Bədəninizdə qəribə ağrılarla, “sirrli” həzm problemləri və ya digər izah olunmayan simptomlarla qarşılaşdığınızda, sağlamlıq problemlərinizin həll ediləcəyi ümidi ilə həkimə müraciət edirsiniz. Lakin bəzən, həkimlərin özləri də müəyyən pozğunluğu və ya patologiyanı müəyyən etməkdə eyni çətinliklərlə üzləşirlər.
“Bir çox simptomlar spesifik deyil və insandan-insana dəyişə bilər”, - tibb elmləri doktoru, Amerika həkimlər kollecinin prezidenti və Missuri Universitetinin professoru Devid Fleming (David A. Fleming, MD) deyir. “Bundan başqa, bir çox diaqnostik testlər bahalıdır və müayinə planına daxil deyil, hətta daxil olsalar belə, heç də həmişə bizə ağ-qara cavab vermirlər”.
Sıralanan 15 halda diaqnozu təyin etmək çətinlik törədə bilər:
1. Qıcıqlanmış bağırsaq sindromu
Belə hallardan biri də qıcıqlanmış bağırsaq sindromudur (QBS) – yoğun bağırsağı zədələyən və qarın nahiyəsində ağrı, spazm, köp, ishal və/və ya qəbizliklə müşayiət olunan xroniki xəstəlik.
Diaqnostik meyarlara əsasən, bu diaqnozu təsdiq etmək üçün xəstədə ilk müayinədək ən azı altı ay ərzində bu simptomlar olmalı və son üç ay ərzində ayda ən azı üç gün narahatlıq keçirməlidir.
2. Seliakiya (“qlüten xəstəliyi”)
Seliakiya ilə (nazik bağırsaqda iltihab yaradan qlütenə qarşı orqanizmin immun reaksiyası) o qədər anlaşılmazlıqlar olur ki, xəstəyə düzgün diaqnozun qoyulmasına 6 aydan 10 ilədək zaman tələb oluna bilər.
Teoretik olaraq seliakiyalı xəstədə tərkibində qlüten olan məhsullardan (buğda, arpa və çovdar) hazırlanmış qidanı yeyərkən həzm sistemində problemlər ola bilər. Lakin, çox vaxt, bu diaqnozla insanların yalnız yarısında ishal və çəkinin itirilməsi müşahidə olunur.
Seliakiya həm də dəridə qaşınma, baş ağrıları, oynaq ağrıları, turşu reflüksu (turşulu gəyirmə) və ya mədə qıcqırması verə bilər ki, asanlıqla bu simptomları digər xəstəliklərlə bağlamaq olar.
Qanın analizi ilə hansı simptomların olmasından asılı olmayaraq seliakiya diaqnozunu təsdiq etmək olar, endoskopik müayinə ilə isə nazik bağırsağın zədələnməsini müəyyən etmək olar.
3. Fibromialgiya
Yayılmış əzələ-skelet ağrıları ilə xarakterizə olunan fibromialgiya “tibbi nöqteyi-nəzərdən izah olunmayan simptomları” ehtiva edir. Həkimlər bu termindən xəstəni narahat edən və gerçək fiziki səbəbi olmayan daimi şikayətlərini əsaslandırmaq üçün istifadə edirlər. Onlar xroniki ağrı və yorğunluğun əsas səbəbini tapmayanda bu diaqnozu qoyurlar.
“Bunun üçün xəstələr mütəxəssilərə müraciət etməli və digər xəstəlikləri istisna etməlidirlər ki, bu xəstəliklərdən bəziləri də eyni ilə çətin diaqnozlu xəstəliklərdir”, - tibb elmləri doktoru, Yel universiteti tibb tədqiqatları proqramının direktor müavini Yudjin Şapiro (Dr. Eugene Shapiro, MD) deyir. “Belə xəstə bu simptomlarla revmatoloqa müraciət etsə “fibromialgiya” diaqnozu qoyulacağı, yox həmin xəstə qastroenteroloqa müraciət etsə, “qıcıqlanmış bağırsaq sindromu” diaqnozu qoyulacağını təxmin etmək çətin deyil, bunu təsdiq edən bəzi tədqiqatlar mövcuddur”.
4. Revmatoid artrit
Səbəbi izah edilə bilməyən ağrılar autoimmun xəstəlik olan rematoid artrit (RA) zamanı da müşahidə edilir. Osteoartritdən fərqli olaraq (yaşla əlaqədar oynaqda “aşılanma”) revmatoid artrit bütün yaş qruplarında müşahidə edilə bilər və oynaqlarda iltihab və ağrılı ödem verir.
“Erkən stadiyalarda RA digər patoloji halları imitasiya edə bilər – bəzən bu, sadəcə olaraq oynaqlarda ağrı hissi və hərəkətin məhdudlaşmasından ibatərdir ki, bu da bir çox müxtəlif səbəblərdən baş verə bilər”, - deyir Dr.Fleminq. “Qanın analizi orqanizmdə iltihabın olmasını müəyyən etməyə kömək edə bilər”, - o deyir, amma RA-in dəqiq diaqnozu xəstəlik tarixi öyrənildikdən və həkimin hərtərəfli müayinəsindən sonra təsdiq edilir.
5. Dağınıq skleroz
Daha bir autoimmun xəstəlik olan dağınıq skleroz (DS) zamanı immun sistem orqanizmin özünün sinir hüceyrələrinə hücum edir və beyinlə bədənin digər hissələri arasındakı sinir əlaqəsini pozur. Dağınıq sklerozun erkən əlamətlərindən bəziləri bunlardır: bədənin müəyyən hissələrində uyuşma, bir və ya bir neçə ətrafda zəiflik və ya tikanbatma hissi. Lakin bu əlamətlər mütləq deyil.
“Dağınıq skleroz epizodik ola bilər; xəstəlik gah artır, gah da zəifləyir”, - deyir Dr Şapiro. O əlavə edir ki, simptomlar baş beyində olan zədlənmənin miqyası və yerləşməsindən asılı olaraq müxtəlif adamlarda müxtəlif cür təzahür edir, ciddi və ya mülayim ola bilər.
Bununla belə, həkim dağınıq sklerozdan şübhələnirsə onurğa beyni punksiyası və ya MRT diaqnozu təsdiq etməkdə ona kömək edə bilər.
6. Laym xəstəliyi
Gənələrlə yoluxan və qripə bənzər simptomlar və xarakter səpgilərlə (nişan hədəfinə bənzər) biruzə verə bilən Laym xəstəliyinin də diaqnozunu təsdiq etmək çox çətindir.
7. Qırmızı qurdeşənəyi
Daha bir xroniki iltihabi xəstəlik olan qırmızı qurdeşənəyinin (lupus) xarakterik əlaməti xəstənin yanağında kəpənəkvari səpgidir ki, bu da hər zaman olmur.
“Üz dərisində səpginin olmaması diaqnostikanı çox uzun və çətin prosesə çevirir”, - deyir Dr Şapiro. “Qurdeşənəyi müxtəlif cür təzahür edə bilər: o oynaqları, böyrəkləri, beyini, dərini və ağ ciyərləri zədələyə bilər, habelə bir çox digər problemləri imitasiya edə bilər”.
Qurdeşənəyinin vahid diaqnostika metodu yoxdur, adətən qanın və sidiyin analizləri, habelə tam tibbi müayinə tələb olunur.
Müalicəsi xəstənin individual əlamət və simptomlarından asılıdır, xəstəliyin kəskinləşməsi və səngiməsinə rəğmən dərmanların və dozaların korreksiyası tələb oluna bilər.
8. Yumurtalıqların polikistozu sindromu
Menstrual siklin qeyri-müntəzəm olması, səbəbsiz çəki alma və hamiləliyin çətinləşməsi reproduktiv yaşda qadınlarda hormonal pozğunluq olan yumurtalıqların polikistozu sindromunun (YPKS) əlaməti ola bilər.
Bu xəstəliyi olan bir çox qadınlarda böyümüş yumurtalıqlar və çoxlu kiçik kistalar müşahidə edilir, lakin heç də hər YPKS olan xəstədə yumurtalıqların böyüməsi müşahidə olunur, nə də hər yumurtalıqları böyümüş xəstədə YPKS olur.
YPKS diaqnozunu qoymaq üçün qadında nadir və uzanmış menstrual sikl olmalı və ya qanda kişi hormonu olan androgenin səviyyəsi artmış olmalıdır. Artmış androgenlər üz və bədəndə anomal tük artımına səbəb ola bilər, lakin bu bəzi etnik qrupa aid qadınlarda (Şimali Avropa və Asiya) müşahidə olunmaya bilər.
9. Appendisit
Etiraz edə bilərsiniz ki, iltihablaşmış və ya tamlığını itirmiş (partlamış) appendiksi (kor bağırsaqda qurdvari çıxıntı) çox yüngül identifikasiya etmək olar, və əksər hallarda bu belədir: appendisitin tipik simptomlarına ürəkbulanma, göbəkətrafı nahiyədə ağrı və bəzən subfebril temperatur aiddir. Lakin heç də həmişə belə olmur.
“Bəzilərində appendiks arxaya tərəf çevrilmiş olur, ona görə də simptomlar başqa nahiyədə biruzə verir”, - deyir Dr Şapiro. “Bəzən appendisit zamanı ağrı olur, amma sonra appendiks yırtılır və ağrı azalır, xəstə elə hesab edir ki, hər şey qaydasındadır”.
“Belə təqdirdə, - deyir o, - bağırsaq möhtəviyyatı qarın boşluğuna axa və həyat üçün potensial təhlükə yaradan infeksiyaya səbəb ola bilər, lakin bu simptomların biruzə verməsi üçün günlər, hətta həftələr keçə bilər”.
10. Endometrioz
Bir çox sağlam qadınlar menstrual ağrı və diskomfortla qarşılaşa bilər, ona görə də, heç də təəccüblü deyil ki, çox vaxt endometriozu (uşaqlıq toxumasının uşaqlıqdan kənar inkişafı) zamanında müəyyən etmək çətin olur. Bununla belə, endometriozu olan qadınlar daha çox çanaq nahiyəsində ağrılardan, spazm və artmış qanaxmadan şikayətlənirlər ki, bu simptomlar adətən daha güclü olur və vaxt ötdükcə artır.
Ginekoloji müayinə zamanı bəzən endometriya toxumasını və ya bunun nəticəsində əmələ gələn kistaları müəyyən etmək olar. Digər hallarda dəqiq diaqnoz qoymaq üçün USM və ya laparoskopiya aparılır.
11. Miqren
Miqrenli xəstələrin şiddətli baş ağrılarından əziyyət çəkdikləri məlumdur. Bu ağrılar güclü pulsasiya ilə xarakterizə olunur və ürəkbulanma, qusma və ya işığa və səsə artmış həssalıqla müşayiət olunur. “Amma bəzi insanlar miqren xəstəsi ola-ola bundan xəbəri yoxdur”, - deyir Dr Fleminq. “Bəzən miqrenin simptomları çox ciddi ola bilər, hətta xəstədə iflic yarana bilər, bəzən isə simptomlar mülayim biruzə verə bilər”, - deyir o. “Xəstələrdə başgicəllənmə və ya yüngül halsızlıq və yaxud baş nahiyəsində diskomfort ola bilər və çox vaxt onlara miqren üçün uyğun olmayan dərman vasitələri təyin edilir”.
Nevroloq digər xəstəlikləri istisna etməli və düzgün diaqnoz qoymalıdır.
12. Klaster baş ağrıları
Daha bir baş ağrıları ilə müşayiət olunan və heç də həmişə düzgün qiymətləndirilə bilməyən vəziyyətlərdən klaster baş ağrılarıdır ki, kəllə qapağının bir və ya bir neçə nöqtəsində şiddətli baş ağrıları ilə xarakterizə olunur.
Klaster baş ağrıları adətən birtərəfli periorbital (göz ətrafı) və ya giçgah nahiyəsində əzabverici şiddətli ağrılarla biruzə verir ki, bu ağrılar ipsilateral (eyni tərəfdə) vegetativ simptomlarla – ptoz (göz qapağının sallanması), göz yaşının axması, rinoreya (burun axması), burunla tənəffüsün çətinləşməsi əlamətləri ilə müşayiət oluna bilər.
Klaster baş ağrıları daha çox kişilərdə və adətən 20-40 yaşlar arası müşahidə olunur. ABŞ-da bu xəstəliyin yayılması 0,4% təşkil edir. Tipik hallarda klaster baş ağrıları epizodik xarakter daşıyır, tutmalar hər 1-3 ayda bir neçə dəfə ola bilər. Bundan sonra remissiya periodu başlayır ki, bu da bir neçə aydan bir neçə ilədək davam edə bilər. Bəzi xəstələrdə klaster baş ağrılarının gedişi remissiyasız da ola bilər.
Klaster baş ağrıları tutmaları əsasən bir gün içində və ortalama 30 dəqiqədən 3 saatadək davam edir. Alimlər bunun səbəbini izah edə bilməsələr də, tutmalar çox vaxt mövsümi xarakter daşıyır, buna görə də çox vaxt klaster baş ağrılarını allergiya ilə əlaqədar sinus baş ağrıları ilə qarışdırırlar.
13. Hipotireoz
Hipotireoz (qalxanabənzər vəzin hipofunksiyası kimi də tanınır) – qalxanabənzər vəzin kifayət qədər hormon hasil etməməsi ilə xarakterizə olunan endokrin xəstəlikdir. Bu hormon orqanizmdə bədən çəkisinin, enerjinin və əhval-ruhiyyənin tənzimlənməsində iştirak edir.
Erkən stadiyalarda qalxanabənzər vəzi probleminin simptomları nəzərə çarpacaq dərəcədə olmur və yorğunluq, bədən çəkisinin artması, dəridə quruluq, əzələ ağrıları və yaddaş pozğunluqları ilə biruzə verə bilər. “Bu depressiyanı, fibromialgiyanı və bir çox digər halları imitasiya edə bilər”, - deyir Dr Şapiro. Hipotireozun əsas etibarı ilə 60 yaşdan yuxarı insanlarda (daha çox qadınlarda) rast gəlindiyini nəzərə alsaq, xəstəliyin simptomlarını qocalma ilə və formanın itirilməsi ilə izah etmək olar.
14. Şəkərli diabet
II tip diabet daim gizli qala bilməz. Müalicə olunmazsa, həyat üçün vacib orqanların zədələnməsinə səbəb ola bilər. “Böyüklərdə İlk əlamətlər biruzə verənədək, - deyir Dr Fleminq, - illərlə diabet xəstəsi ola bilərlər, heç bundan xəbərləri də olmaya bilər”.
“Bir çoxları qanda yüksək şəkər səbəbi ilə müntəzəm olaraq həkimə müraciət etmir, ona görə də müayinədən keçmirlər”, - deyir o. “Onlar vəziyyətin ciddiliyini yalnız görmə problemləri başladıqda və yaxud ayaq və əllərdə keyləşmə kimi əlavə effektlər baş qaldırdıqda anlayacaqlar”.
Bu problemlər yaranmasın deyə, artmış susuzluq, tez-tez sidiyəgetmə, bədən çəkisinin itirilməsi və yorğunluq kimi erkən simptomları nəzərdən qaçırmayın!
15. Bağırsaqların iltihabi xəstəlikləri
Əsas etibarı ilə, bağırsaqların iltihabı xəstəliklərinin (BİX) iki tipi ayırd edilir – Kron xəstəliyi və xoralı kolit. Hər ikisi həzm traktının iltihabını ehtiva edir, habelə ağrı, ishal və digər dispeptik əlamətlərlə müşayiət olunur. Vahid testin olmamasından BİX diaqnozu ilk növbədə digər xəstəlik və patoloji halların istisnası ilə müəyyən edilir.
“Xəstə qarın nahiyəsində şiddətli ağrılarla müraciət edirsə, əvvəlcə biz öd kisəsindən şübhələnirik”, - deyir Dr Şapiro. “Xəstə ishalla müraciət etdiyində infeksiya barədə düşünürük. Ona görə də vəziyyəti qiymətləndirmək üçün uzun uzadı testlər siyahısı mövcuddur ki, bu analizlər və müayinələr nəticəsində bütün digər xəstəliklər istisna edilir və müalicə edəcəyimiz xəstəliyin diaqnozu təsdiqlənir”.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment