January 18, 2023

Sağlamlığınız üçün ən vacib analiz və müayinələr

Özünüzü tam sağlam hiss etsəniz belə, ildə bir dəfə bu müayinələrdən keçmənizi təkidlə tövsiyə edirik. Belə ki, bir çox xəstəliklər erkən stadiyalarda özünü biruzə vermir, ona görə də onları müəyyən etmək üçün müntəzəm müayinələrdən keçmək lazımdır. Nəzərə alsaq ki, bu müayinələrin əksəriyyəti icbari tibbi sığorta paketinə daxildir, büdcənizə nəzərə çarpacaq dərəcədə ziyanı olmayacaq.

Beləliklə, getdik...

1.    Qanın ümumi analizi

Əlbətdə, bu ən geniş tətbiq olunan analizlərdəndir ki, onun nəticələri əsasında orqanizmdə baş verə biləcək bir çox pozğunluqlar, iltihab və ya digər xəstəliklər aşkar edilə bilər. Məsələn, anemiya kimi bildiyimiz hemoqlobinin və eritrositlərin azalması – bunlar oksigen daşıyıcılarıdır.

Bu gün bir çoxları qida ilə kifayət qədər dəmir mənimsəmir, bəziləri vegetariandır, ət məhsulları yemir, müəyyən faiz qadınlarda menstruasiya zamanı həddən artıq qan itkisi olur və s. Şikayət yoxdursa, rutin müayinə kimi mütləq deyil, amma ildə bir dəfə hemoqlobin göstəricisinin skrininqi məqsədəuyğun sayılır, belə ki, anemiya həyat keyfiyyətinə ciddi təsir göstərə bilər və əlavə müayinələrə ehtiyac ola bilər.   

2.    Sidiyin ümumi analizi

İlk növbədə bu analiz böyrəklərin və ya sidik kisəsinin vəziyyətini qiymətləndirməyə imkan verir. Lakin bu tək bunları deyil, həm də sistem xəstəlikləri – hepatit, dərman intoksikasiyası, diabet və digər daha ciddi probleri aşkar etməyə kömək edir.

3.    Qanda qlükozanın təyini

Bir qayda olaraq “qanda şəkərin səviyyəsini” diabetlə əlaqələndirirlər, lakin qlükozanın miqdarını bilməklə daha çox patoloji halı aşkar etmək mümkündür. Bu göstərici əsasında həkim mədəaltı vəzin, qaraciyərin, böyrəklərin və böyrəküstü vəzin, hipotalamusun xəstəliklərini, endokrin pozğunluqlarını, qaraciyər disfunksiyasını, orqanizmdə baş verən aktiv iltihabi prosesləri müəyyən edə bilər. Habelə, əlbəttə ki, şəkərli diabetin inkişafını.

4.    Qanda lipidlərin təyini

Ateroskleroz riskinin erkən aşkarlanması üçün vacib analizdir (“pis” və “yaxşı” yağların səviyyəsini göstərir).

Bu tədqiqat ümumi xolesterinin, yüksək və aşağı sıxlıqlı lipoproteidlərin analizini ehtiva edir, belə ki, tək ümumi xolesterinin təyini kifayət deyil.

Aterosklerozun inkişafı riskinin proqnuzu zamanı aşağı sıxlıqlı lipoproteinlərin təyini vacibdir, ona görə də kardioloqlar məhz bu göstəricinin kontrolda saxlanılmasını tövsiyə edirlər. Tədqiqatın aparılma tezliyi individualdır. Əgər birinci analizdə göstəricilər normadadırsa, təkrar tədqiqat iki-üç ildən sonra aparıla bilər, yox, həkim göstəricilərin hüdud səviyyələrinə yaxın olduğuna diqqət yetirərsə, hər il kontrol edilməsi lazım gələcək.  

5.    Flüoroqrafiya

Bir çox ağır, ölüm riski olan xəstəliklər, həmçinin ağ ciyər xərçəngi və vərəm xəstəliyi uzun müddət gizli inkişaf edə bilər. Ona görə də mütəmadi flüoroqrafiya müayinəsindən keçmək lazımdır. Ümumi qaydaya görə hər iki ildən bir müayınə olunmalıdır, amma bəzi hallarda daha tez – ildə bir dəfə və hətta ildə iki dəfə flüoroqrafiya müayinəsi lazımdır. Bunlar xroniki xəstəliyi olanlar, irsi meyilli adamlar, habelə bəzi peşə sahibləri və xəstələnmə riski yüksək olanlardır, məsələn, dustaqlar, daimi yaşayış yeri olmayan insanlar və s.

6.    Terapevtin müaynəsi

Çox güman ki, terapevtin qəbulunda üç ildə bir dəfədən daha tez-tez olursunuz, heç olmasa qrip olduqda xəstəlik vərəqi almaq üçün. Amma heç bir səbəb, narahatlıq, simptomlar olmasa da hərdən terapevti ziyarət etməniz tövsiyə olunur. Belə ki, elə olur ki, xəstəlik gizli inkişaf edir və aşkar əlamətlər olduğunda bunlar artıq fəsadlaşma ilə biruzə verir. Planlı müayinə patologiyanın zamanında aşkar edilərək tədbir görülməsinə imkan verəcək. Bu ən azından analizlərin nəticələrini yoxlatdırmaq və hər şeyin qaydasında olduğuna əmin olmaq üçün vacibdir.

7.    Stomatoloqun müayinəsi

Ağız boşluğunun profilaktik müayinəsi üçün heç olmasa ildə bir dəfə stomatoloqun qəbulunda olmanızı tövsiyə edirik. Dişlərinizdə problem yaranmadan, artıq yaranmışsa erkən stadiyalarda aradan qaldırılması həm dəyərli vaxtınıza, həm də cibinizə qənaət deməkdir. Nəzərə alın ki, bu müayinə adi icbari tibbi sığorta paketinə daxil deyil və aşkar edilmiş xırda problemlərin  zamanında aradan qaldırılması həm tez, həm də ucuz başa gələcək.

8.    Qadınlara: ginekoloqun müayinəsi və analizlər

Ginekoloqu müntəzəm ziyarət etmək üçün bir çox səbəb var, reproduktiv sağlamlığın qorunmasından başlayaraq, onkologiya təhlükəsinədək. Uşaqlıq boynu xərçəngi tez-tez rast gəlinir və bütün belə xəstə qadınarda insan papilloma virusu (İPV) aşkarlanır. Uşaqlıq boynu xərçəngini aşkar etmək üçün PAP-test aparılır – bu uşaqlıq boynundan tədqiqat üçün alınan yaxmadır ki, sitoloji müayinə üçün götürülür. Öncə həkim İPV-ni analiz edir, onun olub-olmaması əsasında müayinənin tezliyi müəyyən edilir. Yoxdursa, üç ildə bir dəfə, vardırsa – ildə bir dəfə. Eləcə də transplantasiyadan, kimya terapiyasından və uzun müddət steroid hormonların qəbulundan sonra immun sistemin zəifləməsi hallarında da bu tədqiqatlar aparılmalıdır.

9.    EKQ

Sizi heç nə narahat etmirsə belə, elektrokardioqramma müayinəsi heç zaman artıqlıq etməz. Ürək ritmlərinin tədqiqatı ürək fəaliyyətinin pozğunluqlarını, miokard infarktına və ürəyin işemik xəstəliyinə meyilliyi aşkar etməyə kömək edir. Çoxları düşünür ki, ürəkdə problemlər daha ahıl yaşlarda əmələ gəlir, lakin insultlar və infarktlar “cavanlaşır”. Statistikaya görə ürək-damar xəstəlikləri ölün səbəbləri sırasında birinci yerdədir.

10.  D vitamini səviyyəsinin tədqiqi

D vitamini barədə son zamanlar kovidlə bağlı çox danışılır: xalq təbabəti ona çox bel bağlayır. Əvvəla, xəstələnməmək üçün, sonra isə sağalmaq üçün. Təəssüf ki, D vitamininin deyilən qədər sehirli təsiri yoxdur, amma demək lazımdır ki, immunitet və ümumi əhval-rihiyyə ondan asılıdır. Ona görə də yaxşı olar ki, orqanizmimizdə onun ehtiyatının miqdarını bilək. Həkimlərin rəyinə görə, D vitamininin defisiti kəskin respirator virus infeksiyası, qrip və yeni koronavirus infeksiyasına (SARS-Cov-2) yoluxma riskini artırır. Bu vitamin yuxarı tənəffüs yollarının selikli qişasında antimikrob zülalların hasilatını stimullaşdırır və beləliklə də orqanizmi virus və bakteriyalardan qoruyur. D vitaminin çatışmazlığı iştahın azalması, qıcıqlanma və depressiv hallarla müşayiət olunur. Daim əzginlik, yorğunluq, yuxu pozğunluqları, depressiv xəyallara və ipoxondriyaya meyillilik müşahidə olunur.

11.  Hepatit üçün analizlər

Qaraciyər infeksiyaları, ilk növbədə uzun müddət biruzə vermədikləri səbəbi ilə çox təhlükəlidirlər. Qaraciyər ağrı vermir, buna görə də insanlar çox gec duyuq düşürlər. B və C hepatitləri “sarı” deyillər (dəridə sarılıq vermirlər), bunları “mehriban qatil” adlandırırlar, ona görə ki, insan xəstə olduğunu xroniki hepatitin qaraciyər sirrozuna transformasiyasından sonra anlayır.

12.  40 yaşdan yuxarı adamlara

40 yaşdan yuxarı adamlar üçün müayinələr daha müntəzəm olmalıdır – üç ildə bir dəfə nəzərdə tutulurdusa, belə müayinələrdən ildə bir dəfə keçmək lazım olacaq. Bütün yuxarıda qeyd olunanlardan əlavə həkimlər periodik olaraq skrininq müayinələrdən keçməyi tövsiyə edirlər. Xroniki xəstəliyi olanlar üçün mütəmadi olaraq profil həkimlərin müayinəsindən keçmələri vacibdir. Özündə xroniki xəstəliyi olmayan, lakin yaxın qohum-əqrəbasında vardırsa, eyni ilə profil həkimlərin müayinəsndən keçmələri tövsiyə olunur. Bəli, yaxın qohumda hər hansı xəstəliyin olması o demək deyil ki, sizdə də mütləq bu xəstəlik olacaq. Lakin diqqətli olmağınız və sağlamlığınızın qaydına qalmağınız tövsiyə olunur.

13.  Başqa nə?

Dəridə çoxlu xallar varsa, siyahınıza dermatoloqu da daxil edin. Helikobakterə görə analiz (13C-karbamid nəfəs testi) vacib deyil, amma arzuolunandır, belə ki, bu test mədə-bağırsaq traktının xora xəstəliyi ilə əlaqədardır. Əlbəttə ki, şikayətiniz vardırsa müvafiq həkimin qəbuluna yazılın. Ola bilsin əhəmiyyətsiz bir şeydir, amma əmin olmanız vacibdir.   

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D

Buyurun, izləyin:

No comments:

Post a Comment

Ən populyar məqalələr