Ömrünü beyin problemlərinin öyrənilməsinə həsr etmiş görkəmli rus alimi akademik Bexterev (Влади́мир Миха́йлович Бе́хтерев)
demişdir ki, bütün həyatı boyu ağlını və zehin açıqlığını, zəkasını itirmədən dünyasını
dəyişmək xoşbəxtliyi insanların cəmi 20%-nə nəsib olur. Qalanları, təəssüf ki,
ahıl yaşlarında hirsli və ya sadəlöhv marazmatikə çevrilir. 80% - bu cansıxıcı
statistikaya görə xərçəngdən, infarktdan, Parkinson xəstəliyindən, sümük kövrəkliyi səbəbi
ilə yatağa düşənlərin sayından nəzərə çarpacaq dərəcədə çoxdur. Ona görə də gələcəkdə
bu xoşbəxt 20% adamların sırasına qoşulmaq üçün indidən cəhd göstərmək
lazımdır.
Hörmətli şairimiz O.Sarıvəllinin söylədiyi – “Hər kim yüz il yaşamasa, günah
onun özündədir” kəlamı ədəbi-bədii
fikrin, fəlsəfi mənanın daşıyıcısı olmaqla yanaşı, sırf tibbi nöqteyi nəzərdən
də misilsiz qiymətə malikdir (Bunları
bilmək vacibdir...). Hal hazırda insan ömrü ortalama 70 yaş civarındadır.
Halbuki genetiklər tərəfindən sübut olunmuşdur ki, insan orqanizmi üçün öncədən
120-150 il “istismar” müddəti nəzərdə tutulub (QİDA ƏLAVƏLƏRİ: həqiqət, yoxsa uydurma, bəlkə dələduzluq?). Amma bu
ömrü, sözün əsl mənasında, tammənalı zehin açıqlığı və məntiqi düşüncə
qabiliyyətini itirmədən yaşamaq üçün nələri bilməmiz vacibdir?
Yaş artdıqca, praktik olaraq hamımız tənbəlliyə meyilli oluruq. Paradoks
ondadır ki, cavanlıqda çox işləyirik ki, qocalıqda problemlərimiz olmasın. Amma
tam əksi olur. Ahıl yaşlarında biz nə qədər sakitləşir, özümüzü rahatlamağa
çalışırıqsa, bir o qədər də özümüzə ziyan edirik. Tələblərimizin səviyyəsi çox
bəsit seçimlə məhdudlaşır: “dadlı yemək – doyunca yatmaq”. İntellektual tələblər
krosvord həll etməklə bitir. Halbuki həyata və ətrafdakılara olan tələblərimizin
səviyyəsi artır: “Mən həyatımın çətinliyini, əziyyətini dadmışam, indi siz
çalışın!” Təkəbbürümüzün və dəyər mühakimələrimizin faizi artır. Nəyi isə anlamamağımız
üzündən qıcıqlanmamız ətraf həqiqətlərindən uzaqlaşmamıza səbəb olur. İnsan,
özü də fərqinə varmadan, intellektual olaraq geriləyir, hətta tirana çevrilir və
bununla da özü ilə ətraf dünya arasındakı uçurumu artırır. Yaxınlarının çağırışlarına
qarşı kar və kor olur, hətta düşmən mövqeyi tutur. Fiziki və intellektual
formasını itirir. Yaddaş və düşüncə qabiliyyəti itir. Beləliklə insan real həyatdan
uzaqlaşır və özünün çox vaxt qəddar və düşmənçi, xəstə fantaziyalı dünyasını
yaradır ki, bu dünya ilə təmasda olanlar dərhal oranı tərk etmək istəyir. Bu artıq
demensiya (qocalıq ağıl zəifliyi) kimi qiymətləndirilir.
Belə demensiyaya, əsas etibarı ilə, özünün həyata baxışlarını dəyişmədən
ömrünü davam etdirənlər məruz qalır. Hədsiz prinsipiallıq, inadkarlıq,
konservatizm kimi xüsusiyyətlərə malik adamlar demensiyaya, mülayim xasiyyətə
malik, qərarını tez dəyişə bilən, emosional adamlara nisbətən daha çox meyillidirlər.
İlkin “qaranquşlar”
Demensiya gözlənilmədən baş vermir. Demensiya psixi
pozğunluq deyil, hətta xəstəlik də deyil. Ona görə də onun başlanğıcını müşahidə
etmək həddən artıq çətindir. Bu, illərlə inkişaf edir, tədricən insan üzərində
hakimiyyətə sahib olur. Bu gün bir ön göstəri olanlar, gələcəkdə demensiyanın cücərtiləri
üçün münbit torpağa çevrilə bilər.
Sizin beyninizin ehtimal apqreyd edilməsinin (“yeniləmək” – kompyuter
proqramı terminologiyası) vacibliyinə işarə edən bir neçə dolayısı əlamətlər
bunlardır:
- Siz tənqidi ağrılı qəbul edirsiniz, halbuki özünüz tez-tez digərlərini tənqid edirsiniz;
- Siz yeniliyi öyrənmək istəmirsiniz. Köhnə mobil telfonu təmirə verməyə daha tez razılaşarsınız, nəinki yenisinin təlimatı ilə tanış olasınız;
- Siz tez-tez deyirsiniz: “Bax, əvvəllər...”, yəni nostalji hissləri ilə keçmişi yada salırsınız;
- Siz nə haqdasa uzun-uzadı danışmağa hazırsınız, lakin bu zaman həmsöhbətinizin gözlərindəki darıxdırıcılığa məhəl qoymursunuz. Sizin üçün onun tezliklə yuxulayacağının əhəmiyyəti yoxdur, əsas odur ki, danışdığınız sizin üçün maraqlıdır;
- Sizin üçün ciddi və ya elmi ədəbiyyatı oxuyan zaman diqqəti cəmləmək çətinlik törədir. Oxuduğunuzu pis qavrayır və yadda saxlaya bilmirsiniz. Bu gün kitabın yarısını oxuya bilərsiniz, lakim sabah oxuduğunuzun başlanğıcını yada sala bilmirsiniz.
- Siz heç zaman məşğul olmadığınız işlər, bilmədiyiniz məslələrə dair fikir yürüdürsünüz. Məslən, siyasət, iqtisadiyyat, poeziya və ya futbol barədə. Bu zaman sizə elə gəlir ki, bu məslələrdə o qədər səriştəlisiniz ki, elə sabah dövlətə başçılıq edə, professional ədəbi tənqidçi və ya idman hakimi ola bilərsiniz.
- Siz əminsiniz ki, digərləri sizin dediklərinizə, etdiyinizə uyğunlaşmalıdır, əksinə deyil;
- Bəzən görürsünüz ki, ətrafdakıları öz əməllərinizlə əzirsiniz, bu zaman heç bir pis niyyətiniz olmur, yalnız bunun düzgün əməl olduğuna əminsiniz.
Beynin “apqreydi”
Baxın, ahıl yaşlarında öz zehni qabiliyyətini, zəkasını qoruyub
saxlamış ən parlaq insanlar, əsasən, elm və incəsənət xadimləridir. Onlar xidməti
borclarına rəğmən öz yaddaşlarını daim gərginlikdə saxlamalı və gündəlik zehni işlə məşğul olmalıdırlar. Bundan başqa onlar müasir həyatın nəbzini tutmalı,
yeni tendensiyalardan geri qalmamalı, hətta üstələməlidirlər. Belə “istehsalat
zərurəti” elə zehni uzunömürlülüyə zəmanətdir.
- Hər iki-üç ildən bir nəyi isə öyrənməyə başlayın. Əlbəttə, bunun üçün üçüncü, hətta dördüncü dəfə ali təhsil almaq üçün universitetə daxil olmaq tələb olunmur. Amma qısamüddətli təkminləşdirmə kursu keçmək və ya yeni ixtisasa yiyələnmək olar. Köhnə sufi kəlamı deyir: “Təhsil alan adam Allahın gözündə dahiləşir, amma insanların gözündə cavanlaşır!”
- Ətrafınıza gənc insanları toplayın. Onlardan həmişə müxtəlif vacib şeylər öyrənə bilərsiniz ki, bu da sizin həmişə müasir qalmağınıza kömək edəcək.
- Əgər siz çoxdandır ki, heç bir yeni şey öyrənə bilməmisinizsə, bəlkə heç axtarmamısınız?
- Vaxtaşırı intellektual məslələr həll edin və müxtəlif fənn testlərindən keçin. Bunlar internet məkanında kifayət qədərdir.
- Daim xarici dil öyrənin. Bu dil sizə heç zaman gərək olmasa belə, tam öyrənə bilməsəniz belə, müntəzəm olaraq yeni sözləri yadda saxlamaq yaddaşınızı məşq etdirəcək.
- Tək yuxarı deyil, dərinliyə inkişaf edin. Köhnə dərs kitablarını rəflərdən götürüb məktəb və universitet proqramlarını təkrarlayın.
- Idmanla məşqul olun! Ağ saçlaradək və ondan sonrakı müntəzəm fiziki məşqlər demensiyadan xilas edəcək.
- Yaddaşı tez-tez məşq etdirin, nə zamansa əzbər bildiyiniz şerləri, rəqsləri, institutda keçdiyiniz proqramları təkrarlayın, köhnə dostlarınızın telefon nömrələrini və bir çox digər şeyləri yada salın.
- Adətlərinizi, ənənələrinizi pozun! Nə qədər sabahkı gününüz ötən gündən fərqlənərsə, bir o qədər yaxşıdır. İşə müxtəlif küçələr, marşrutlarla gedin, eyni yeməkləri sifariş etməkdən imtina edin, çalışın əvvəllər heç vaxt bilmədiyiniz, etmədiyiniz işlərlə məşğul olasınız.
- Başqalarına daha çox azadlıq verin və özünüz də çox çalışın. Nə qədər çox spontanlıq, kortəbiilik olarsa, bir o qədər yaradıcılıq olar. Nə qədər çox yaradıcılıq olarsa, bir o qədər uzunmüddətli zəka və intellektə sahib olarsınız.
Fəxrəddin Əfəndiyev MD/Ph.D
No comments:
Post a Comment