April 26, 2023

10 saniyəyə insan ömrünü proqnozlaşdırmaq olarmı?

Alimlər heç bir təhlil olmadan insanın nə qədər yaşayacağını təxmin etməyin yolunu tapıblar. Bu testin effektivliyi elmi cəhətdən sübut edilmişdir

Məlum olub ki, qısa müddət ərzində bir ayaq üstündə tarazlığı saxlamaq qabiliyyəti əsasında yaşlı insanların nə qədər yaşayacaqlarını proqnozlaşdırmaq olar. 

Bu yaxınlarda British Journal of Sports Medicine jurnalında  dərc olunmuş Braziliya alimlərinin araşdırmasına görə, 10 saniyəlik müvazinət testindən keçə bilməyənlərin növbəti 10 ildə dünyasını dəyişmə ehtimalı iki dəfə çoxdur!

Aerob dayanıqlıq (fiziki gərginliyə dözümlülük), çeviklik və əzələ gücündən fərqli olaraq, müvazinət (tarazlıq) hissi adətən həyatın altıncı onilliyinə qədər normada qala bilər, sonralar isə kəskin şəkildə azalır. Tədqiqatın aparıcı müəllifi, Rio de Janeyrodakı Klinimeks idman terapiyası klinikasının həkimi və tədqiqat və təlim direktoru Dr. Claudio Gil Soares de Araujonun (Dr Claudio Gil Araujo, Clinimex Medicina do Exercicio, Rio de Janeiro) sözlərinə görə, “yaşlı insanlarda ciddi sınıqlar və bununla bağlı ağırlaşmalar riski çox yüksəkdir. Bu, həmçinin, insanın nə qədər yaşaya biləcəyini müəyyənləşdirməyə imkan verir". 

Bir ayağı üstündə durarkən bir neçə saniyə kifayətdir ki, insanın yıxılıb-yıxılmayacağı anlaşılsın. Ona görə də Dr. Claudio müvazinətıni saxlama qabiliyyətinin hamımız üçün çox vacib olduğunu vurğulayır: “Biz mütəmadi olaraq çəkimizi bir ayağımıza yönəldirik: avtomobildən düşərkən, pilləkənlərlə qalxıb-enərkən və s.”

Tarazlığı saxlamaqla insanın daha nə qədər yaşayacağını necə müəyyənləşdirmək olar?

İnsanın növbəti on il ərzində hər hansı səbəbdən ölüm riskinin müvazinət testi əsasında proqnozlaşdırılmasının tətqiqi üçün Dr. Araujo və komandası 51-75 yaş arası (ortalama yaş - 61) 1702 iştirakçını müayinəyə cəlb etdi və onların çəkisi, bel ölçüləri və orqanizmin piylənmə göstəriciləri haqqında məlumat topladı. Qrupa yalnız tədqiqat başlamazdan əvvəl sabit və inamla hərəkət edə bilən könüllülər daxil edilmişdi.

İlk seansda iştirakçılardan 10 saniyə heç yerdən tutmadan tək ayaq üstə durmaları istənilib. Sonra onlara bir ayağının pəncəsini digərinin əsasına, dayaq ayağına söykəməsi, qollarını bədən boyunca aşağı sallaması və düz irəli baxması təklif olunub. Ümumilikdə hər bir kəsə üç cəhd imkanı verilib.

Hər beşinci iştirakçı testdən keçə bilməyib!!!

Tədqiqatçıların qənaətinə görə bir ayağı üstündə müvazinətin itirilməsi yaşla birbaşa korrelyasiya edir, yəni yaş artdıqca müvazinəti saxlamaq qabiliyyəti azalır. Testi keçə bilməyənlər, digərləri ilə müqayisədə sağlamlıq cəhətdən zəif idilər. Bu qrupdan olanların çoxunda piylənmə, ürək-damar xəstəlikləri və qanda yüksəlmiş xolesterin göstəricisi aşkar edilmişdi. Testi keçə bilməyənlər arasında ikinci tip şəkərli diabet halları 3 dəfə çox idi.

Yaş, cins, BKİ (bədən kütləsi indeksi), ürəyin işi, hipertoniyanındiabetin olub-olmaması, xolesterinin səviyyəsi kimi faktor və göstəriciləri analiz etdikdən sonra tədqiqatçılar belə qənaətə gəldilər ki, bir ayağı üstündə müvazinətini itirənlər arasında 10 il ərzində ölüm göstəricisi, testi uğurla keçənlərdən 1,84 dəfə çoxdur.

Dr. Araujonun dediyinə görə, yaxşı xəbər ondan ibarətdir ki, hər bir kəs öz müvazinət saxlamaq qabiliyyətini xüsusi treninqlər vasitəsilə yaxşılaşdıra bilər və buna başlamaq üçün heç zaman gec deyil. Hətta gündəlik 1-2 dəqiqəlik evdə, ya da idman zalında məşqlər vəziyyəti kardinal olaraq yaxşı istiqamətə dəyişə bilər. 

Kioto universitetinin alimləri də bu üsulla insultun əmələgəlməsi və, ümumiyyətlə, ömrün qısalması riskini müəyyən etməyə çalışıblar.

Medium dərcinin yazdığına görə, tədqiqatda 1300 orta və yaşlı insan iştirak etmişdir. Belə məlum olmuşdur ki, bir ayağı üstündə 20 saniyə müvazinətini saxlaya bilməyənlərdə bu, beyin qan damarlarında baş verən erkən dəyişikliklərlə əlaqədardır və gələcəkdə insult riskinə işarədir.

Belə ki, tədqiqatçılar müəyyən etdilər ki, göstərilən zaman çərçivəsində müvazinətini saxlaya bilməyənlərin baş beynində kapilyar damar pozğunluqları, xırda qanaxmalar və yaxud da hər iki patologiya var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən yıxılmalar tezliyinə görə bədbəxt hadisələrdən ölüm halları sırasında ikinci yerdədir.

Böyük Britaniyada 65 yaşdan yuxarı adamların üçdə birində və 80 yaşdan yuxarı olanların yarısında, heç olmasa ildə bir dəfə yıxılma qeyd edilir.

“İngiltərə ictimai tibb” xidmətinin (PHE) son hesabatlarından birində deyilir ki, yaşlı adamlarda pandemiya ilə əlaqədar ictimai məhdudiyyətlər səbəbi ilə aktivliyin azalması bu il yıxılmaların sayının 110 minədək artacağına gətirib çıxara bilər. 

Alimlərin fikrinə görə bir ayağı üstündə durmaq qabiliyyətini inkişaf etdirmək olar və bu gələcəkdə yıxılma riskini azalda bilər. Bunun üçün gündəlik sadə məşqlər kifayətdir, yaxşı olar gözlər qapalı olsun. Bu zaman bədən əlavə resursları akkumulyasiya edir və az tənbəlləşir. Eləcə də gündə 3 dəfə bir dəqiqəlik bir ayağı üstündə durmaq tövsiyə olunur, məsələn, dişlərinizi təmizləyərkən.


Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D




No comments:

Post a Comment

Ən populyar məqalələr