi
qiymətləndirilə bilən uzun bir siyahı mövcuddur. Əgər gündəlik həyat tərzinizə
mane olan hal varsa, və bu zaman ətrafdakılar tərəfindən “heç xəstə görünmürsünüz”
deyilirsə, çox güman ki, sizdə görünməz xəstəlik vardır.
Həkimlər tərəfindən görünməz xəstəlik kimi qiymətləndirilən bəzi xəstəliklər bunlardır:
- Revmatoid artrit: oynaqlara hücum edən autoimmun xəstəlik olmaqla, oynaqlarda əzabverici ağrı və oynaqların zədələnməsi simptomları ilə biruzə verir.
- Xroniki yorğunluq sindromu: səbəbi məlum deyil, qızdırma, əzələlərdə ağrı və uzun müddətli zəifliklə müşayiət olunur.
- Fibromialgiya: əzələ-skelet ağrıları və yorğunluq əlamətləri ilə gedən xroniki xəstəlik.
- Diabet: orqanizmin insulin hasilatını əngəlləyən xəstəlik.
- Seliakiya: qlütenə qarşı artmış həssaslıq – immun reaksiyaya səbəb olur və nazik bağırsağın zədələnməsinə gətirib çıxara bilər.
- Qırmızı qurdeşənəyi: autoimmun xəstəlikdir. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına, o cümlədən oynaq, dəri, qan hüceyrələri və beyinə hücum edir.
- Şeqren sindromu: göz və ağız boşluğunu zədələyən autoimmun xəstəlik.
- Miqren: təkrar-təkrar baş verən baş ağrıları, ürəkbulanma və görmə zəifliyi ilə müşayiət oluna bilər.
- Kron xəstəliyi: qarında şiddətli ağrı, ishal, bağırsaqlarda çapıqlaşma və kəskin yorğunluq hissi ilə müşayiət olunan bağırsağın iltihabi xəstəliyi.
- Depressiya və həyəcan: insanın evdən çıxmasına və gündəlik işlərinə davam etməsinə mane ola bilən və baş ağrısı, həzm problemləri və yuxu pozğunluğu kimi fiziki simptomlara səbəb ola bilən əhval pozğunluqları.
Görünməz xəstəlik insanların normal həyat tərzinə ciddi maneə törədir. Hətta əlamətlərin biruzə vermədiyi günlərdə belə bu insanların rezervləri çox məhduddur, hər dəfə öz enerjilərini nəyə xərcləmələri barədə ciddi düşünmək məcburiyyətindədirlər.
Həyat keyfiyyətini görünməz olaraq aşağı salan ən yayılmış bir neçə ortopedik patoloji halı nəzərdən keçirək:
Boyun nahiyəsində və kürəkdə ağrılar, yorğunluq və ayaqlarda ağırlıq həmişə gözlənilmədən başlayır. Biz buna adətən diqqət yetirmir və hətta bu əlamətlərin dayaq-hərəkət sisteminin patologiyasından xəbər verməsi barədə heç düşünmürük.
Ortopedik
xəstəliklər çox əzazildir – onlar azacıq diskomfortla başlayır və xroniki
ağrılarla nəticələnir.
Boyunda
və kürək nahiyəsində ağrı hissi hamıya məlumdur. Buna görə ilk növbədə müasir
həyat tərzimizə “minnətdar” olmalıyıq. İşə ictimai nəqliyyat və yaxud fərdi
avtomobilimizlə gedir, minimum 8 saat kompyuterin arxasında oturur, evdə də
gücsüz halda divanda oturur, sosial şəbəkədə gəzişir və ya televizor izləyirik.
Dorsopatiya
Əlbəttə,
bu cür zəif fiziki aktivlik səhhətimizə, əsas etibarı ilə də onurğamıza
neqativ təsirsiz ötüşmür. Belə həyat tərzinin nəticəsi olaraq yaranan görünməz
xəstəliklərdən biri də osteoxondrozdur. Son zamanlar bu terminin əvəzinə “dorsopatiya”
işlənir.
Bundan
başqa, kifoz (el dilində “donqabellik”) zamanı bel əzələləri də əziyyət çəkir. Onlar
daim bədənin təbii olmayan vəziyyətdə tarazlığını təmin etməli olurlar ki, bu
da yorğunluğa və ağrıların yaranmasına səbəb olur.
Qeyri sağlam dayaq
Bəlkə
də ən yayılmış ortopedik görünməz xəstəlik yastıpəncəlikdir. Çoxları heç zaman
pəncələrini yoxlatdırmayıb və onlarda bu patologiyanın olmasını bilmirlər. İnsanlar
ağrı ilə, ayaqlarında ağırlıq və yorğunluq hissi ilə yaşayır və heç bunun
səbəbləri barədə düşünmürlər. Yastıpəncəliyə, təəssüf ki, çox qeyri-ciddi
yanaşırlar. Halbuki, bu xəstəlik pəncə problemləri ilə yanaşı varikoz
xəstəliyinin, diz oynağının artrozunun inkişafına səbəb ola bilər, kürəklərdə,
beldə ağrı verə, qamət pozğunluqlarına yol aça bilər.
Daha bir yayılmış pəncə problemi – daban tikanıdır (daban şporu). Bu patologiyada hərəkət zamanı elə təəssürat yaranır ki, nə isə iti bir şeyin üzərinə basırıq.
Belə
deşici ağrının səbəbi daban sümüyündə tikanabənzər çıxıntının yumşaq toxumaları
sıxmasıdır. Bu tikan pəncə fassiyasının iltihabı nəticəsində formalaşır. Bu, pəncə
sümüyünü barmaqlarla birləşdirən bağdır.
Bu bağ
yastıpəncəlik nəticəsində, narahat ayaqqabı (yüksək daban, yastı pəncəli),
alınmış zədə və artıq çəki səbəbindən pəncəyə artmış yüklənmənin nəticəsində
zədələnə bilər.
Diz problemləri
Görünməz
ortopedik xəstəliklərdən biri də artrozdur. Bu patologiya zamanı oynaq
qığırdağının degenerasiyası və oynaq səthinin qeyri-hamarlığı yaranır. Artrozun
yaranma səbəbləri bunlardır: məişətdə və ya idman məşqlərində, ağır fiziki gərginlik
zamanı mikro zədələr, artıq bədən çəkisi və düzgün olmayan qidalanma,
yastıpəncəlik və dayaq-hərəkət sisteminin digər defektləri, endokrin
pozğunluqlar və yanaşı xroniki xəstəliklər (o cümlədən artrit – oynaqların iltihabı).
Artrozu
tam əminliklə görünməz xəstəlik hesab etmək olar, belə ki, çox zaman
patologiyanın nə zaman inkişaf etdiyini müəyyən etmək olmur. Hamımız məişətdə
və ya idman zamanı xırda zədələr alırıq və heç zaman bu zədələrin ciddi, dönüşü
olmayan dayaq-hərəkət sistemi patologiyasına çevriləcəyi barədə düşünmürük. Sadəcə
olaraq zədənin törədəcəyi fəsadları zamanında düzgün qiymətləndirmirik.
Adətən
artrozu artıq narahtedici, güclü ağrılar başladıqda sezirik. Bunlar – yeridikdə
və sakit vəziyyətdə dizdə ağrılar, əllə toxunduqda xoşagəlməz hissiyyat,
hərəkətin məhdudlaşmasıdır.
Qorunma tədbirləri
Dorsopatiyanın
yaranmasına qarşı, məktəbdə olduğu kimi, düz qamətə diqqət yetirmək lazımdır. Bədənin
düzgün olmayan vəziyyəti əlavə yüklənmə yaradır, bu da onurğaya ziyandır.
Fiziki
aktiv olmağa çalışmaq lazımdır: gündə 1 saatdan az olmayaraq gəzmək, idmanla
məşğul olmaq. Lakin məşqlər həmişə mülayim dərəcədə olmalıdır, həddən artıq
yüklənmə oynaqlara ziyandır. Düzgün ayaqqabı geyinmək lazımdır: daban 2-4
sm-dən yüksək olmamalıdır, ön hissəsi kifayət qədər enli olmalıdır. Hündürdaban,
yastı pəncəli və dar burunlu ayaqqabılardan imtina etmək lazımdır.
Ortopedik
pəncə altlığından istifadə pəncənin anatomik olaraq düzgün yerləşməsini təmin edəcək
və ayağı, həmçinin dizləri zərbə yükündən qoruyacaq.
Artrozun yaranmasının profilaktikası üçün dayaq-hərəkət sistemi müntəzəm müayinə olunmalıdır. Vaxtında aşkarlanmış anadangəlmə bud-çanaq çıxığı, onurğanın skoliozu, yastıpəncəlik artrozun heç zaman yaranmayacağı şansını dəfələrlə artırır.
Səmərəli
fiziki aktivlik, balanslaşdırılmış qidalanma və bədən çəkisinin kontrolda
saxlanılması bu xəstəliyin yaranma riskini xeyli azalda bilər.
Hərəkətli
oyunlar, fitnes-zalda intensiv məşqlər zamanı oynaqları zədələnmədən qorumaq
üçün ortopedik idman bandajlarından istifadə edin. Uzun müddətli statik və ya
mexaniki gərginliklə bağlı professional fəaliyyət də dayaq-hərəkər sisteminin
işinə ziyan vura bilər. Belə hallarda gərginliyi düzgün paylaşdırmalı, iş
zamanı vaxtaşırı fasilələr etmək və vaxtında oynaq problemlərini aşkar etmək
üçün müntəzəm olaraq ortopedin müayinəsindən keçmək lazımdır.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment