March 08, 2023

Vitaminlər: qlobal miqyasda misilsiz yalan

Lap uşaq yaşlarından bizi bu və ya digər ərzaqların və vitaminlərin faydası barədə müxtəlif miflər əhatə edir. “Süd içmək lazımdır ki, tez böyüyəsən”, “balıq ağlı möhkəmlədir”, “sıyıq (kaşa) gümrah və enerjili olmağa kömək edir” və s. bu kimi ifadələri kim eşitməyib? Digər tərəfdən, guya bizi daha güclü və sağlam edəcək müxtəlif həbləri alan zaman heç düşünmürük ki, bununla orqanizmin özünün bu və ya digər maddələri hasil etmə qabiliyyətini dəf edir, bunu sintetik analoq dozaları ilə əvəz edirik.

Məhşur ingilis alimi, dietoloq Tim Spektorun (Timothy David Spector) “Mütləq qəhvəaltı, ziyanlı qəhvə və təhlükəli fastfud. Niyə qidalanma barədə deyilənlərin əksəriyyəti yalandır” kitabında müəllif qida barədə hafizəmizə həkk olunanların əsassız olduğunu göstərir. Bu kitabdan vitaminlərin əvəzolunmaz faydasının mif olması barədə bölümü təqdim olunur.

...Biz tablet udan millətə çevrilmişik. Amerikalıların və britaniyalılıların təqribən yarısı hər gün vitamin qəbul edir. Bütün dünyada isə bunların sayı bir milliarda yaxındır. Vitaminlərin icad olunmasından 100 il ötsə də, biz bunlara aludə olmuşuq. Bizi inandırmağa çalışırlar ki, onlar hər dərdin dərmanıdır – xərçəngdən keçəlliyin profilaktikasınadək, obstinent halı yüngülləşdirmədən orqanizmin tonusunun artırılmasınadək.

2025-ci ilədək Yer kürrəsinin əhalisi vitaminlərə ildə 193 milyard dollar xərcləyəcək, bununla da vitamin istehsalçılarının gəliri iri farmasevtik korporasiyaların gəlirinə bərabər olacaq. Varlı təbəqə indi vitaminlərin gündəlik dozasını venadaxili inyeksiyalarla ala bilir.

Biz D vitaminin, kalsiumun, fol turşusunun, B qrup vitaminlərin və dəmirin bir çox qida məhsullarına, o cümlədən, südə, quru qəlyanaltılara, çörəyə və digər intensiv emal məhsullarına qatılmasının “faydali” olması ideyasına qapıldıq. Bu ictimai səhiyyə orqanlarına imkan verdi ki, əhalinin sağlamlığını “təbii yolla” və “rentabelli” olaraq yaxşılaşdırdıqlarını və bu zaman “farmasevtik vasitələrdən” istifadə etmədiklərini bəyan etsinlər.

Amma biz vitaminlərin faydasını həddən artıq şişirdir və onlarla bağlı riskləri yetərincə qiymətləndirmirik. Praktik olaraq indiyədək heç bir vitaminin faydası isbat edilməmişdir və son zamanlar onların ziyan verə biləcəyi barədə açıqlamalar yer alır.

Vitamin və qida əlavələrinin qida rasionuna əlavə edilməsinin vacibliyi ideyası 1930-cu illərdə yarandı, bu zamanlar həqiqətən də qida məhsullarının qıtlığı var idi. Lakin bu ideya bu günümüzədək davam edir, halbuki indi ən əsas problem “lazımsız” qidanın həddən artıq mənimsənilməsidir.

Vitaminlərin və qida əlavələrinin yediyimiz qidanı daha sağlam etməsinə inam heç bir tədqiqatlarla təsdiqlənməmişdir, amma istehsalçılara intensiv emal məhsullarına vitamin və mineralların əlavə edilməsinin faydalı olmasını bizə təlqin etmələrinə imkan vermişdir. Məsələn, qida şirkətləri uşaqlar üçün şəkərlə ifrat zəngin quru qəlyanaltılara (Frosties kimi) vitamin əlavə edir və bu qidanın D vitamininin ideal məmbəyi olduğunu bəyan edir və bu zaman qanunu pozmurlar. Lakin bu üzə kül üfürməkdir, belə ki, bir kasa bu qəlyanaltının tərkibindəki şəkər uşağa tövsiyə olunan gündəlik dozasının yarısından da çoxdur.

Əhalinin çaşqınlığı və qida əlavələri ətrafında səs-küy adda-budda, yarı elmi tədqiqatlara və nənələrin nağıllarına əsaslanan hiyləgər marketinq aksiyalarının nəticəsidir. Məsələn, C vitamininin immun sistemi möhkəmləndirməsi mifi, çox güman ki, ötən əsrin 60-cı illərində C vitamininin soyuqdəymənin qarşısını aldığı hipotezini irəli sümüş (halbuki, bir çox etibarlı tədqiqatlar bu teoriyanı inkar edir) nobel laureatı Laynus Polinqdən gəlir. Bəzi tədqiqatlar C vitamininin, onu sink əlavə etməklə qəbul etdikdə, soyuqdəymə əlamətlərini 6-12 saat ərzində aradan qaldırdığını göstərir. Belə nəticəni bir stəkan portağal şirəsi içməklə də əldə etmək olar – lakin müvafiq sınaqların aparılması üçün heç kim vəsait ayırmır.

Əgər siz tərkibinə çox miqdarda əlvan rənglənmiş meyvələr və tərəvəzlər, balıq və az miqdarda süd məhsulları və yüksək keyfiyyətli ət olan sağlam, balanslaşdırılmış pəhriz gözləyirsinizsə, habelə gündəlik olaraq günəşdə olursunuzsa, 99% adamlar üçün kifayət edən miqdarda vitamin və mineral alırsınız. Bundan əlavə bizim mədə-bağırsaq mikrofloramız bəzi vitaminləri, məsələn, B qrup vitaminləri, fol turşusu və K vitamini sintez edir.

Son 10 ildə britaniyalılar arasında meyvə və tərəvəzin istehlakı səviyyəsi demək olar ki, dəyişməmişdir və bütün yaş qruplarında gündəlik olaraq 5 porsiya meyvə tərəvəz yemək tövsiyəsini qulaq ardına vururlar. ABŞ əhalisinin 90%-i gündə 4-5 porsiya meyvə və tərəvəz yemək lazım olması barədə federal tövsiyələrə əməl etmir, baxmayaraq ki, bunun xəstələnmə riskini nəzərə çarpacaq dərəcədə azaltmasına dair tutarlı təsdiqlər vardır. Insanlar düşünür ki, meyvə, tərəvəz, yağlı balıq kimi məhsulların sağlamlığa xeyri təsdiq edilibsə, bu məhsullardakı ayrı-ayrı kimyəvi komponentlərin qəbulu da sağlamlığa müsbət təsir edəcək. Geniş miqyaslı klinik tədqiqatların nəticələri bunun heç də belə olmadığını sübut edir.

Etiraf etməliyəm ki, mən özüm də D vitamini və omeqa-3 yağ turşuları olan balıq yağı daxil olmaqla vitamin əlavələri qəbul etmişəm, lakin altı il əvvəl fikrimi dəyişmişəm. D vitamini və kalsium barədə kitab və 30-dan çox elmi məqalələr üzərində iş əsnasında savadlı, obyektiv tədqiqatların nəticələri məni əmin etdi ki, vitaminlər nəinki kömək etmir, bir çox hallarda ziyan da vura bilər. Onların populyarlığı hökümət və səhiyyə sistemi tərəfindən dəstəklənir, halbuki, daha çox elmi məlumatlar onların faydasızlığını təsdiq edir. Biz elə bil unuduruq ki, vitaminlər adi kimyəvi maddələrdir, sadəcə olaraq adları gözəl səslənir. Britaniya höküməti vitaminlərin bir çox qida məhsullarına əlavə edilməsini təşviq edir və bu yaxınlarda, güya D vitamininin sağlamlığa təsiri barədə güclü sübutların olması səbəbi ilə 60 milyon britaniyalının yarım il ərzində vitaminin gündəlik dozasını qəbul etmələrinin vacibliyini bəyan etmişdir.

ABŞ-da vitaminlər, dərmanlarla müqayisədə Qida Məhsulları və Medikamentlərə Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) tərəfindən daha pis nəzarət olunur. Bu onu göstərir ki, ölkə apteklərinin rəflərini dolduran minlərlə adda qida əlavələri təhlükəsizlik və effektivlik cəhətdən yoxlanılmır. Kapsulun içində qutunun üzərində yazılanın olduğu belə yoxlanılmır. 1991-ci ildə bu artan problemi tənzimləmək üçün qanunvericilik aktı təklif olunmuşdu, amma istehsalçıların lobbisinin səyi nəticəsində konqress 1994-cü ildə qida əlavələrinə dair hələ də bir çox mübahisəli məqamları ehtiva edən qanun qəbul etdi. Seqmentin tənzimlənməsinə etraz edən qüvvələr bunun insanların azad seçiminə mane olacağını iddia edirdilər. Bu ağlasığmaz qanunun qəbulu FDA-nı ABŞ-da satılan 85 min adda vitamin və qida əlavələri üçün özünün çox bahalı tədqiqatını aparmadan qida əlavələri istehsalçılarının məlumatlarını, onların etiketlərindəki informasiyanı şübhə altına almaq imkanından məhrum etmişdir. Qida əlavələri bazarında “Vəhşi Qərb” atmosferi (nə istəyirsən et) bərqərar olmuşdur. Hətta Avropada və yaxud Avstraliyada qida əlavələrini təhlükəsizliyə görə yoxlamamaq və bu barədə qutu üzərində heç nə yazmamaq olar. Bu, o cümlədən, dazıotuna da aiddir, hansı ki, bir çox dərman vasitəsinin orqanizmə təsirini dəyişə bilər.

Dünya üzrə vitamin istehsalçıları həmişəki kimi şişirdilmiş və ya yalan bəyanatlar verə bilər. Bir zamanlar “ev istehsalı” olan bu məhsullar indi qlobal biznesə çevrilmişdir. Avropada vitamin istehsalçılarına nəzarət bir qədər ciddidir, amma bu onlara əvvəlki kimi məhsullarının “enerji mənbəyi” olduğunu bəyan etməyə mane olmur. Buna görə məhsulun tərkibində müəyyən inqredientlərin (məsələn, sinkin izlərinin) olması kifayətdir. Bu bəyanatların 40 il əvvəl aparılmış tədqiqatlara istinad etməsi heç kimdə şübhə doğurmur.

Vitaminin həcmi az olduğundan tabletləri böyütmək lazım gəlir, onlara doldurucular, konservantlar və az miqdarda digər kimyəvi maddələr və heç kimin heç zaman yoxlamadığı tullantılar qatılır. Bir çox hallarda multivitaminlərdə qutu üzərində və təlimatında yer almayan inqredientlər aşkar edilir, bəzi “multivitamin tonuslandırıcı vasitələrdə” xırdalanmış viaqra və anabolik steroidlər tapılır.

Qeyri-müntəzəm multivitamin qəbul edən yarım milyon adamın iştirakı ilə aparılan tədqiqatlar göstərdi ki, onlar xərçəngin və ya ürək-damar xəstəliklərinin inkişafı ehtimalını artırır.

D vitamini qida əlavələri arasında çempiondur. Nəyə görəsə düşünülür ki, onun faydası digər vitaminlərə nisbətən daha yaxşı öyrənilib. Mən elmi işçi kimi 25 il ərzində D vitaminini tədqiq etmişəm, ona təsir edən genləri aşkar edən qrupa rəhbərlik etmişəm və onun haqqında, o cümlədən, qida əlavələrinin menopauza dövründə olan sağlam qadınlar arasında plasebo istifadə etməklə klinik tədqiqatlar haqqında 20-dən çox məqalə yazmışam. Bu vitaminin xəstəliklərə qarşı vasitə və onu böyük miqdarda qəbul etmək lazım olduğuna inanırdım. İlk öncə D vitaminini Viktorian dövründə tətbiq edilirdi – onu raxitin profilaktikası üçün şəhər uşaqlarına verirdilər. İndi isə onu, adətən, sümükləri möhkəmləndirmək və sınıqların qarşısını almaq üçün təyin edirlər.

Mən D vitaminini oynaq və sümük xəstəlikləri olan bir çox pasientlərimə aktiv tövsiyə edirdim. Elə təəssürat yaranırdı ki, o tək sümüklərə müsbət təsir göstərmir; belə ki, yüzlərlə observativ tədqiqatlar göstərdi ki, demək olar ki, bütün xəstəliklər zamanı, o cümlədən, ürək-damar, depressiya və xərçəng xəstəliklərində bu vitaminin qanda miqdarının aşağı səviyyədə olması müşahidə olunurdu. Lakin indi mən başqa cür düşünürəm. Hesab edirəm ki, insanların böyük əksəriyyəti üçün (yataq xəstələri xaric və bəzi nadir istisnalar olmaqla, məsələn, dağınıq sklerozlu xəstələr) D vitamini faydasızdır və törədə biləcəyi risk, ehtimal olunan əhəmiyyəti üstələyir.

Yuxarıda qeyd etdiyim observativ tədqiqatlar qeyri obyektivdir, belə ki, məhz xəstəlik D vitamininin qanda səviyyəsinin azalmasına səbəb olur, əksinə deyil. Insanlar səbəbi nəticə ilə səhv salırlar. Bundan da vacib odur ki, yüksən keyfiyyətli, randomlaşdırılmış və tənzim olunan klinik tədqiqatların nəticələri vitamin əlavələrinin effektini aşkar etməmişlər.

Bu yaxınlarda D vitamininin sınıqların profilaktikasında effektinin öyrənilməsi üzrə ən böyük klinik tədqiqatın nəticələri dərc olunmuşdur. Tədqiqatda 23 koqortaya bölünmüş 188 min sınıqla bir çox ölkədən olan bir milyondan çox adam iştirak edirdi. D vitamininin səviyyəsini ölçmək əvəzinə, onlarda bu vitaminin qanda olmasına cavabdeh olan genlər öyrənilirdi. Tədqiqat göstərdi ki, sınıq əmələ gəlməsi riskinin vitamin və ya süd (müvafiq olaraq, kalsium) qəbulu ilə heç bir əlaqəsi yoxdur. D vitamini həqiqətdə heç də vitamin deyil, belə ki, onu dəriyə günəş şüalarının təsiri nəticəsində əmələ gələn kimyəvi maddələrdən bədənin özü sintez edə bilər. Onu “steroid D hormonu” adlandırmaq daha düzgün olardı, lakin bu onun populyarlığına xeyli xələl gətirə bilərdi. D vitamini, A, E və K vitaminləri kimi yağda həll olunandır və piy toxumalarında toplanır – burada onun konsentrasiyası toksik ola biləcək həddə qədər arta bilər.

Bioloji əlavələri məhdud həcmdə qəbul etmək tövsiyə olunur, amma bəziləri onu tövsiyə olunan dozadan artıq qəbul edir, bunlar, əsasən, bu əlavələri internetdən yüksək dozalarda sifariş edənlərdir. D vitamini ilə zəhərlənmə halları çox nadirdir və o qanda kalsiumun səviyyəsinin artmasına təşviq edir ki, bu da ürəkdə, böyrəklərdə və beyində ciddi ağırlaşmalara gətirib çıxara bilər ki, bu vəziyyət aylarla davam edə bilər. Son illərdə D vitaminindən zəhərlənmə halları artmışdır, və belə görsənir ki, bu tendesiya yaxın zamanlarda dəyişilməz qalacaq, ona görə ki, vitaminlərin internetdən satışı davam edir və əlavələr qatılmış qidalar tükətilir. Insanlar arasında geniş yayılmış və daim reklamla aktiv dəstəklənən fikrin əksinə olaraq, D vitamininin orqanizmə lazım olan gündəlik dozasını 15 dəqiqə günəş altında duraraq, ya da yağlı balıq, məsələn, qızıl balıq və ya D vitamini ilə zəngin olan göbələk yeyərək almaq olar.

ABŞ-da (son zamanlar daha tez-tez Böyük Britaniya və Avstraliyada) D vitamininin, dəmirin, fol turşusunun və kalsiumun südə, pendirə, yoqurta, quru qəlyanaltılara, meyvə sirəsinə və hətta suya əlavə olunması adi haldır. Bu vitaminlər hər yerdə var və dozanın aşılması halları getdikcə artır. Dəmirin dozasının aşılması ABŞ-da problemə çevrilir, belə ki, onu elementar dəmir kimi bir çox qidalara, o cümlədən, makaron məmulatlarına və quru qəlyanaltılara əlavə edirlər. Bu yaxınlarda vitamin uğuru – hamilə qalmaq istəyən qadınların rasionuna fol turşusunun əlavə edilməsi böyük səs-küyə səbəb olmuşdur. Bu, dölün anadangəlmə qüsurları riskini təxminən 70% azaldır, buna görə də bir çox ölkələr fol turşusunu bütün qidalara əlavə etməyə başladılar. Fransa isə mümkün riski bildirərək buna qarşı çıxdı. Ölkə hələ də ümumi istehlak üçün məhsullara vitamin əlavələrinin daxil edilməsinə icazə vermir. İndi fransızların haqlı olduğuna və yüksək miqdarda fol turşusunun sağlamlığa zərər verə biləcəyinə və xərçəng riskini artıra biləcəyinə dair artan sübutlar var. Bir çox vitaminlərin faydası məhduddur və əsl qidada vitaminlərin miqdarını tənzimləmək asandır, lakin kimyəvi əlavə şəklində olduqda çətin olur.

İnsanlar düşünür ki, vitaminlər təbii inqrediyentlərdən kustar üsulla, üzvi maddələrdən hazırlanır. Lakin, əslində, onlar, əsasən süni xammaldan, nəhəng fabriklərdə, daha çox Çində sintez olunurlar. 100 ən böyük vitamin brendi 14 transmilli korporasiyaya məxsusdur – Nestlé, Procter & Gamble və Bayer kimi.

Bir sıra tədqiqatlar göstərdi ki, D vitamini əlavələrindən sui-istifadə ilə sümüklərin möhkəmliyinin azalması, həmçinin yıxılma və sınıq riskinin artması arasında əlaqə vardır. Eyni zamanda, klinik sınaqlar və genetik tədqiqatlarla müəyyən olundu ki, kalsiumun qəbulu ürək xəstəliyi və insult riskinin bir qədər artmasına səbəb olur – ola bilsin ki, kalsium əsas arteriyalarda toplanır, mənfəzini daraldır və onları zədələyir. Bədənimiz vitaminləri təbii mənbələrdən mənimsəyir və emal edir, lakin çoxlu miqdarda kimyəvi əlavənin birbaşa bağırsaqlara çatdırılmasının öhdəsindən gələ bilmir.

Desək ki, dövrümüzün trenddə olan modası zülal əlavələri və suda həll olunan konsentratlaşdırılmış vitaminlərdir, yanılmarıq. Bunalrdan hansı birisi bədənin ehtiyacından daha çox miqdarda tükətilirsə, bədən artıqlıqdan xilas olur; istifadə olunmayan dozalar “unitaza gedir”. Protein əlavələri istehsalçıları ildə 16 milyard dollar dövriyyəsi ilə idman qidası bazarında ağır çəkililərdəndir. Məlumata görə, 2016-cı ildə amerikalıların 40%-ə qədəri və britaniyalıların 25%-i protein əlavələri qəbul edib. Qərb ölkələrində sağlam insanların əksəriyyətində zülal çatışmazlığı yoxdur. Əksinə, bu ölkələrin bir çox sakinləri onu tövsiyə olunandan artıq miqdarda istehlak edirlər. Amma reklam bizə bunun əksini deyir. Bazar payından daha bir parça qoparmaq istəyən qida sənayesi, əvvəllər "enerjili" adlandırılan şokolad və buğda batonlarına protein əlavə etməklə, bunların indi "yüksək proteinli" və idman zalından sonra mükəmməl qəlyanaltı olduğunu iddia edir.

Məlum məslədir, zülal əlavələri nəhəng bisepslərin inkişafına kömək edir və ümumiyyətlə bədən kütləsini artırır və buna görə də onlar toz və ya kokteyl şəklində maya dəyərindən dəfələrlə baha qiymətə satılır. Təbii ki, güc idman növləri ilə məşğul olanlar boş vaxtlarını divanda keçirən adi insanlardan daha çox proteinə ehtiyac duyurlar. Ancaq fərq o qədər də böyük deyil – gündə təxminən 50 qram. Bu miqdarda proteini kompensasiya etmək üçün bir toyuq döşü və ya bir qab tomat sousunda lobya yemək kifayətdir. Əzələ kütləsini artırmaq üçün zülalın bitki və ya heyvan mənşəli olmasının heç bir fərqi yoxdur, odur ki, yalnız bifşteks və yumurta yemək vacib deyil. Qida istehsalçıları tərəfindən maliyələşdirilən bəzi xırda miqyaslı tədqiqatlarda məşqdən sonra 45 dəqiqə ərzində istehlak edilən protein qidalarının və içkilərin əzələlərin bərpasına kömək etdiyi göstərilir. Lakin bir çox iri miqyaslı, yüksək keyfiyyətli tədqiqatlar bu iddianı təsdiq etmədi və məşqdən sonra qəbul edilən proteinin məşqdən əvvəl qəbul edilənlə müqayisədə heç bir faydasını tapmadı. Bu o deməkdir ki, siz məşqdən sonra bahalı əlavələr almaq məcburiyyətində deyilsiniz, məşqdən qabaq və ya sonra bir stəkan süd içməklə yaxud bir ovuc qoz-fındıq yeməklə eyni nəticəni əldə edə bilərsiniz.

Zülalın yüksək səviyyəsi artıq böyrəklər üçün zərərli hesab edilmir, lakin bir çox populyar qida əlavələrinin tərkibinə heç vaxt lazımi şəkildə sınaqdan keçməmiş kimyəvi maddələr daxildir. Məşqdən sonra həlledilmiş zülal tozu (soyadan və ya süd zərdabından alınmış) içmək əvəzinə, bu proteinlə zəngin qidaları evdə təbii olaraq yemək daha sağlamdır. Əgər siz peşəkar idmançı deyilsinizsə, gündə bir neçə porsiya yüksək proteinli qidalar zülala olan ehtiyaclarınızı demək olar ki, tam qarşılayacaq.

Niyə insanlar yüksək dozada qida əlavələrinin həqiqi qidadan daha yaxşı olduğunu düşünürlər? Məsələn, sadə pomidoru götürək. Təbii olaraq güclü antioksidant olan likopenlə zəngin olduğundan, ürək xəstəliyi riskini azaltması elmi olaraq sübut edilmişdir. Bununla belə, bir çoxları pomidor yemək əvəzinə, internet vasitəsilə nəhəng dozalarda likopen əlavələri alırlar. 30-dan çox araşdırmanın təhlili göstərir ki, bu insanlar pulu çölə atırlar. Əsl pomidor ümumiyyətlə əlavələrdən daha sağlamdır, ola bilsin ki, tərkibində likopendən başqa yüzlərlə kimyəvi maddənin olması səbəbi ilə. Oxşar nəticələr brokkoli kimi digər tərəvəzlər üçün də əldə edilmişdir.

Genişmiqyaslı tədqiqatlar müəyyən qida əlavələrinin həqiqətən də xəstələnmə riskini artırdığı faktını təsdiqlədi. Məsələn, 2014-cü ildə aparılmış bir böyük tədqiqatın nəticələri E vitamini və selen əlavələrinin prostat xərçəngi riskini artırdığını göstərdi. Uzun illər mən də bir çoxları kimi omeqa-3 yağ turşuları olan balıq yağı kapsullarının sağlamlıq üçün faydalı olduğuna inanırdım. Reklam onları hər şey üçün panacea kimi təqdim edirdi: artrit, ürək xəstəliyi və demensiya. Bu inancı, ürəyin işemik xəstəliyi olan insanlara omeqa-3 yağ turşularının qəbulunu artırmağı tövsiyə edən Amerika Ürək Assosiasiyası (AÜA) kimi təşkilatlar da gücləndirir. AÜA-nı belə açıqlama etməyə vadar edən nədir? Bunu söyləmək çətindir – yəqin ki, sadəlövhlük, sponsorların təsiri, reklam və bu xəstəlikdən əziyyət çəkənlərə sadə bir həll yolu vermək istəyi – hamısı bir arada.

Amerikalılar tərkibində balıq yağı olan preparatlara hər il bir milyard dollardan çox pul xərcləyirlər. 112.000 insanı əhatə edən 79 randomizə edilmiş klinik tədqiqatın son icmalı, uzun zəncirli omeqa-3 yağ turşularının (məsələn, balıq yağı, eykozapentaen turşusu və ya dokozaheksaen turşusu kimi) qida əlavəsi şəklində qəbulunun hər hansı səbəbdən yaranmış insult və ya ölüm riskini azaltmadığı qənaətinə gəldi. 2019-cu ildə 25.000 amerikalının iştirak etdiyi böyük bir klinik sınaq balıq yağının ürək xəstəliklərinin və xərçəngin qarşısının alınmasında təsirli olmadığını müəyyən etdi. Digər etibarlı tədqiqatlar göstərdi ki, balıq yağı korluğun, Alzheimer xəstəliyinin və ya prostat xərçənginin qarşısını almır. Ona görə də son zamanlar mağazalarda, əczaxanalarda satışda omeqa-9 yağ turşularının görünməsi daha bir kütləvi saxtakarlıqdan başqa bir şey deyil: bizi bu yağları almağa vadar edirlər, halbuki bunlarsız da mükəmməl keçinə bilərik. Belə ki, bunlar demək olar ki, bütün qida məhsullarında mövcuddur. Cahillik bizi müdafiəsiz hala salır.

Hökumətlərin, səhiyyə orqanlarının və qida istehsalçılarının dəfələrlə verdiyi bəyanatlara baxmayaraq, sağlam insanların qida əlavələrinə ehtiyacı yoxdur. Müxtəlif təzə qidalar istehlak etmək və gündə bir neçə dəqiqə günəşə çıxmaq kifayətdir. İnsanların 99%-i lazım olan bütün faydalı vitamin və mineralları bu yolla əldə edəcək.

Əgər bunu oxuduqdan sonra vitamin və əlavələrdən istifadə etməyə davam edirsinizsə, mütləq nə və hansı dozada qəbul etdiyinizi öyrənin, çünki bu kimyəvi maddələrin həddindən artıq dozası sağlamlığınıza ziyan vura bilər. Yadda saxlayın ki, yaxşı aparılan və düzgün randomizə olunmuş klinik sınaqların nəticələrinə görə vitaminlərin və digər əlavələrin sağlamlığa faydalı təsiri təsdiq edilməmişdir, lakin bu dərmanların zərərli ola biləcəyi getdikcə daha çox aşkar edilir. Əgər onları "vitaminlər və qida əlavələri" adlandırmasaydılar, sadəcə olaraq qadağan ediləcəkdilər. Qida istehsalçıları intensiv emal məhsullarına getdikcə daha çox vitaminlər əlavə edirlər, çünki ucuz inqrediyentlərdən məhsul istehsal etmək imkanı və üstəlik onun sağlamlığa faydalarını iddia etmək maliyyə baxımından onlar üçün çox sərfəlidir.

Biz dəbdə olan vasitələr alır, problemlərimizin sadə yolla həllinə çalışırıq, sağlamlığımızı qorumaq üçün sehrli bir həb tapmağa çalışırıq; özümüzü vitamin və mineralların gündəlik qəbulunun ideal çıxış yolu olduğuna inandırmağa çalışırıq. Özümüz üçün faydalı bir şey etdiyiniz düşüncəsi rahatladır. Ancaq heç bir halda bir ovuc həb pis qidalanmanın yerini doldura bilməz.

Vitaminlərin və digər əlavələrin faydalarına dair heç bir elmi sübut yoxdur!..


Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D


No comments:

Post a Comment

Ən populyar məqalələr