December 07, 2022

BAĞIRSAQLARIN FƏALİYYƏTİNƏ DİQQƏT YETİRMƏNİZİN 4 TUTARLI SƏBƏBİ

 



ƏHVAL-RUHİYYƏ

Hamımız bilirik ki, yaxşı əhval-ruhiyyəmizə cavabdeh əsas iki hormondur – serotonin və dofamin. Çoxları üçün gözlənilməz odur ki, bunların hasilatı, əsas etibarı ilə bağırsaqlarda gedir. Alimlər bunu “bağırsaq-beyin oxu” adlandırırlar.

Mütəxəssislər tam əminliklə bildirirlər ki, bağırsaqda hasil olunan neyromediatorlar, sinir ucları vasitəsilə beyinə siqnal göndərir və müvafiq olaraq beyindən siqnal alırlar: bağırsaqların fəaliyyəti beyində gedən proseslərdən asılıdır. Elə buna görə də, keyfiyyətsiz qida stressə səbəb ola bilər, eləcə də, bağırsaqlarda əmələ gələn iltihab və infeksiyalara beyin həyəcan və narahatlıq hissi ilə cavab verir.  

Bağırsaq güclü antioksidantlar hasil edir ki, bunlar da qan vasitəsilə beyinə gedir. Antioksidantlar azad radikalların səviyyəsini aşağı salır və depressiya və həyəcan yaradan iltihabi prosesləri azaldır.

İMMUNİTET

İnsan orqanizminin immun sisteminin 70%-ə qədəri bağırsaqlarda yerləşir desək, yanılmarıq.

İmmunitetin qorunmasına cavabdeh olan orqanlardan
biri də bağırsaqdır. Bəs bağırsaq bütün orqanizmin immun sistemi ilə necə əlaqəlidir? Bağırsaqlarımızda onun mikroflorasını təşkil edən 500-dən çox bakteriya mövcuddur. Mikroflora həm faydalı, həm də şərti-patogen (“pis”) bakteriyalardan ibarətdir. Şərti olaraq patogen, yəni müəyyən şərtlərdə bədənə zərər verə bilən və faydalı bakteriyalar bağırsaqlarda üstünlük qazanmaq üçün bir-biri ilə daim rəqabətdədir. Sağlam bağırsaq üçün müxtəlif növ bakteriyaların nisbətinin tarazlıqda qalması vacibdir.

Bağırsaq T-hüceyrələrinin hasılatını stimullaşdırır. Bu hüceyrələr, digər təsirlərlə yanaşı, immunitetimizi dağıdan yad antigen daşıyıcı hüceyrələrin aşkar edilərək məhv edilməsinə cavabdehdir. Başqa sözlə, bağırsaqda “pis” bakteriyaların miqdarı artdıqda, orqanizmin immun sistemində pozğunluqlar başlayır.

Bağırsaqlar bir növ “buraxılış məntəqəsində” keşikçi rolunu oynayır, orqanizmə qida ilə yad antigenlərinin daxil olmasını əngəlləyir. Düzgün olmayan qidalanma, alkoqol və ya antibiotiklərin həddən artıq qəbulu bu prosesdə pozğunluq yaradır ki, buna da “artmış bağırsaq keçiriciliyi” sindromu deyilir. Bu sindromun əlamətləri bunlardır: artmış yorğunluq, artmış qıcıqlanma, yuxu pozğunluğu, baş ağrıları, xroniki iltihabi xəstəliklər və s.

DƏRİ

Əgər siz, heç olmasa bir dəfə də olsun mütəxəssisə müraciət etmisinizsə, yəqin bilirsiniz ki, bir çox hallarda hər hansı bir iltihabi proses yalnız fəsaddır, səbəb isə, sözün əsl mənasında dərində, məsələn, bağırsaqda yerləşir.

Qəbizlik zamanı orqanizmdən xaric olunmalı bəzi mübadilə məhsulları bağırsaqda ilişib qalır və müəyyən dərəcədə qana sovrulur. Orqanizm onlardan azad olmaq üçün yollar axtarır ki, belə ifrazat yollarından əlçatanı dəridir. Bağırsaqda olan pozğunluqlar dəridə yalnız sadə səpkilər və ya sızanaqlarla, quruluqla biruzə vermir, bundan daha ciddi problemlər də yarada bilər, məsələn, ekzema kimi. 

Akneyə gəlincə (üz və sinədə piy vəzilərinin iltihabı nəticəsində əmələ gələn sızanaqlar), bunun səbəbi şəkərdən, rafinə edilmiş məhsullardan həddən artıq istifadədir ki, bu məhsullar bağırsaqlar üçün zərərlidir və qarında köp və meteorizmin yaranmasına səbəb ola bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, orqanizmin bu və ya digər məhsullara reaksiyası individualdır: kimdəsə artıq desert dəridə heç bir problem yaratmır, kimlərsə inandırmağa calışır ki, süd məhsullarından imtina etdikdən sonra aknedən xilas oldu.

QAMƏT

Hətta hündürboy qamətli adamlar belə, bağırsaqlarında yaranan problemlərdən dolayısı qarın nahiyəsinin qeyri-proporsional böyüməsini görə bilər. Çoxları bu halda radikal pəhrizə keçir, halbuki səhhətində olan problemləri həll etmək daha doğrusu olardı. Hər şey tam sadədir: bağırsaq nə qədər yaxşı işləsə, bir o qədər də asanlıqla qidanı həzm edəcək va qalıqları xaric edəcək.

Daim qəbizlik və meteorizm olduqda “şişkin” qarın adi hala çevrilə bilər. Bu halda zahiri görünüş insanı öz sağlamlığına diqqət yetirməsinə sövq edə bilər. Əlbəttə, şirin qidanın məhdudlaşdırılması burada da əhəmiyyətlidir: rafinə edilmiş şəkər və sadə karbohidratlarla zəngin qida bağırsaq problemlərinə yol açır. 

İdman bu yerdə lap yerinə düşərdi: hərəkətli həyat tərzi, fitnes tək kaloriləri yandırmaqla kifayətlənmir, həm də sağlam həzmi stimullaşdırır və “tənbəl bağırsaq” sindromundan azad edir. Həyat tərzinin bu cür dəyişdirilməsini yalnız alqışlamaq olar, belə ki, bunun heç bir ziyanı yoxdur və səhhətiniz üçün çox effektlidir.

Lakin aparılan tədbirlərin effekti olmazsa, bağırsağın fəaliyyətinin pozğunluğuna ciddi yanaşaraq, vaxt itirmədən mütəxəssisə müraciət etməniz ən doğru seçimdir. 

NƏ ETMƏLİ?

  • Bağırsaq problemlərinə məhəl qoymamaq müxtəlif xəstəliklərin və patoloji halların inkişafına səbəb ola bilər. Qastrit, disbakterioz, allergiya, dəri problemləri, artıq çəki – insan bağırsaqların sağlamlığına diqqət yetirmədikdə belə problemlərin yaranma riski artır. Narahatlıq, diskomfort hiss edirsinizsə və ya bağırsaqla bağlı mümkün problemlərin zahiri əlamətlərini görürsünüzsə, mütləq həkimə müraciət edin. Xəstəliyin ağır hallarını istisna etmək üçün mütəmadi olaraq müayinələrdən keçməyi və lazımi analizləri verməyi unutmayın.
  • Bu cür pozğunluqların başqa bir xoşagəlməz nəticəsi “qıcıqlanmış bağırsaq sindromudur”. Bağırsağın bakterial mühitində disbalans, qeyri optimal qidalanma və oturaq həyat tərzi stressin yaranmasına səbəb ola bilər. Bu sindromun artıq baş qaldırdığını simptomlar kompleksi ilə anlayacaqsınız: spazm ağrıları, meteorizm və köp, defekasiya pozğunluqları (ishal və ya qəbizlik) və s. Çox güman ki, oxşar əlamətlərin bir neçə ay ərzində dəfələrlə təkrarlandığını xatırladınız. Bağırsaqların qıcıqlanmasını təşviq edən səbəbləri aradan qaldırmaq üçün həyat tərzinizi dəyişdirməli, düzgün qidalanma rejimini təmin etməli və lazım olduqda xüsusi medikamentoz müalicə almalısınız.

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D

Buyurun, izləyin:

No comments:

Post a Comment

Ən populyar məqalələr