Qida əlavələri, daha dəqiq desək, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) - ölkəmizdə məhz rəsmi olaraq belə qəbul edilmişdir, - bilavasitə qida ilə və ya qida məhsullarının tərkibində qəbul etmək üçün nəzərdə tutulan bioloji aktiv maddələr və onların kompozisiyalarıdır.
BFMQƏ
qida məhsullarına aiddir və dərman vasitəsi deyildir. Onlar belə bioloji aktiv
maddələrin (qida lifləri, vitaminlər, mineral maddələr, amin turşularının)
orqanizmdə defisitini aradan qaldırmaq və qida rasionunu zənginləşdirmək
məqsədi ilə tətbiq edilir.
Gündəlik olaraq Amerikada əhalinin 80%-dən çoxu vitamin-mineral kompleksi preparatları qəbul edir, Yaponiyada belələri əhalinin 93-98%-ni təşkil edir. Bizim ölkədə isə bu rəqəm 25-30% civarındadır.
Son
vaxtlar BFMQƏ mövzusu həyati vacib və insanların qızğın müzakirə etdikləri
məsələlər sırasındadır. Təqdirəlayiqdir ki, insanlarda bu məsələyə dair maraq
oyanmışdır. Tək adi istehlakcılar arasında deyil, həm də səhiyyə işçiləri
arasında da bu məsələ ilə bağlı gərgin mübahisələr, diskussiyalar gedir. Amma
BFMQƏ-lərinin nə olduğunu və nəyə aid edildiyini düzgün qiymətləndirmək
lazımdır.
Əslində təbii xammal əsasında hazırlanmış məhsullar həkimlər tərəfindən 30 ildən çoxdur ki, geniş şəkildə istifadə edilir. Üzvi maddələr (kimyəvi tərkibli dərman vasitələrindən fərqli olaraq) orqanizm tərəfindən asan mənimsənilir, mübadilə proseslərində asan iştirak edir, istifadə olunduqdan sonra eləcə asan orqanizmi tərk edir. Elə bu cəhətlərinə görə də belə məhsullar Qərb ölkələrində, xüsusilə də Amerikada geniş təbliğ olunmağa başladı. Amerika Birləşmiş Ştatlarında ilk bioloji aktiv əlavələrin tətbiqi XX əsrin 30-cu illərinə təsadüf edir.
Bu gün BFMQƏ tətbiqi sahəsində dünya liderlərindən biri Yaponiyadır. Hər şey isə 1961-ci ildən sonra başladı. O zamanlar Yaponiyada Xirosima və Naqasaki bombardmanlarından sonrakı dövrdə insanlarda səhhətləri ilə bağlı problemlər artmağa başlamışdı, doğum göstəriciləri və orta həyat davamiyyəti kəskin enmişdi. Konkret olaraq, 1961-ci ildə yaponların orta ömrü 54 və 56 yaş idi, kişilərdə və qadınlarda müvafiq olaraq. Doğum göstəriciləri o qədər enmişdi ki, əhalinin sayı 19 milyon azalmışdı. Bununla əlaqədar təcili tədbirlər planı hazırlamaq lazım idi.
Yaponiya
höküməti xüsusi tədqiqatlar üçün subsidiyalar ayırdı, alimlər “Milləti xilas etmə
proqramı” adlandırılan dövlət proqramı hazırladılar. Yapon ictimaiyyəti
qarşısında 3 bənddən ibarət tələblər qoyuldu:
- torpağın radionuklidlərdən təmizlənməsi və radiasiya fonunun tənzimlənməsi;
- əhalinin 100%-ni əhatə edən ümumi dispanserizasiya;
- dəniz məhsullarından və bioloji aktiv əlavələrdən istifadə edərək əhalinin qidalanmasının optimallaşdırılması.
Beləliklə,
50 il ərzində insanların orta ömrü 80 ilədək uzanmışdı. Təbii ki, bu adamların
yaşam tərzi, həyat keyfiyyəti də artmışdı, çünki onlar az xəstələnirdilər. Bununla yanaşı əhalinin təbii artım göstəriciləri də yaxşılaşmışdı.
Hal-hazırda Yaponiyanın əhalisinin sayı Rusiya və ABŞ-la müqayisə oluna bilər – 138
milyon.
“İNSANLAR XRONİKİ XƏSTƏLİKLƏRDƏN DEYİL, APARILAN MÜALİCƏNİN NƏTİCƏLƏRİNDƏN ƏZİYYƏT ÇƏKİR”
Dünyanın hər bir yerində vitamin-mineral komplekslərə münasibət çox pozitivdir. Müxtəlif ixtisaslı həkimlər müəyyən xəstəliklər zamanı tövsiyələrini adətən vitamin-mineral kompleklərindən başlayır. Bu vasitələr kömək etməzsə, yaxud da xəstəlik kəskim formada təzahür edirsə, o zaman təbii ki, dərman vasitələri ilə müalicə aparılır.
Bu gün farmasevtik sənaye çox sürətlə inkişaf etməkdədir, bu da bəzi neqativ tendensiyaların yaranması üçün münbit şərait yaradır. Dərman səbəbi ilə xəstələnmə sayı bu gün bütün xəstələnmə səbəbləri sırasında 4-cü yerdədi. Ölüm səbələri sırasında 7-ci yeri də dərman səbəbi ilə xəstələnmələr tutur. Çox vaxt insanlar xroniki xəstəliklərdən deyil, aparılan müalicənin nəticələrindən əziyyət çəkir. Hamı gözəl anlayır ki, dərman qəbulu nəyəsə müsbət təsir edirsə, nəyəsə mənfi təsir göstərə bilər. Bəli, dərman insanlara həmişə lazımdır. İnsan həyatını təcili xilas edərkən – infarktlar, insultlar, ağır ağ ciyər, böyrək iltihabları və bir çox digər sağlamlıqla bağlı problemlər tabletlər, iynələrlə müalicə olunur. Lakin sonda reabilitasiya ilə əlaqəli məsələlər ön plana çəkilir. Xəstəlikdən sonra, xüsusən də ağır xəstəliklərdən sonra sağlamlığı bərpa etmək, orqanizmi möhkəmlətmək və müqavimət qabiliyyətini artırmaq, psixoloji sarsıntını aradan qaldırmaq, həyat keyfiyyətini əvvəlki halına qaytarmaq lazımdır. Elə bu məqamda vitamin-mineral komplekslər və bioloji aktiv qida əlavələri üçün geniş fəaliyyət sahəsi açılır.
Bioloji fəallığa malik qida əlavələrinə müxtəlif yanaşmalar var, lakin onların faydalı olub-olmaması mübahisə predmeti deyil və isbata heç bir ehtiyacı yoxdur. Bəli – BFMQƏ faydalıdı və sağlamlığı qorumaq üçün vacib amillərdəndir.
Birincisi:
sağlam adamın sağlamlığının qorunması hər bir cəmiyyət üçün ən vacib şərtdir.
Bu çox məntiqli və anlaşılandır. Bəs necə qorumaq olar? Tək sağlam həyat tərzi
ilə, fiziki aktivlikləmi? Bəli, bunların rolu sözsüzdür. Amma bununla
orqanizmdə kalsium və vitaminlərin miqdarı artmır. Bəlkə massaj,
refleksoterapiya və fizioterapiya? Olar, əlbəttə. Amma bunlarla da orqanizmdə
mikroelemetlərin miqdarı artmayacaq.
Bioaktiv
əlavələr dərman vasitəsi deyildir, onların əlavə təsiri yoxdur, artıq dozalanma
problemləri olmur. Hətta insan bu vasitələrin bütöv flakonunu birdəfəyə qəbul
etsə belə, bunlar adi qida kimi mənimsəniləcək və orqanizm özünə lazım olanı
alacaq, artığını böyrəklər, bağırsaqlar vasitəsilə, tərlə, tənəffüslə və s.
yollarla xaric edəcək.
BFMQƏ-i tək əczaxanalarda deyil, funksional qida vasitəsi kimi ərzaq dükanlarının rəflərində də olur, axı bunlar qida əlavəsidir. Bunlar insanın gündəlik rasionunda qida ilə ala bilmədiyi mikroelement və bioıloji aktiv maddələrdir.
BFMQƏ-ə
tələblər bunlardır – onlar təhlükəsiz və təbii olmalı və tərkibində
inqredientlərin dozası aşağı (sutkalıq tələbat civarında) olmalıdır.
Bütün BFMQƏ-i xüsusi sertifikasiyadan keçir. Onların keyfiyyəti yoxlanılır. Onların tərkibində radioaktiv hissəciklər, kif əlamətləri, ağır metal duzları olmamalıdır.
Ona görə də BFMQƏ-i rahatlıqla almaq olar, amma öncə həkimlə məsləhətləşmək tövsiyə olunur.
“İNSAN ORQANİZMİ 120-150 İL ÖMÜR SÜRMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULUB, AMMA BUNDAN BƏHRƏLƏNƏ BİLMİRİK”
Burada tanınmış alim Laynus Karl Polinqin (Linus Carl Pauling) adını çəkmək yerinə düşərdi. O 1901-ci ildə doğulub və 1994-cü ildə dünyasını dəyişib.
Polinq
Ümumdünya Səhiyyə Təşkilatının və UNESCO-un təklifi ilə yaradılmış, dünyanın
aparıcı alimlərini əhatə edən və keçən əsrin 80-ci illlərində insan ömrünün
uzadılması məsələlərini tədqiq edən komissiyaya rəhbərlik edirdi.
Hal
hazırda insan ömrü ortalama 70 yaş civarındadır. Halbuki genetiklər tərəfindən
sübut olunmuşdur ki, insan orqanizmi üçün öncədən 120-150 il “istismar” müddəti
nəzərdə tutulub. Tədqiqatlar 10 il ərzində müxtəlif ölkələrdə aparılıb. Məhz
Polinq müxtəlif xəstəliklərin səbəblərini və inkişaf mexanizmlərini elmi
cəhətdən əsaslandırdı. Bundan başqa o insanların həyat keyfiyyətinin qısa zaman
ərzində nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılması üçün nələrin lazım olduğuna
dair tövsiyələr də verdi. Ortomolekulyar təbabət kimi istiqamətin banisi də
məhz o oldu. ABŞ-da Polinq adına Ortomolekulyar Təbabət İnstitutunun (Linus Pauling Institute) alimləri müxtəlif vitamin-mikroelement komplekslərinin tərkibini hazırlayır və
onların tətbiqinə dailr tövsiyələr verirlər. Gündəlik olaraq ABŞ-da 80%-dən
çox əhali bioaktiv qida əlavəsi qəbul edir. Yaponiyada 93-98%, Avropada
ortalama – 72%. Bizdə bu rəqəm 25-30% civarındadır.
Lakin bir şeyi nəzərdə saxlamaq lazımdır ki, BFMQƏ-i tez effekt vermir, belə ki, tərkibinə daxil olan aktiv maddələr aşağı dozalardadır. İnsanlar isə təcili yardıma alışıblar. Tableti qəbul etməklə diş ağrısı keçir. Haradasa şişkinlik, ödem varsa, sidikqovucu qəbul etməklə bunun qarşısı həmən alınır.
Dərman
vasitələrinin effkti tez bir zamanda biruzə verir, amma tez bir zamnda da keçib
gedir. Tabletin təsiri ötdükdən sonra ağrı yenidən qayıdır.
Vitamin
mineral komplekslərin, BFMQƏ qəbuluna başladıqdan yalnız 2-3 həftə sonra təsir
etməyə başlayır, ona görə ki, metabolik terapiyanın məğzi məhs bundadır –
insana maddələr mübadiləsinin bərpa edilməsində kömək etmək.
Qədimdə
deyirdilər ki, "bütün xəstəliklər əsəbdəndir, yalnız zöhrəvi xəstəliklər kef
çəkmənin nəticəsidir". İndi də belə düşünənlər az deyil. Əslində isə bütün
xəstəliklərin mənbəyi müxtəlif növ maddələr mübadiləsi pozğunluqlarıdır.
İnsan
öz sağlamlığını qorumaq istəyirsə, xəstəliyin kəskinləşməsi zamanı deyil,
müntəzəm olaraq BFMQƏ qəbul etməlidir. Bunlar dərman vasitəsi olmadığından,
qəbulunda fasilələr etmək lazım deyil.
Gündəlik
olaraq insan orqanizminə 600-dən 700-ədək müxtəlif essensial maddələr, yəni
orqanizmdə sintez olunmayan, yalnız qida ilə daxil olan maddələr tələb olunur.
Bu tələb yerinə yetirilərsə, hər şey qaydasında olar və insanlar onlara
ayrılmış 120-150 ilini yaşaya bilərlər.
Lakin əfsuslar olsun ki, 600-700 əvəzinə gündəlik rasionumuza bunların cəmi 200-230-u daxildir, yerdə qalanını kompensasiya etrməliyik.
35
yaşadək orqanizm hansısa ehtiyatlar hesabına funksiyasını yerinə yetirirsə,
bu yaşdan sonra rezervlər tez bir zamanda tükənir. Bunun nəticəsidir ki, 35
yaşdan yuxarı tam sağlam insan, demək olar ki, yoxdur. Hamıda heç olmasa bir
xroniki xəstəlik var və bu xəstəliklə (bəzən xəstəliklərlə) ömrümüzün sonunadək
yaşamağa məcburuq.
Ona
görə də bu barədə zamanında düşünmək və düzgün qərar vermək lazımdır!
BFMQƏ BAZARINDA NƏLƏR BAŞ VERİR?
Son bir neçə ilədək BFMQƏ bazarında tənzimləmə mexanizmləri növcud deyildi, kim istəyirdisə, müəyyən məbləğ rüsum ödəməklə hər hansı bitki tərkibli vasitəni ölkəyə idxal etmək hüququ qazanırdı. Bu zaman gətirilən vasitələrin nə tərkibi yoxlanılır, nə istehsal edildiyi müəssisə araşdırılır, nə istehsal texnologiyası analiz edilirdi.
BFMQƏ-inin
ölkəmizdə geniş vüsət alması heç də əhalinin öz sağlamlığına olan diqqətinin
artması ilə deyil, farmakoloji bazarda bəzi “işbazların” merkantil maraqları
ilə əlaqədar idi. 2016-cı ildə ölkəmizin dərman bazarını tənzim etmək məqsədi
ilə ölkəyə idxal olunan və dərman vasitəsi kimi qeydiyyatdan keçmiş bütün
preparatlara hökumət tərəfindən (Tarif Şurası) vahid satış qiyməti, başqa sözlə
referent qiymətlər müəyyən edildi. Bu zaman dərman vasitəsinin istehsal
olunduğu ölkədə və bir neçə digər Avropa ölkəsində və Türkiyədə həmin
vasitələrin satış qiymətləri əsas götürüldü. Üzdəniraq farmbaronların bazarı
bağlandı. Elə həmin zamanlardan qida əlavələrinin Azərbaycana külli miqdarda
idxalı başladı. Çünki bu mallara hərə istədiyi qiyməti təyin edə bilərdi.
Bununla yanaşı son zamanlar farmasevtik istehsalçılar tərəfindən də BFMQƏ-nə maraq artmışdır (qida əlavələri istehsalçılarının 18%-i dərman vasitəsi də istehsal edirlər). Bundan başqa BFMQƏ-i daha geniş satış imkanlarına malikdir.
Belə ki:
- dərman vasitələri üçün daha çox tənzimləmə məhdudiyyətləri mövcuddur; dərman vasitələri üçün klinikadan qabaq və klinik təcrübələr tədqiqatı mütləqdır, amma qida əlavələri üçün yalnız toksikoloji və gigyenik tədqiqatlar kifayət edir;
- dərman vasitələri üçün konkret göstərişlər var və başqa xəstəliklərdə onların tətbiqi məhdudlaşdırılır. Qida əlavələrinin istifadəsi üçün yalnız tövsiyələr ola bilər ki, bu da istehsalçılara reklam etmək üçün aksentlərin sərbəst olaraq seçilməsinə geniş imkanlar verir;
- hazır dərman vasitələrinin satışı yalnız əczaxana şəbəkəsi ilə həyata keçirilir, BFMQƏ isə həm əczaxanalarda, həm də hər hansı ərzaq ticarəti müəssisəsində satıla bilər;
- dərman vasitələrinə vahid tarif (referent) qiyməti müəyyənləşdirilir, qida əlavələrinin satış qiymətləri distribyutorlar tərəfindən sərbəst şəkildə təyin edilir.
- Dərman vasitələrinin reklamı qadağan olduğu halda, BFMQƏ-a dair belə məhdudiyyətlər yoxdur.
- BFMQƏ-nin kütləvi informasiya vasitələrində reklamı zamanı təqdim olunan materiallar bu məhsulun qeydiyyatı zamanı təsdiq edilmiş sənədlərə uyğun olmalıdır;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən rəsmi rəy almamış BFMQƏ-nin reklamı qadağandır;
- BFMQƏ-nin unikal olması, daha effekli və əlavə təsirlər baxımından daha təhlükəsiz olması barədə məlumatların verilməsi qadağandır;
- BFMQƏ-nin reklamı istehlakçını məhsulun tərkibi və effekti barədə yanıltmamalıdı, məhsul barədə müfəssəl məlumat həm içlik vərəqədə, həm də qutunun üzərində azərbaycan dilində olmalıdır;
- Reklam bu vasitənin mənşəyində olan xammalın təbii olması ilə əlaqədar təhlükəsiz olmasına təminat verildiyi təəsüratı yaratmamalıdır;
- Reklam istehlakçının profilaktika və köməkçi terapiya üçün istifadə etdiyi digər vasitələrə olan inamını sarsıtmamalıdır;
- Reklam BFMQƏ-nin tətbiqi zamanlı həkimin iştirakının vacib olmadığını təbliq etməməlidir;
Bioloji fəallığa malik qida əlavələrini alarkən mütləq həkimlə məsləhətləşin. Hətta sadəcə vitamin preparatının yersiz qəbulu müəyyən fəsadlara gətirib çıxara bilər.
Son zamanlaradək həkimlər xalq təbabəti vasitələrindən geniş istifadə edirdilər. Ev şəraitində müxtəlif otlardan, bitkilərdən, toxumlardan, meyvə və giləmeyvələrdən hazırlanmış dəmləmələrdən hazırlanmış müalicəvi və profilaktik vasitələrdən çoxları şəfa tapırdı. Elə indinin özündə də bu vasitələrdən istifadə edənlər az deyil. Belə xalq təbabəti vasitələrinin müxtəlif xəstəliklərdə, patoloji hallarda, ümumiyyətlə sağlam həyat sürmək üçün istifadəsi barədə geniş məlumatı “Bunları bilmək vacibdir” rubrikası altında cəmlənmiş bloqumda oxuya bilərsiniz.
Elə
söhbət açdığımız bioloji qida əlavələri də həmin xalq təbabətinə istinad edir
və onun qədim və tarixin sınağından keçmiş metodlarına əsaslanaraq hazırlanmış
müxtəlif ekstraklar, hidrolatlar, məlhəm və dəmləmələrdən ibarətdir. Yalnız
bunlar artıq ixtisaslaşmış müəssisələrdə, əczaçılıq zavodlarında, müasir
texnologiyalar əsasında hazırlanır və qablaşdırılır.
Lakin
yuxarıda qeyd edildiyi kimi, bu sahədə də, ələlxüsus bu sahə müəyyən gəlir
gətirirsə, mütləq üzdəniraq “işbazlar” xalqın az məlumatlı olmasından istifadə
edərək 3-5 manat haram gəlirə görə onların sağlamlığı ilə oynayır, həkimin
təmiz adına ləkə gətirirlər.
Mənşəyi
məlum olmayan, şübhəli istehsalçı tərəfindən hazırlanmış, ölkəyə saxta
sənədlərlə gətirilən və geniş surətdə reklan edilən sağlamlıq üçün təhlükə
yarada biləcək vasitələrin əhali arasında yayılması nəinki qanunsuzluqdur,
hətta mənəviyatsızlıqdır. Bəli saxta sənədlə keyfiyyətsiz mebel, elektronika,
bər-bəzək əşyaları idxal edənlər az deyil. Amma bunu qida məhsullarına və, ələlxüsus, sağlamlıq üçün nəzərdə tutulmuş məhsullara şamil edənləri heç bir
halda bağışlamaq olmaz.
Ona
görə də, hər hansı dərman vasitəsi, xüsusən də bioloji fəallığa malik qida
əlavəsini əczaxanadan alan zaman vasitənin qutusunu, içlik vərəqini diqqətlə
oxuyun, istehsalçı barədə məlumatı öyrənin, bu istehsalçının Çində, Hindistanda
və hətta Türkiyədə, Avropada hər hansı bijuteriya buraxan, yaxşı halda kosmetik
vasitə (şampun, krem, losyon) istehsal edən müəssisə olmadığına əmin olun. Şükürlər
olsun ki, indi internet vasitəsilə hər hansı istehsalçı barədə müfəssəl məlumat
almaq olar. Özünə güvənən, həqiqətən də bu sahədə ixtisaslaşmış müəssisənin
mütləq internet səhifəsi vardır. Daxil olun, oxuyun, məlumatlı olun. Belə
faktlar var, tərəfimizdən dəfələrlə aşkarlanıb və müvafiq orqanlara məlumat
verilib. Bir sözlə - ayıq olun, sizi aldatmasınlar, sözün əsl mənasında,
sağlamlığınız öz əlinizdədir.
Yekunda
– çalışın sağlam qalın. Amma sağlam qalmaq üçün, xəstələnməmək üçün,
xəstələnmisizsə, sonrakı reabilitasiya periodunda və ümumiyyətlə profilaktika
məqsədi ilə həkimlərin məsləhəti əsasında, bunu bir daha vurğulayıram, həkimin
bilavasitə məsləhəti və tövsiyələrinə uyğun olaraq bioloji fəallığa malik qida
əlavələrindən istifadə edin. Bunlar Sizin sağlamlığınız üçün vacibdir!
Fəxrəddin Əfəndiyev MD/Ph.D
It is very important
ReplyDelete