Almaniyanın tibb praktikasında baş vermiş bu hadisə barədə bir neçə tibbi nəşrdə məlumat verilmişdir. Gənc qadına yeni eynək üçün resept lazım idi. O, oftalmoloqun qəbuluna yazılır. Həkim, digər prosedurlarla yanaşı gözün kompüter perimetriyasını da təyin edir, halbuki bu müayinəyə heç bir lüzum yox idi. Həkim görmə qabiliyyətinin minimal pozulduğunu aşkar edir, hansı ki, bu, xəstəni əvvəllər heç narahat etməmişdi. Əlavə diaqnostika kimi həkim kəllə sümüyünün MRT-ni təyin edir. Bu kifayət qədər bahalı bir prosedur sayılır.
MRT görmə sinirinin qeyri-müəyyən qalınlaşmasını aşkar edir. Nümunə götürmək üçün xəstəyə əməliyyat təyin edilir. Lakin əməliyyat zamanı beyində qansızma baş verir. Nəticədə, bundan öncə tam sağlam olan gənc qadının sağ tərəfi iflic olur. Sonradan məlum olur ki, görmə sinirinin minimal qalınlaşması sağlamlıq üçün heç bir təhlükə kəsb etmirmiş.
Niyə belə şeylər baş verir? Hamburq-Eppendorf Universitet Xəstəxanasının professoru, ümumi praktik həkim və tibbi xidmətlərin keyfiyyəti üzrə ekspert Martin Şerer (Martin Scherer) bu və digər suallara cavab tapmağa çalışır.
Tibbi prosedurların çoxluğu paradoks kimi səslənir, amma bununla belə, söhbət diaqnostika və terapiya üçün hər bir konkret halda vacib olmayan və hətta xəstələrin sağlamlığına zərər verə biləcək çox sayda müayinələrin təyinindən gedir.
"Nə qədər çox olsa, bir o qədər yaxşıdır" – bu düstur tibbdə heç də həmişə özünü doğrultmur. Professor Şerer vurğulayır ki, "hər hansı diaqnostik müayinə və istənilən terapiya, prinsipcə zərərli ola bilər". Rentgen və ya laborator müayinələri zamanı aşkarlanan və ciddi narahatlıq doğurmayan təsadüfi anomaliyaları diqqətdən kənarda qoymaq olardı. Lakin onlar müəyyən olunandan sonra praktik sağlam insanlar birdən-birə xəstə insanlara çevrilir.
Götürək, prostat vəzi xərçənginin erkən diaqnostikası üçün kişilərin qanında prostatspesifik antigen (PSA) adlandırılan markerin aşkar edilməsini. Bu antigenin yüksək səviyyələri prostat vəzidə şişin olmasını göstərir. Deməli, belə çıxır ki, bütün kişilər xəstəliyi erkən mərhələdə aşkar etmək üçün mümkün qədər tez-tez PSA səviyyəsini yoxlamalıdırlar?
Erkən mərhələdə prostat vəzi xərçənginin
diaqnostikası elə də asan məsələ deyil. Bəzən şiş çox yavaş sürətlə böyüyür
– o qədər yavaş ki, ilkin stadiyada orqanizm üçün təhlükə yaratmır. Şişin belə
təhlükəsiz formaları da PSA testi ilə aşkar edilir – özü də əlamətlərin yaranmasından
çox-çox əvvəl.
Problem ondadır ki, prostat vəzi xərçənginin müalicəsi və cərrahi əməliyyatlar ciddi risklərlə əlaqəlidir. Bu zaman müalicənin (əməliyyatın) erektil disfunksiya və sidik qaçırma kimi yan təsirləri ola bilər.
Rəqəmlər nəyi göstərir: müntəzəm
olaraq PSA müayinəsini keçən 10.000 kişi arasında prostat vəzi xərçəngindən 12
ölümün qarşısını almaq olar. Digər tərəfdən, 10.000 kişidən 340-da şişin təhlükəsiz
formaları aşkarlanır və onların müalicəsi yuxarıda qeyd olunan əlavə təsirlərin
yaranmasına səbəb ola bilər.
Almaniya diaqnostika və terapiyada
ifratçılıq hallarına görə liderdir
Müalicənin heç də
həmişə özünü doğrultmadığına dair tibbdə çoxlu nümunələr var. Məsələn, yuxarı tənəffüs yollarının iltihabı zamanı həkimlər
tərəfindən çox tez-tez təyin olunan və viruslara qarşı təsir göstərməyən
antibiotikləri götürək. Və ya xroniki və ya kəskin bel ağrısı zamanı onurğada əməliyyatlarının
sayının kəskin artması, halbuki cərrahi
müdaxilə olmadan konservativ müalicə kifayət edə bilərdi.
Mütəxəssislərin hesablamalarına görə, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı (OECD) ölkələrində ifrat diaqnostika və
müalicə səhiyyə xərclərinin təxminən 20 faizini yeyir. Almaniya bu
göstərici üzrə ön sıralardadır. Burada səhiyyə xərcləri Aİ üzrə orta
göstəricidən təxminən 40 faiz yüksəkdir. Ekspert Martin Şerer hesab edir
ki, bu vəsaitlər daha ağıllı və işin xeyrinə xərclənə bilərdi.
Mükafat sistemi aşırı diaqnostikaya təşviq edir
Aşırı diaqnostika və terapiyanın bir
səbəbi də mükafat sistemidir. Alman səhiyyəsində “aksionizm” təşviq edilir və əməliyyatlardan
klinikalar və həkimlər həmişə yaxşı qazanc əldə edirlər. Buna görə
həkimlər əməliyyatlara
həvəslə qərar
verirlər.
Bunu Almaniya klinikalarının baş
həkimləri arasında keçirilən sorğunun nəticələri də təsdiqləyir: respondentlərin
40 faizi hesab edir ki, cərrahi müdaxilələrin sayının artması xəstəxanaların
iqtisadi vəziyyəti ilə birlavasitə bağlıdır.
Təbii ki, problem təkcə maddi
stimulda deyil. Sorğular zamanı bir çox həkim müalicənin təyin
edilməsində səhvlərdən sığortalanaraq, mümkün qədər çox müayinə təyin
etdiklərini təsdiqləyir. Bundan əlavə, onlar xidmətlərin göstərilməməsinə
görə məsuliyyət daşıya biləcəklərindən narahatdırlar. Çox vaxt hüquqi
məlumatsızlıq həlledici rol oynayır – hətta təcrübəli həkimlər də öz
peşələrinin hüquqi tələblərindən kifayət qədər xəbərdar deyillər.
Aşırı diaqnostika və terapiya istəyi əslində tibbi praktika etikasının əsaslarını formalaşdıran Hippokrat andında yer alır. Primum non nocere: "zərər vermə!" Ancaq diaqnoz qoyulduqdan sonra, təyin olunan müalicənin xəstə üçün zərərindən daha çox faydasının olub-olmadığını müəyyənləşdirmək həmişə asan olmur.
Daha az olsun, yaxşı olsun
Professor Şerer “Less is more” formulasına üstünlük verir: "az, çox deməkdir". O, həmkarlarından xəstələrə əməliyyat təyin etməyə tələsməmələrini, bir az cəsarət göstərmələrini xahiş edir. Bu, çox səbr və daha çox vaxt tələb edəcək, lakin konservativ müalicə əməliyyatdan daha təsirli ola bilər.
Xəstələr də “mən tibbi sığorta haqqı
ödəyirəm və lazımi müalicəyə layiqəm” kimi yanlış inamlardan azad olsalar aşırı
diaqnostik yüklənmələr olmaz. Professor Şererin sözlərinə görə, bir çox
xəstələr onlara iynə və ya həb yazmayan həkimin onların şikayətlərinə laqeyd
qaldığına inanır.
Martin Şerer hesab edir ki,
dəyişikliklər həm həkimlərin, həm də xəstələrin şüurunda baş
verməlidir. Hətta bu ideyaları təbliğ etmək üçün beynəlxalq təşəbbüslər də
var. Məsələn, “Müdrik seçim” təşəbbüsü həkimləri xəstələri müalicə edərkən
nəyin zəruri və nədən imtina etmək lazım olduğu barədə məlumatlandırmaq məqsədi
daşıyır.
Almaniyada həkimlərə işlərində
köməklik göstərən “Klug entscheiden” (“Ağıllı qərarlar qəbul et”) ümumi adı
altında bir sıra tövsiyələr də mövcuddur. Bundan əlavə, onlar tibbi
məsləhətləşmələr və xəstələrin sağlamlığını müşahidə etmək üçün adekvat mükafat
tələb edirlər. Bununla da, həkimləri pul mükafatı qarşılığında aşırı diaqnostika və müalicədən çəkindirmək olar.
Mənbə: Deutsche Welle
No comments:
Post a Comment