2011-2018-ci
illərdə Nyu-Yorkun baş prokuroru olmuş
Erik Şnayderman (Eric Schneiderman) qida əlavələrinin (Herbal
Supplements) tərkibinin araşdırılması məqsədi ilə federal səviyyədə baş
prokurorlar koalisiyasının
yaradılmasını elan etdi.
Bu yenilik
amerikanın bütün əczaxana şəbəkələrində (GNC, Target, Wal-Mart, Walgreen’s,
CVS, Vitamin Shoppe və s.) sərbəst şəkildə satılan və hamı üçün əlçatan olan
otlardan və bitkilərdən hazırlanmış həblərin, kapsulların istehsalçılarını şoka
saldı.
Koalisiyanın
yaradılması az əvvəl qida əlavələri ilə bağlı baş verən qalmaqalla əlaqədar
idi. O zaman Nyu-York prokurorluğu qida əlavələrinin qutusunun üzərində göstərilən
ot və bitki tərkiblərinin, vitamin və mineralların kapsulun içərisində olanlara
uyğun olub olmamasını yoxlamaq qərarına gəlmişdi. DNT laborator analizi göstərdi
ki, 95%-dən çox qida əlavələri tamamilə faydasızdır.
Belə ki,
sakitləşdirici ot tərkibli St. John’s Wort kapsullarında həqiqətdə sarımsaq,
düyü və otaq bitkilərinin qarışığı aşkar edildi. Jenşen (Ginseng) qutularında
ekspertlər üyüdülmüş buğda və küknar iynələrinin olduğunu müəyyən etdilər.
Valerian kökü (Valerian Root) yerinə dələduzlar lobya, qulançar, noxud və yerkökü
qarışığı təklif edirdilər.
Aşkar oldu
ki, amerikalıların əczaxanalardan aldıqları qida əlavələrinin heç bir faydası
yoxdur. İstehsalçılar sadəcə olaraq zərərsiz və faydasız bitkiləri üyüdərək
kapsullara doldururdular. İnsanlar bunları qəbul etdikdən sonra özlərini yaxşı
hiss edirdilərsə də bu, yalnız özünətəlqindən başqa bir şey deyildi.
Başqa sözlə,
qida əlavələri “plasebo” (placebo) rolunu oynayır. Plasebo – reallıqda dərman
olmayan, lakin dərman kimi qələmə verilən vasitələrə deyilir. Yaxşılaşma psixoloji
səviyyədə, xəstənin tabletin təsirinə kor inamı hesabına baş verir. Bu barədə
“Sübutlu təbabət nədir...” yazımda da deyilir: “Plasebonun psixi cəhətdən
sağlan adamlarda orta statistik effekti 30% təşkil edə bilər. Adətən “təlqinə
meyilli” kimi qiymətləndirdiyimiz – yəni, yüksək həssaslığa malik, patoloji həyəcan,
qorxu ilə müşayiət olunan sinir pozğunluqlu adamlarda plasebo effekti 60%-dək
ola bilər.”
Şnayderman bu
ifşaedici məlumatı içtimailəşdirdikdən sonra qida əlavələri istehsalçıları bu
qalmaqalı ört-basdır etmək üçün əl-ayağa düşdülər. Onlar prokurorluqla məxfi
danışıqlar aparır və astronomik cərimə qarşılığında bu tədqiqatın
durdurulmasına nail olmaq istəyirdilər (belə praktika Nyu-York prokurorluğunda
kifayət qədər geniş tətbiq edilir).
Lakin Şnayderman
danışıqlara getmədi. İndi o koalisiya yaradaraq, qida əlavələrinin istehsalını
ümummilli miqyasda nəzarətə götürmək istəyir, bu isə $5 milyard dövriyyəsi olan
seqmentin tam məhvinə gətirə bilər.
Bu gün tam əminliklə
demək olar ki, ötən əsrin 70-ci illlərindən mövcud olan qida əlavələri
industriyası planetar miqyasda bir nəhəng dələduzluq sxemidir.
Son 4 onillik
ərzində amerikalılar trillionlarla şübhəli tərkibli həblər udmuş, elə bu qədər
də xaricə satmışlar.
Müxtəlif illərdə
üzərində "supplements" (“qida əlavələri”) yazılmış qutular,
bankacıqlar “real dərmanlara alternativ”, “bütün xəstəliklərin şəfası olan təbii
vasitələr”, “qidaya əvəzolunmaz müntəzəm əlavələr” və “ömrü uzadan vasitələr”
kimi qələmə verilirdi.
Kütləvi
informasiya vasitələrində geniş reklam kampaniyaları sayəsində zombiləşdirilmiş
amerikalıların çoxunda qida əlavələri müasir farmasevtikadan daha effektli
sayılan qədim qeyri-ənənəvi təbabətlə assosiasiya olunur. Bu heç də belə deyil.
Bu qida əlavələrinin xalq təbabəti ilə heç bir əlaqəsi yoxdur (bu barədə
“Bunları bilmək vacibdir...” bloqumda oxuya bilərsiniz). Bu sadəcə olaraq
biznesidir, təəssüf ki, heç də təmiz olmayan biznes.
“Qida əlavələrinin effektliliyinə dair ilk şübhələr hələ keçən əsrin 80-ci illərində yarandı, - deyir Elvis Kouers, həkim-dietoloq. – Televiziyada xərçəng, diabet, QİÇS və s. ölümcül xəstəliklərin müalicəsində effekli olan preparatlar reklam edilməyə başladı. Xəstələr və əlacsız adamlar buna inanır, alimlər isə başlarını tuturdular.
Onlar bunun dələduzluq
olduğunu bilirdilər, ama heç nə isbat edə bilmirdilər”.
Kouersə görə,
qida əlavələrinin tərkibini öyrənən effektiv laborator üsul yalnız XX əsrin
90-cı illərində yarandı. Amma istehsalçılar ifşa olunacaqlarını hiss edərək
lobbistlərin köməyi ilə “Dietary Supplement Health and Education Act (1994)”
qanunu kongresdən keçirdilər.
Bu billin məğzi odur ki, qida əlavələri dərman vasitəsi
və vitamin deyil, buna görə də onlar dövlət tərəfindən tənzimlənə bilməz.
Elə o zamandan belə həblərin istehsalçıları hüdudsuz
azadlıq əldə etdilər. Onların hədsiz gəlirlərinə qida əlavələrinin KİV-lərdə
reklamına qoyulmuş qadağa belə təsir etmədi.
“Əsas məsələ ondadır ki, amerikalıların çoxu qida əlavələrinin
faydasına şüuraltı inanır, - deyir Kouers. – Hər gün yüz minlərlə adam
internetdən bu və ya digər xəstəliyə – sinir pozğunluğu, depressiya, baş
ağrıları, yuxusuzluq, yorğunluq və s. qarşı reseptsiz dərman axtarışındadır.
Belə adamlar həkimə əlavə pul və zaman sərf etmədən,
$10 - $15 xərcləyərək sağalmaq istəyirlər”.
Bundan başqa, xüsusi adamlar cəlb edərək, onlar tərəfindən həqiqətə uyğun olmayan rəylər hesabına istehsalçıların satışlarını artırması faktları da mövcuddur.
Yadda saxlayın, üzərində "supplements" (“qida əlavələri”) yazılmış qutuları, bankacıqları konkret məhsullar (meyvə, tərəvəz, taxıl, ət, balıq və s.) əvəz edə bilər. Balanslaşdırılmış və sağlam qida – bu sizi qida əlavələrinin şübhəli faydası barədə düşüncələrdən uzaq tutacaq.
Fəxrəddin Əfəndiyev MD/Ph.D
No comments:
Post a Comment