March 11, 2023

Dilin üzərində ərp: bu nə deməkdir və onu necə aradan qaldırmaq olar

Gözlər ruhun güzgüsüdürsə, dil də bədənin güzgüsüdür. Dil insanın sağlamlığı haqqında bir çox şeylər deyə bilər. Dildəki ərp dolayı diaqnostik göstəricilərdən biridir. Ağ, sarı, boz, qəhvəyi və ya qara rənglərdə olur. Ərpin əmələ gəlməsi çox vaxt patoloji dəyişikliklərin olmasına işarədir, lakin bir sıra hallarda bu norma hesab olunur.

Dilin üzərində ərp: norma, yoxsa patologiya?

Dil ağız boşluğunda bir sıra funksiyaları yerinə yetirən əzələli orqandır. Əvvəla o, dadbilməni təmin edir, nitqi tənzimləyir, eləcə də yeməkləri ağız boşluğunda qarışdıraraq yemək borusuna itələyir.

Qədim dövrlərdən həkimlər dilin maraqlı xüsusiyyətlərinə diqqət yetirmişlər. Sən demə, dilin rəngi, forması və digər dəyişiklikləri orqanizmdə, xüsusən də mədə-bağırsaq traktında baş verən patoloji proseslərdən xəbər verə bilər. Buna görə də, fiziki müayinə zamanı həkimlər ilk növbədə xəstənin dilini göstərməsini xahiş edirlər. Bu orqanın görünüşü həkimə çox şey deyə bilər.

Dilin selikli qişasının normal rəngi solğun çəhrayıdır. Müəyyən şərtlərdə yüngül ağ ərplə örtülməsi norma hesab edilə bilər. İsti mövsümdə (yazın sonu, yay) ərp daha qalın, soyuq mövsümdə isə daha nazik olur. Dilin üzərində ərpin yüngül sarımtıl rəngi də normal hesab olunur. Çox vaxt ağ və sarı ərp, əslində asanlıqla aradan qaldırıla bilən ağız boşluğunun bəzi xəstəlikləri zamanı olur.

Qeyd etmək lazımdır ki, dilin üzərində ərpin səbəbi heç də həmişə xəstəliklər deyil. Diqqət edin:

  • Ağız gigiyenasına kifayət qədər diqqət yetirilməməsi. Bu zaman ərp yalnız dil üzərində deyil, dişlərdə də olur, həmçinin ağızdan xoşagəlməz qoxu da narahat edır. Problemi aradan qaldırmaq üçün ağız boşluğunun gigiyenasına və dişlərin vəziyyətinə diqqət etmək, düzgün qulluğu təmin etmək kifayətdir;
  • Dehidratasiya və ağızda quruluq. Orqanizmə kifayət qədər su daxil olmursa, dilin üzəri ərplə örtülür. Ağızda quruluq susuzluğun əlamətlərindən biridir. Bu zaman tüpürcək ifrazı azalır və buna görə də ərp əmələ gəlir. Ağızda quruluq çox vaxt kifayət qədər maye qəbul edilmədikdə yaranır. Bəzən isə dehidratasiya şəkərli diabet səbəbi ilə artmış diurez (sidiyəgetmə) nəticəsində baş verir;
  • Pis vərdişlər. Siqaret çəkənlər, eləcə də tənbəki çeynəməyi sevənlərdə dilin üzərində ərp adi haldır. Pis vərdişlərlə vidalaşdığınızda, problem özü-özünə aradan qalxacaq. Eyni ilə deyilənlər spirtli içkidən sui-istifadə edən insanlara da aiddir;
  • Tənəffüs pozğunluqları. Burundan nəfəsalma pozulmuşsa (məsələn, burun arakəsməsinin əyilməsi səbəbi ilə) və ya tez-tez ağzı ilə nəfəs alanlarda dilin üzərində əpr yaranır;
  • Qidalanmanın xüsusiyyətləri. Əsasən yumşaq qidalar, tərəvəz və ya meyvə püresi yeyərkən, dilin üzərində ərpin yaranması ehtimalı artır;
  • Müəyyən dərmanların qəbulu. Məsələn, antibakterial preparatların uzun müddət qəbulu ağız boşluğunun mikroflorasını pozur. Bu, simptomlarından biri dildin üzərində ərpin yaranması olan göbələk infeksiyasının yaranmasına səbəb olur.

Hansı patologiyalarda dilin üzərində ərp yaranır

Dil həzm orqanları ilə bilavasitə əlaqəli olduğundan, ərpin yaranması, əsas etibarı ilə, mədə-bağırsaq traktının xəstəlikləri ilə bağlıdır. Lakin bəzi istisnalar da var. Bu xəstəlikləri nəzərdən keçirək:

  • Qastrit. Dildə bol ağ ərpin olmasının ən çox rast gəlinən səbəbi qastritdir. Bu zaman ərp qastritin müxtəlif növlərində - autoimmün, hemorragik, xroniki atrofik qastritlərdə, həmçinin aşağı turşuluqlu qastritlərdə müşahidə olunur;
  • Bulbit. Bu onikibarmaq bağırsaq soganağının iltihabi xəstəliyidir. Bulbit həm kəskin, həm də xroniki gedişlə xarakterizə olunur. Bu patologiyada iltihab ocaqlı (local) və ya diffuz olur. Çox vaxt bulbit zamanı dil ağ və ya sarımtıl ərplə örtülür;
  • Öd kisəsi xəstəlikləri. Öd yollarının diskineziyasıöd daşı xəstəliyi zamanı da dil ağ və ya sarımtıl olur;
  • Duodenit. Bu onikibarmaq bağırsağın iltihablı patologiyasıdır. Duodenit zamanı bağırsaqlarda eroziyalar meydana çıxır, bağırsaq vəziləri də zədələnir.
  • Angina (kəskin tonzillit). Bu, qızdırma və badamcıqların və dilin ağ irinli ərplə örtülməsi ilə müşayiət olunan badamcıqların kəskin iltihabıdır.
  • Kandidoz. Kandida növündən olan bakteriyaların yaratdığı göbələk xəstəliyidir. Kandidoz yalnız sidik-cinsiyyət sisteminə deyil, həm də ağız boşluğuna təsir göstərir. Bu zaman dilin üzəri bol ağ, süzməyə oxşar ərplə örtülür.
  • Qlossit. Bu, əsasən pathogen mikroorqanizmlər tərəfindən və ya travma nəticəsində yaranan dilin iltihabıdır. Glossit zamanı dilin üzərindəki ərp, patologiyanın növündən asılı olaraq ağ, sarımtıl və ya boz ola bilər. Xoralı glossit həm də ağızdan xoşagəlməz qoxunun olması ilə xarakterizə olunur.
  • Zöhrəvi xəstəliklər. Cinsi yolla keçən xəstəliklər də bəzən, xüsusilə dilin kökündə bol ərplə müşayiət olunur. Sifilis və ya QİÇS infeksiyası zamanı, immun statusun enməsi fonunda bu cür təzahürlər mümkündür.
  • Şəkərli diabet. Qanda qlükozanın konsentrasiyasının artması ilə şərti-patogen mikrofloranın aktivləşməsi baş verir. Ağız boşluğu da daxil olmaqla infeksiya riski artır. Bundan əlavə, diabetlə diurez artır. Xəstə tez-tez sidiyə gedir, buna görə də bədən mayeni itirir. Bu, ağızda quruluğa və dilin üzərində ərpin əmələ gəlməsinə səbəb olur.
  • İshal və qusma. Bunlar bir çox xəstəliklərin əlamətidir. İshal və qusma ilə bədənin susuzlaşması baş verir ki, bu da dilin üzərində ağ ərpin yaranmasına səbəb olur.

Dilin üzərində ərp bir sıra digər yoluxucu və iltihablı patologiyalarda, xroniki xəstəliklərdə və vitamin çatışmazlığında da ola bilər. Ancaq bu əlamət hər hansı bir xəstəliyin spesifik bir xüsusiyyəti deyil. Başqa sözlə desək, xəstəyə sadəcə dilin üzərində ərpin olması ilə diaqnoz qoymaq olmaz. Ərplə örtülmüş dil həkimə bu və ya digər xəstəliyin olması ehtimalını güman etməyə imkan verir, yalnız bu əlamətlərə görə diaqnoz qoyulmur.

Uşağın dilinin üzərində ərp

Uşağın dilinin üzərində ərp, böyüklərdə olduğu kimi, yuxarıda göstərilən hallar və ya xəstəliklər səbəbindən meydana gəlir. Çox vaxt uşağın dilinin üzərində ərpin səbəbi ağız gigiyenasına riayət olunmamasıdır. Uşaqlar tez-tez KRVİ (kəskin respirator virus infeksiyası) ilə xəstələndiklərindən, angina və digər rotovirus səbəbi ilə dilün üzəri ərplə örtülür.

Körpələrdə dilin üzərinin ağ ərplə örtülməsi norma hesab olunur, çünki körpələr dilin üzərindən süd təbəqəsini yumaq üçün kifayət qədər tüpürcək hasil edə bilmirlər. Körpənin dilinin üzərində ərp tez-tez görünürsə, bu, pediatrla əlaqə saxlamaq üçün tutarlı səbəbdir. Bunun yaranmasına səbəb ola biləcək mümkün patoloji dəyişiklikləri istisna etmək vacibdir.

Dilin üzərində ağ ərp: niyə yaranır və onu necə aradan qaldırmaq olar

Dilin üzərində ağ ərp ən çox rast gəlinəndir və çoxlarında müşahidə olunur. Dilin səthindəki ağımtıl rəngdə ərp ölmüş epitel toxumaları, həmçinin bakteriya və üzvi birləşmələrdən ibarət təbəqədir.

Ərpin səbəbi dilin məməciklərinin iltihabıdır. İltihab nəticəsində onlar böyüyür, bu da məməciklər arasındakı boşluğu artırır. Bu boşluqda ölü toxumalar, bakteriyalar və üzvi maddələr "ilişib" xarakterik ağ örtük əmələ gətirir.

Əksər hallarda, dilin üzərində xəfif ağ ərp sağlamlıqda problemlərin olmasına dəlalət etmir. Çox vaxt bu simptom müvəqqəti xarakter daşıyır və ağız boşluğunun gigiyenası, siqaret çəkmə, alkoqol qəbulu, qida pozğunluqları və digər hallarla əlaqədardır.

Dilin üzərində ərp həm də fizioloji norma sayıldığından, nə zaman və hansı hallarda həkimə müraciət etmək lazımdır:

  • Ağ ərpin çox qalın olması;
  • Heç bir aşkar səbəb olmadan (siqaret çəkmə, ağız boşluğunun pis gigiyenası və s.) dilin üzərinin tez-tez ərplə örtülməsi;
  • Dildə və ya ağız boşluğunda ağrı ilə müşayiət olunan iltihablı patologiyalar zamanı;
  • Dilin üzərində ərp digər simptomlarla (daha çox mədə-bağırsaq simptomları), məsələn, ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə, ishal və s. ilə müşayiət olunarsa;
  • Ağız quruluğu və tezləşmiş sidiyəgetmə varsa. Bu simptomlar diabet üçün xarakterikdir;
  • Dilin üzərində ərp bir neçə həftə davam etdiyi hallarda.

Dilin üzərindəki ərpdən xilas olmaq çətin deyil. Bunun üçün ağız gigiyenasına riayət etmək, zərərli vərdişlərdən qurtulmaq kifayətdir. Ərp xüsusi dil təmizləyicisi ilə təmizlənir. Həmçinin, bir çox diş fırçalarının arxa tərəfində dilin təmizlənməsi üçün qazıyıcı olur.

Ərp patologiyalardan qaynaqlanırsa, yalnız əsas xəstəliyin müalicəsindən sonra problemdən xilas olmaq mümkün olacaq. Bəzi hallarda ərpdən xilas olmaq o qədər də asan olmur. Məsələn, angina və ya kandidoz zamanı ərp möhkəm qatla örtülmüş olur ki, bu da onu mexaniki şəkildə aradan qaldırmağı çətinləşdirir.

Ən vacibi!

Ağız gigiyenasına riayət edin. Dişlərinizi və dilinizi gündə iki dəfə fırçalayın. Bu, bir sıra ağırlaşmaların, xüsusən də göbələk və bakterial infeksiyaların qarşısını almağa kömək edəcəkdir.

Dilin üzərində başqa nə cür ərp olur

Dilin üzərində ərp başqa rəngdə də ola bilər. Ərpin rənginin nəyə işarə olduğunu daha ətraflı nəzərdən keçirək:

Sarı ərp

Dilin sarı ərplə örtülməsi ilk növbədə sarı rəngi təşviq edən qidalarla əlaqəlidir. Məsələn, bunlar sitrus meyvələri, kurkuma, karri və sarı piqmentləri olan digər qidalar və ədviyyatlardır.

Əgər sarı rəngli qidalar yeməmisinizsə, onda belə bir ərp əsasən qaraciyər və öd kisəsi xəstəliklərinin fonunda baş verir. Sarı ərpin bir neçə gün davam etdiyi hallarda həkiminizlə məsləhətləşmənizə ehtiyac var.

Bəzən sarımtıl ərp orqanizmin susuzlaşması ilə əlaqədar ola bilər, lakin susuzluğu yatırdıqdan sonra bir gün ərzində yox olub gedir.

Qırmızı ləkəli ağ ərp

Dildə qırmızı ləkələrin olması iltihab prosesini göstərir. Bu simptom qlossitə işarədir. Qlossit zamanı dilin üzərindəki məməciklər birləşərək ləkələr əmələ gətirir. Vizual olaraq bu cür ləkələr coqrafi xəritəyə bənzəyir, buna görə də cox vaxt qlossiti coğrafi dil adlandırırlar.

Qlossit zamanı ərplə yanaşı, xəstə yediyi və içdiyi zamanı ağrı və narahatlıq hiss edə bilər. Qlossit adətən bir neçə gün ərzində yox olur. Yeganə şərt ağız gigiyenasına riayət etməkdir. Əgər xəstəlik keçmirsə, o zaman stomatoloqa müraciət etməlisiniz.

Narıncı ərp

Narıncı ərp, sarı kimi, sitrus meyvələri, kurkuma və digər meyvələr, parlaq sarı və ya narıncı ədviyyatlar yedikdən sonra da əmələ gəlir. Bundan əlavə, dildə narıncı ərp qaraciyər, öd kisəsi xəstəlikləri, sidik sisteminin patologiyaları və həzm sisteminin pozğunluqlarında ola bilər.

Qəhvəyi ərp

Sarı və ya narıncı ərpdə olduğu kimi, ərp qəhvəyi rəngə çalırsa ediləcək ilk şey son zamanlarda yeyilmiş yemək haqqında düşünməkdir. Qəhvə, kakao və ya şokoladdan sonra dil qəhvəyi olur, amma belə hallarda dil tüpürcəyin köməyi ilə tez təmizlənir.

Bir sıra dərmanların (xüsusən də antibiotiklərin) uzun müddətli istifadəsi dildə qəhvəyi ərpin başqa bir səbəbidir. Xəstəliklərə gəldikdə, qəhvəyi ərp əsasən mədə-bağırsaq traktının xəstəlikləri, həmçinin stomatit və böyrək patologiyası fonunda baş verir.

Qara ərp

Bu son dərəcə nadir hallarda olur. Qara ərp ağız boşluğunda mikrofloranın balansı pozulduqda əmələ gəlir. Ağız boşluğunun ölü toxumaları ilə qidalanan şərti-patogen və patogen mikrobların bəzi növləri dildə qara rəngdə tullantı məhsulları yerləşdirir.

Dilin üzərində qara ərp bəzən qaraciyər, öd kisəsi və ya dalağın patologiyaları ilə əlaqələndirilir. Bu simptom varsa, dərhal həkimə müraciət edin.

Dildəki ərpdən necə qurtulmaq olar

Dilin üzərindəki ərpin rəngindən, bu simptomun neçə müddət davam etməsindən və s. asılı olaraq, ərpdən xilas olmaq üçün aşağıdakılar tövsiyə olunur:

  • Diş fırçası və dil təmizləyicisi ilə mükəmməl ağız gigiyenasına riayət edin. Bu periodik əmələ gələn ağ ərp zamanı kifayətdir;
  • Sarı, qırmızı, qəhvəyi, qara və ya qalın ağ ərp varsa, həkimə müraciət edin. Diaqnoz təsdiq edilməli və xəstəliyin əsas səbəbini aradan qaldırmaq vacibdir;
  • Antibiotik və göbələkəleyhinə vasitələri yalnız həkiminizin göstərişi və nəzarəti altında qəbul edin. Antibiotiklər xəstəliyin bakterial təbiəti müəyyən edildikdə (məsələn, angina zamanı) və antifunqal vasitələr isə göbələk patologiyasında (məsələn, kandidoz zamanı) təyin edilir.
  • Müalicə zamanı şirniyyatlardan və spirtli içkilərdən istifadə etməkdən çəkinin.

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D


Buyurun, izləyin:

No comments:

Post a Comment

Ən populyar məqalələr